"Vəziyyət gərginləşsə..."

"Vəziyyət gərginləşsə..."
07:17 26 Noyabr 2016
270 Ölkə
Ölkə mətbuatı
A- A+

İndi Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış problem odur ki, Azərbaycandan başqa heç bir tərəf yaranmış vəziyyətin dəyişməsini istəmir. Bu da Azərbaycanı seçim qarşısında qoyur - ya o, birtərəfli qaydada hərbi-siyasi istiqamətdə hərəkətə keçməlidir, ya da gözləməlidir ki, ABŞ və Rusiyada proseslər sabitləşsin və yenə də problemi onların vasitəsilə diplomatik yollarla həll etsin.

Bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

Politoloqun fikrincə, ümumiyyətlə, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı şərti olaraq durğunluq dövrü yaşanır: "Bunun bir neçə səbəbi var. Bunlardan biri budur ki, ATƏT-in Minsk qrupunun tərkibində dəyişiklik baş verir, fransalı həmsədr artıq dəyişib, amerikalı da dəyişir. Danışıqlar prosesinin əsas moderatoru Minsk qrupu olduğundan belə təşkilati məsələlərin həyata keçirilməsi danışıqlar prosesinin intensivliyinə mənfi təsir edir. Yeni həmsdərlərə isə problemlə tanış olmaq üçün müəyyən vaxt lazım olacaq. Bu da danışıqlar prosesinə müəyyən təsir göstərəcək.

Digər tərəfdən, ABŞ-da təzəcə prezident seçkiləri keçirilib və hakimiyyətə yeni administrasiya gələcək. Çox güman ki, Qarabağla əlaqədar prinsipial münasibəti artıq yeni adminstrasiya formalaşdıracaq. Bunun üçün isə inauqurasiyadan sonra ən azı yarım il vaxt keçəcək. Bütün bunlar prosesin tez bir zamanda nizamlanmasına bir əngəldir".

Ekspert hesab edir ki, münaqişə tərəfləri hazırda "pat" vəziyyətindədir: "Çünki heç biri güzəştə getmək istəmir. Azərbaycan üçün vəziyyət belədir ki, güzəşt üçün artıq yer qalmayıb, yəni nə lazımdırsa, hamısını edib. Güzəşt Ermənistan tərəfindən olmalıdır. Ermənistan isə bu barədə heç danışmaq belə istəmir. Hazırda İrəvanda siyasi elitanın başı, əsasən, daxili problemlərə qarışıb. Hakimiyyətdəki mühüm vəzifələrdə dəyişikliklər baş verib və ermənilərin "Qarabağ klanı"nın daxilində Serj Sarkisyana tabe olmayan digər qrup üstünlük qazanıb. Bundan əlavə, hazırda bu ölkədə parlament seçkilərinə hazırlıq gedir. Belə bir vəziyyətdə onlar danışıqlarda maraqlı deyillər. Ermənilər daha çox vəziyyətin ən azından olduğu kimi qalmasında maraqlıdırlar".

İ.Əlizadə qeyd edib ki, Rusiya da bu bölgədə vəziyyətin gərginləşməsində maraqlı deyil: "Çünki vəziyyət gərginləşsə, nəticəsi Ermənistanın xeyirinə olmayacaq. Belə olan halda Rusiya məcbur olacaq fəallıq göstərib müdaxilə etsin. Bu da Azərbaycan üçün xoşagəlməz nəticələrə səbəb ola bilər. Xüsusən də Rusiya və Ermənistanın birgə hərbi birlik yaratması və bu fonda Rusiyanın hərəkəti Azərbaycan üçün arzuolunmazdır. Ermənilər çalışacaqlar ki, bu hərbi birləşmə Azərbaycana qarşı çıxış etsin. Amma Rusiya faktiki bunu etmək istəmir..."

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/493131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR