Ekspert: "ABŞ-ın Cənubi Qafqaz siyasətində müsbət dəyişikliklərə ümid qalır"

Ekspert: "ABŞ-ın Cənubi Qafqaz siyasətində müsbət dəyişikliklərə ümid qalır"
17:47 25 Noyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Donald Trampın Azərbaycanla ünsiyyəti yaxından dəstəkləməyə hazır olduğu barədə işarələrə baxmayaraq, əslində, Vaşinqtonun Qafqaz siyasətində çətin ki, dəyişiklik baş versin.

Milli.Az xəbər verir ki, bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.

O deyib: "Prezidentliyə namizəd Tramp və prezident Tramp arasında çox böyük fərq var. Fikrimcə, D.Trampın andiçməsindən sonra ABŞ Cənubi Qafqazla münasibətdə elə əvvəlki siyasətini davam etdirəcək. Əlbəttə, D.Trampın Azərbaycanla biznes əlaqələrinin olması müsbət haldır, amma bu, o demək deyil ki, bir nəfərin təsiri ilə, o, prezident olsa belə, Amerika anidən öz mövqeyini dəyişəcək."

Buna baxmayaraq ekspert hesab edir ki, ABŞ-ın Cənubi Qafqaz siyasətində müsbət dəyişikliklərə ümid qalır: "Diqqət edin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT Minsk qrupunun amerikalı həmsədri dəyişir. Ceyms Uorlik gedəcəyini elan edib. Fransalı həmsədr də dəyişib. Bu, çox vacibdir. Çünki hər şey yeni diplomatın bölgəni yaxşı tanımasından və hadisələrdən xəbərdar olmasından asılıdır. Əlbəttə, D.Trampa ümidlər var, biz milyarderin hakimiyyətə gəlişindən müsbət nəticələr gözləyirik. Amma unutmayaq ki, çox şey yeni dövlət katibinin kimliyindən və onun komandasının yeridəcəyi xarici siyasətdən asılı olacaq".

Ekspert xatırladıb ki, D.Trampın seçki kampaniyası zamanı xarici siyasətinin əsasında təhlükəsizliyin təmin olunması və beynəlxalq terrorçuluğa qarşı mübarizə dayanırdı: "Cənubi Qafqaz regionunda əsas təhlükələrdən biri, əlbəttə ki, Dağlıq Qarabağ probleminin həll olunmamasıdır. Əgər münaqişə həll olunsa, həm ABŞ, həm də digər dövlətlər heç bir risk olmadan Qafqazdakı geosiyasi və makroiqtisadi layihələrdə iştirak edə bilərlər. Ona görə, Rusiya kimi ABŞ da bu münaqişənin həllində maraqlıdır. Və fikrimcə, D.Tramp bundan istifadə edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/493136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR