Aciz "Qarabağ", “qırmızı”ya çalışan Migel, “Slovan” üçün oynayan Arif

Aciz "Qarabağ", “qırmızı”ya çalışan Migel, “Slovan” üçün oynayan Arif
20:37 25 Noyabr 2016
143 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın Avropa Liqasında "Slovan"la səfər oyunundan hamımız minimum heç-heçə, hətta növbəti mərhələyə vəsiqəni təmin etməyi gözləyirdik. Ancaq Ağdam klubu, bəlkə də, son illərin ən zəif oyununu sərgilədi.

Halbuki Liberetsə səfər zamanı düşərgədə ab-hava əla idi, hamı deyib-gülürdü. Bəs bunun fonunda belə zəif oyuna nə səbəb oldu?

Trpişovski həyəcan siqnalı vermişdi

Çexiyada işləri yolunda getməyən "Slovan" oyuna final gözü ilə baxırdı. Rəqibin baş məşqçisi Yindrix Trpişovski görüşdən əvvəl elə açıqlamalar verdi ki, sanki onların "Qarabağ"dan alınacaq revanşları var idi. Hətta növbəti mərhələ şanslarının möcüzəyə qaldığını, bununla belə, "Qarabağ"ı qrupda saxlamaq üçün əllərindən gələni edəcəklərini də dedi. Trpişovski, bəlkə də, PAOK-a kömək etmək niyyəti güdürdü. Amma V turun nəticələrindən sonra elə vəziyyət yarandı ki, indi özləri PAOK-a qalib gəlmək məcburiyyətində qaldılar. Trpişovskinin bu açıqlamasına qədər hamımız çox arxayın idik. Amma mətbuat konfransından sonra "Qarabağ"ı necə ağır "döyüşün" gözlədiyini başa düşdük. Görünür, futbolçular bunu tam başa düşmədilər.

"Vur qabağa" taktikasının sonu

"Qarabağ"ın yerində başqa bir Azərbaycan klubu olsaydı, bu hesaba və bu oyuna normal yanaşardım. Hesabı qoyaq bir kənara. Axı 90 dəqiqə ərzində meydanda olan komanda Qurban Qurbanovun çalışdırdığı "Qarabağ" deyildi. Nədənsə, ilk dəqiqələrdən futbolçuların ayaqları əsirdi. "U Nisi" stadionuna cəmi 6000-7000 adam toplaşmışdı ki, onlar da Bakıdakı çempionat matçları zamanı tribunalarda olan azsaylı azarkeşlərdən fərqlənmirdilər. Elə isə futbolçuları gərginliyə salan nə idi?

Komanda düz 20 dəqiqə start həyəcanını boğa bilmədi. Erkən qol buraxdı, yenə də ayılmadı. Topla oynamağı sevən, müdafiədə belə bu riski göz önünə alan komada bu dəfə "vur qabağa" taktikası ilə oynadı. Futbolçular müdafiədə top saxlamaqdan qorxur, onu dərhal ordan uzaqlaşdırmaq barədə düşünürdülər. Belədə Dino Ndlovu hücumda təkbaşına nəsə edə bilməzdi. Nəticədə də nəfəs alınmamış çexlər yenidən üstümüzə gəlirdilər. İnanmıram ki, Qurban Qurbanov futbolçulara belə oynamağı tapşırsın. Amma görünən o idi ki, oyunçular matça psixoloji cəhətdən hazır deyildilər. Bunun da səbəbini yəqin ki, baş məşqçi özü daha yaxşı bilər.

Rəşadsız "Qarabağ"ın acizliyi...

Rəşad Sadıqovun Azərbaycan millisi və "Qarabağ" üçün nə dərəcədə önəmli futbolçu olduğunu hər kəs bilir. Düzdü, Maksim Medvedev üçün də müdafiənin mərkəzi yad mövqe deyil. Elədisə, Rəşadın yoxluğu niyə hər dəfə qabarıq şəkildə üzə çıxır? Çünki Rəşad meydanda olanda arxadan oyun qurur, topla birlikdə müdafiəçiləri də meydanın mərkəzinə qədər çıxarır. Belədə, Riçard Almeyda orta sahədə rahat davranır, Migel Madera isə cərimə meydanına daha yaxın oynayır və çox vaxt qol da vurur. Rəşad bütün oyunçuları meydanın rəqibə aid hissəsində toplayır ki, bu da qarşıdakı komandanı geri çəkilməyə vadar edir. Amma dünən Rəşadsız vəziyyət tam fərqli idi. Almeyda və Migel arxadan oyun qurmaq məcburiyyətində qalmışdılar ki, nəticədə irəlidəki futbolçularla arada xeyli məsafə yaranmışdı. Bu isə orta sahədə böyük boşluğa gətirib çıxarmışdı. Nə Dani Kintana, nə Murem Muarem, nə də Ndlovu mərkəzdən istədikləri dəstəyi ala bilmədilər. Hər şey artıq onların individual bacarığına qalmışdı. Amma Ndlovu istisna olmaqla, digərləri nə etdiklərini heç özləri də bilmirdilər.

Təslim olmayan yeganə futbolçu

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, belə məğlubiyyətdən sonra futbolçuları tək-tək dəyərləndirmək olduqca çətindi. Amma yaxşı mənada yalnız Ndlovunun fərqləndiyini deməliyik. 90 dəqiqə ərzində təslim olmayan yeganə şəxs məhz afrikalı hücumçu idi. Hücumda özünü ora-bura vurur, topa sahib olduğu zaman onu gizlədərək, komanda yoldaşlarının irəli çıxmasına şərait yaradırdı. Hava toplarında və ikili mübarizələrin çoxunda rəqib müdafiəçilərini üstələyirdi. Di gəl ki, yanındakı və arxasındakılar onu tək qoymuşdular.

Migel "qırmızı" üçün çalışdı

Dünən yarımmüdafiə xətti ən zəif oyunla seçildi. Düzdü, Almeyda çox qaçırdı, əksər vaxtlarda da topla uzun reyd etmək məcburiyyətində qalırdı ki, nəticədə hücuma yaxınlaşana qədər onu itirirdi. Yuxarıda sadaladığım amilin də bunda böyük rolu var idi. Amma digər tərəfdən Migel, Kintana və Muarem o qədər bərbad vəziyyətdə idilər ki, istəsələr belə, oynaya bilməyəcəkdilər. Çünki heç biri psixoloji cəhətdən oyuna hazır deyildi. Xüsusən də, Migel hər dəfə topa yaxın olanda bizi həyəcan bürüyürdü. Çünki ispaniyalı topdan çox rəqiblərin ayağı ilə oynamaqla məşğul idi. Hətta sarı vərəqə aldıqdan sonra da "qırmızı" üçün əlindən gələni etdi. 1-2 epizodda hakim ona güzəştə getdi. Qurban Qurbanov "qırmızı"nın yolda olduğunu hiss etdiyi üçün ilk dəyişikliyini onu əvəzləməklə etməli oldu.

Daşdəmirov "rəqibdən oynayırdı"

Kapitanın yoxluğunda dünən müdafiə xətti "can verirdi". Əsasən də, sağ cinahda yer alan Arif Daşdəmirov "rəqibdən oynayırdı". Yığmanın seçmə mərhələ matçlarında da Daşdəmirov təxminən belə çıxış edirdi. Bu "boma" nə vaxtsa "partlamalı" və dünənə təsadüf etdi. "Slovan"ın futbolçuları ilk dəqiqələrdən Daşdəmirovun cinahının boş dəhliz olduğunu görüb, bütün hücumlarını ordan qururdular. Daninin də köməyə gəlməməsi çexlərin həmin cinahda əl-qolunu açmışdı. Daşdəmirovun "Qarabağ"lıq futbolçu olmadığını başa düşmək üçün 3-cü qola baxmaq kifayətdi. Bunun da günahı bir növ baş məşqçidə və rəhbərlikdədi. Daşdəmirov, Elvin Yunuszadə kimi oyunçularla Azərbaycan çempionatını yola vermək olar. Amma Avropa Liqasında qrupdan çıxmağı qarşısına hədəf qoyan komandada 2 yox, ən azı 4 normal səviyyəli mərkəz müdafiəçisi olmalıdı. İstər rəhbərlik, istərsə də məşqçilər korpusu bu hədəfi qarşılarına qoyanda gərək heyəti də buna görə quraydı.

Həmçinin, Ansi Aqolli də dünən kollektivdən seçilmirdi, günündə deyildi. Buraxılan 2-ci qoldan öncə rəqibin bir futbolçusu bircə hərəkətlə Aqolli də içlərində olmaqla, "Qarabağ"ın 3 üzvünü necə keçdisə, heç ruhları da hiss etmədi.

Hər şey "Qarabağ"ın yox, "Fiorentina"nın əlindədi

Çexiya səfəri zamanı liderlikdən dəm vururduqsa, indi növbəti mərhələ şansının çox az olduğunu başa düşürük. Düzdü, "Qarabağ" son matçını evdə keçirəcək və qalib gələcəyi təqdirdə hətta qrup lideri kimi mərhələ adlayacaq. Amma Qurban Qurbanovun kollektivinin məğlub etməli olduğu rəqib İtaliya nəhəngi "Fiorentina" olacaq. İki il əvvəlki kimi, yenə hər şey italyanlarla Bakıdakı görüşə qaldı. Ancaq fərq ondadı ki, "Fiorentina" da PAOK-a yenilməklə vəziyyətini qəlizləşdirdi. Məğlubiyyət Florensiya klubunu böyük ehtimalla qrupda saxlayacaq. İki il əvvəl ağdamlılar Bakıya turist kimi gələn "İnter"in ikinci heyətinə qarşı çıxış edirdilərsə, bu dəfə bizi mütləq qalibiyyət üçün gələcək bir "Fiorentina" gözləyir. Yəni əslində hər şey "Qarabağ"ın yox, "Fiorentina"nın əlindədi. Son illər futbolda sürpriz nəticələr çox olur. İki il əvvəl hakim səhvinin qurbanı olan "Qarabağ" bu dəfə, inşallah, bizi sürpriz nəticə ilə sevindirər və "Slovan"a verilən 4 xala görə daha bir il peşmanlıq çəkməz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR