AKP rəsmisi: “Bu Qərblə Rusiyanın ortaq hərəkətinə zəmin yaradır”

AKP rəsmisi: “Bu Qərblə Rusiyanın ortaq hərəkətinə zəmin yaradır”
16:33 25 Noyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyə Avropa İttifaqında olsa da, olmasa da daha güclü demokratiya, iqtisadiyyat və ölkə olmaq üçün fəaliyyətini davam etdirəcək”.

Bunu Publika.az-a Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Vətəndaş Cəmiyyəti və İctimaiyyətlə Əlaqələr Komitəsinin sədr müavini, sabiq millət vəkili Mustafa Kabakçı bildirib.

O deyib ki, Qərb qərəzli təzyiq siyasətini davam etdirəcəksə, Türkiyə fərqli yol seçəcək:

“Türkiyə bölgədə və dünyada sülhün, sabitliyin yaradılmasına çalışan dövlətdir. Bu istiqamətdə zaman-zaman müvafiq addımlar atılır. İstəyirik ki, regionda sabitlik və inkişaf olsun, bütün insanlar əmin-amanlıq şəraitində yaşasın. Türkiyə illərdir ki, Qərbə inteqrasiya yolunu tutub. Bu illər ərzində biz demokratiya və insan hüquqlarının qorunması təcrübəmizi daha da artırmaq üçün Qərblə əməkdaşlıq prosesində yer almışıq. Eyni zamanda, Türkiyənin ən çox iqtisadi əlaqələrinin olduğu məkan da Avropadır. Buna görə də Türkiyə daha da irəli gedərək, Avropa İttifaqına üzv olmaq istəyir. Bunun üçün də biz illərdir ki, iş aparırıq, irəli sürülən şərtlərini icra edirik və sairə. Ancaq çox təəssüf ki, Avropa İttifaqı yalnız xristian klubu olmaq prinsipi ilə hərəkət edərək, Türkiyənin bu təşkilata üzv olmasına qarşı çıxır. Son zamanlar Avropa İttifaqı Türkiyənin bu təşkilata üzv olmasını əngəlləmək üçün yeni bəhanələr irəli sürüb. Bütün bu şərtləri irəli sürərkən, Türkiyənin daxilində törədilən terror aktlarını və digər bu prosesləri nəzərə almır. Ən son irəli sürdüyü şərtlərdən biri də odur ki, Türkiyə PKK-ya dəstək verən HDP-çi deputatları azad etsin və sairə. Amma Türkiyə öz ideyalarından və müstəqil siyasətindən əsla vaz keçməz”.

Sabiq deputat qeyd edib ki, Avropa Birliyi olmadan da Türkiyə inkişafa nail olunması istiqamətində müstəqil siyasətini davam etdirəcək:

“Bununla bağlı zaman-zaman NATO ölkələrinin maraqları toqquşa bilər. Amma qonşu və müttəfiq olan ölkələr Türkiyə ilə hərbi əməkdaşlığı davam etdirmək məcburiyyətindədir. Türkiyə bölgənin güclü dövlətlərindən biri olan Rusiya ilə siyasi, iqtisadi və mədəni münasibətləri gücləndirmək istəyir. Buna görə Qərbin Türkiyəyə təzyiq etməsi nəyisə dəyişə bilməz. Bu gün Türkiyənin Rusiya ilə iqtisadi əlaqələr qurmasının digər dövlətlərə maneçiliyi yoxdur. Əksinə, bu münasibətlər Qərblə Rusiyanın ortaq hərəkət etməsi üçün zəmin yaradır. Türkiyə və Rusiya bölgədə sülhün güclənməsinə böyük töhfələr verə bilər. Bütün bunlar isə Qərbi narahat etməli deyil, əksinə sevindirməlidir”.

Xatırladaq ki, Avropa Parlamenti ötən gün Avropa İttifaqı ilə Türkiyə arasında 2005-ci il oktyabrın 3-də başlayan üzvlük müzakirələrinin müvəqqəti dondurulmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Doqquz maddədən ibarət olan qətnamə layihəsi tövsiyə xarakteri daşımaqla bərabər, siyasi baxımdan əhəmiyyətli bir sənəddir.

Dekabrın 15-16-da Avropa İttifaqı liderlərinin Brüsseldə keçiriləcək sammitində qəbul ediləcək qərar Türkiyə və Avropa İttifaqı arasındakı əlaqələrin gələcəyi baxımından həlledici əhəmiyyətə sahib olacaq.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR