Şəhərdə yadlaşma və birləşmə

Şəhərdə yadlaşma və birləşmə
20:37 25 Noyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Yəqin ki, çoxunuz fikir vermisiniz, çox zaman şəhərlərin obrazı həm də insanlarla dolu küçələrdir. Bəzən sel kimi axan insan kütləsi.

Küçələr şəhərlərin arteriyasıdır, damarlarıdır. Şəhərin həyat enerjisi küçələrdən axır, meydanlara, parklara, metrolara, avtobuslara dolur, oradan evlərə, iş yerlərinə gəlir, biraz sakitləşir, məkanla bütünləşir, işləyir, yatır, durur və yenidən küçələrə axır.

Şəhərdə daim həyat enerjisi var, sevgi var, ayrılıq var, gözlənti var, həyəcan var, əndişə var, stress var, hər şey var.

Şəhərin çox nəhəng enerjisi var, bəzən qurucu, bəzən dağıdıcı. Şəhər insanı həm yüksəldə bilir, həm də dibə ata bilir.

Keçən əsrin ortalarında fransız sosioloqlar gündəlik həyatı araşdırmağa başladılar. Böyük politoloji, sosioloji izahlardan kiçik, lokal mənalara - kim harada yaşayır, dükana hara gedir, kimlərlə görüşür, harada yemək yeyir, uşaqları hara aparır kimi suallara diqqət etməyə başladılar.

Milli.Az BBC-yə istinadən bildirir ki, bunların arasında Henri Lefebvre-in şəhərin sosial məkanı ilə bağlı fəlsəfi əsərləri çox maraqlıdı. Lefebvre-ə görə şəhər bir sosial məkandır və bu məkan hər gün sanki yenidən qurulur, yenilənir, yeni təcrübələrlə dolur.

Hər gələn yeni nəsil şəhəri yenidən yaşayır, yerləri, məkanları kəşf edir, sevir və ya nifrət edir. Yəni şəhər bir yaşayış təcrübəsidir, bir yenidən yaşamaq həvəsidir.

Yadlaşma və ya "yadların yeri"

Şəhər həm də yadlaşma yeridir, və ya "yadların görüşdüyü yerdir". Həm tarixən, həm də müasir dönəmdə şəhəri səciyyələndirən əsas məqamlardan biri burada bir-birini tanımayan insanların bir arada, bir yerdə yaşamağıdır.

Küçələrdə bir-birini tanımayan yüzlərlə, minlərlə insan yan-yana gəzir, üz-üzə, qarşı-qarşıya gəlir, bir-birinə yol verir (və ya vermir), nəqliyyatda yan-yana oturur, avtomobillə bir birinin yanından ötür, yoluna çıxır və s.

İnsanlar şəhərdə bir-birini tanımadıqları üçün hər bir insan digəri üçün bir riskdir, bir təhlükədir. Təəccüblü deyil ki, insanlar bir-birilərini şəhərdə görəndə salam vermir, gülümsəmir, xoş söz demirlər. Çünki tanımırlar bir-birini.

Əslində bu hal insanlar üçün təbii olmadığı qədər də artıq təbiidir. Tarixən insan övladı daha kiçik məkanlarda yaşamışdır.

Kəndlər, kiçik qəsəbələr, evlər, icmalar, ailələr. Orada tanınma var, anonimlik yoxdur. Ona görə münasibətlər də daha isti idi.

Dövlətlər və böyük şəhərlər insanlar arasındakı bu təbii əlaqəni dəyişir. Böyük şəhərdə yadlar yaşayır, burada hamı rəqibdir, əgər düşmən deyilsə.

Böyük şəhərdə nüfuz, ərazi, resurslar, zaman, diqqət üzərində münaqişə başlayır. "Şəhərə kimin haqqı var, kimin isə haqqı çatmır" sualı verilir.

Hər gün görüşən amma bir-birini tanımayan böyük kütlə insanları bir-birinə biganə qılır, insanlar bir-birinə qarşı laqeydləşir.

Söylədiyim kimi, bu artıq təbiiləşib, ona görə biz artıq bunu sorğulamırıq, sanki bu belə də olmalıdır.

Amma kiçik icmalarda, məhəllələrdə, həyətlərdə qonşuluq, kənd abu-havası hələ də davam edir. Dostluqlar, gedib gəlmələr olur.

Eyni zamanda hər an yeni, ailədən, icmadan kənarda tanışlıq məkanları var - məktəblər, universitetlər, iş yerləri, və digər ictimai məkanlar. Onlar küçədən fərqlidir, çünki orada insanları birləşdirən maraqlar var.

Böyük şəhərin, böyük küçəsindəki yadlaşma və ondan irəli gələn biganəlik Qərb sosioloqlarının hər zaman diqqətini çəkmişdir.

Onlar iddia edir ki, böyük ictimai məkanların şəxssizləşməsi (impersonalization) insanın ruhuna və düşüncəsinə təsir edir. İnsan digər bir insanı görəndə bəzən reaksiya vermir, heç düşünmür bu haqqda.

Bu qeyri-sosiallaşma, bir sosial təcridolunma yaradır. İnsan dənizində hər kəs özünü yalnız hiss edir, müasir dünyada.

Media yadlaşmaya qarşı?

Mənə elə gəlir ki, kommunikasiyanın (telefon, radio, televizor), sosial medianın, internetin yaranması bu nəhəng kütlənin yaratdığı yadlaşmanı aradan qaldırmaq üçün ortaya çıxan vasitələrdir.

Bəlkə də şüuraltında formalaşan insanların uzaq ilə permanent əlaqə qurmaq hissi və ehtiyacından irəli gəlir.

Biz bu şəkildə yaxınlaşmaq istədik. Ancaq baş verən bizim gözlədiyimiz kimi olmadı, əslində təəccüblü olan odur ki, bəlkə də tam tərsi oldu.

Müasir kommunikasiya insanları formaca yaxınlaşdırdığı qədər də mahiyyətcə uzaqlaşdırdı. Əvvəllər kiçik yaxın bir çevrə ilə fiziki əlaqə, uzaq çevrə ilə isə virtual əlaqə var idi.

İndi bütün çevrələrlə əlaqələr virtuallaşır. Hətta ailə, dost-tanış, qohumlarla belə ünsiyyət daha çox qeyri-fiziki məcradadır.

İnsanlar sanki fikziki təmasa və fiziki məkana ehtiyac duymur, tamamən fərqli bir ölçüdə yaşayırlar. Psixiatr Gəray Gəraybəyli deyir ki, indi psixi xəstəliklər daha çoxdur, çünki əvvəllər insanlar bir-biri üçün "müalicə" idi sanki.

Ailələr, dostlar, yaxınlar insanı sosial baxımdan müalicə edirdi, dərdləşmək imkanları çox idi.

Burada çox vacib məqamlardan biri də istehlak cəmiyyətinin formalaşmasıdır. İstehlak malları insanları əvəz etməyə başladı.

Daha çox avtomobil, daha çox kafe, daha çox əyləncə yeri insanları fərdləşdirdi. Bu bir tərəfdən sanki insanı azad etdi, digər tərəfdən isə istehlak mallarına kölə etdi.

Yaxşı, bəs şəhər yadlaşması qaçılmazdırmı? Çətin sualdır. İnkişaf etmiş Qərb ölkələri belə bundan əziyyət çəkir.

İctimai məkanda yadlaşmanın azaldılmasını təşviq edən videoları görmüsünüz yəqin. İnsanları laqeyd, biganə olmamağa dəvət edən, gülümsəməyi təşviq edən materiallar.

İctimai məkanda gülümsəmək, salam vermək, mehriban olmaq - bu, Qərb cəmiyyətlərinin təşviq etdiyi davranışlardır.

Təbii ki, burada mədəni fərqlər də var, bəzi millətlər daha soyuqqanlı olur, bəziləri daha mehriban. Amma yadlaşma hər yerdə yaşanır.

Fikrimcə, biz kapitalizmin, istehlak cəmiyyətin yüksəlişini yaşayandan sonra bizim də buna ehtiyacımız artacaq. Yenidən birləşmə haqqında düşünməyə başlayacaq insanlar.

Bu hansı formada olacaq - bunu demək çətindir. Yerlərdə həqiqi sivil cəmiyyətin formalaşması bəlkə də bir yol ola bilər, amma bunu zaman göstərəcək. Hələlik isə yadlaşmağa davam edirik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR