"Türk və müsəlman dünyası erməni təcavüzkarlarına qarşı birgə mübarizə aparmalıdır"

"Türk və müsəlman dünyası erməni təcavüzkarlarına qarşı birgə mübarizə aparmalıdır"
17:22 25 Noyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüşdə E.Özoralı təyinatı münasibətilə təbrik edən Ə.Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla Türkiyə arasındakı ikitərəfli münasibətlərin inkişafında mühüm önəm daşıyacağına əminliyini bildirib və bu əlaqələrin çox uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlığın çox fəal mərhələdə olduğunu ifadə edib.

Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edən Baş nazirin müavini bu birliyin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Ə.Həsənov bildirib ki, iki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var: "Ümummilli lider Heydər Əliyev Türkiyə ilə Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi və bu əlaqələrin günbəgün möhkəmlənməsi üçün tədbirlər görürdü. Xüsusilə torpaqlarımız işğal olunan zaman Naxçıvanda yaşayan sakinlərimizin təhlükəsizliyinin, sosial təminatının təmin olunmasında qardaş Türkiyənin dəstəyi çox böyük olub və sonralar ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün edilmiş humanitar yardımları da heç zaman yaddan çıxartmaq olmaz".

Baş nazirin müavini deyib ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin ağır nəticələrinin aradan qaldırılmasında hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqq işini beynəlxalq aləmdə dəstəkləyib: "Bütün türk və müsəlman dünyası erməni təcavüzkarlarına qarşı birgə mübarizə aparmalıdır. Təəssüf ki, bu gün dünyada ədalətsizlik hökm sürür. Belə bir vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə və əməkdaşlığına ciddi ehtiyac var. Regionda İran və Türkiyə kimi böyük müsəlman dövlətləri var, Azərbaycan da son 20 ildə beynəlxalq aləmdə layiqli yerini tutub. Hesab edirəm ki, İran, Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclənsə, bu, həm region, həm də ölkələrimiz üçün faydalı olar. Bu həmrəylik nə qədər güclü olsa, bizə yanaşma da dəyişəcək. Bəzi dünya dövlətləri əlaqələrimizə qısqanclıqla yanaşırlar, daim çalışırlar ki, bu müsəlman ölkələri arasındakı həmrəyliyə xələl gətirsinlər. Ancaq bilirik ki, bu xalqlar və dövlətlər arasında nifaq salmaq mümkün deyil. Bu ölkələr və xalqlar buna yol verməməlidirlər."

Ölkələrimiz arasındakı münasibətlərə dair səslənən fikirlərlə həmrəy olduğunu bildirən Türkiyə səfiri Azərbaycan torpaqlarının işğal altında qalmasının Türkiyə üçün də xoş olmadığını, münaqişənin tezliklə sülh yolu ilə ədalətli həllinin vacibliyini ifadə edib və diqqətə çatdırıb ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və problemlərimizi birgə həll etməliyik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/493118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR