Ötən ay Azərbaycan Həndbol Federasiyasındakı problemlərdən yazmışdıq. Həmçinin orda qeyd etmişdik ki, yuxarı dairələrdə də federasiya prezidenti Heydər Babayevin əvəzlənməsi barədə düşünülür. Həmin yazı federasiyada və sosial şəbəkədə ciddi müzakirələrə yol açmışdı.
Onu da qeyd edək ki, həndbolçuların maksimum 500 manat maaş almasını yazmağımız kişi millimizin üzvlərinin xoşuna gəlməmiş, onların heç bu qədər də maaş almadığını bildirməyə çalışmışdılar.
Sport7.Az bu dəfə kişi millimizin və "Təhsil" komandasının üzvü Kamran Məmmədova tribuna verib. Eyni zamanda SOCAR-da mühəndis işləyən Məmmədov ürəyindən keçənləri bizimlə bölüşdü:
"Azərbaycan həndbolunda qızlara daha çox pul ayrılır. Ancaq oğlanlarda maddi durum lap betərdir. Bizim məşqçilər federasiyada Yaşar Qurbanovun yanına girəndə onlara deyilmişdi ki, İslamiadaya görə guya bizə 4500 manat veriləcək. Ümumiyyətlə, 1 ay üçün komandaya 1500 manat ayrılır. O da adama 100-150 manat xırda-para edir. Mən indiyədək federasiyadan maksimum 130 manat pul almışam. Halbuki 16 yaşından yığma komandanın üzvüyəm. Mən bu pulu almasam, ac qalmayacağam. Çünki başqa işim də var. Ancaq pul ayırmamaqla oğlan həndbolçu nəslinin yetişməsinin qarşısını alırlar. Halbuki Azərbaycan həndbolu regionda ən güclülərdən olub. Türkiyə, Gürcüstan, İran həndbolu bizdən öyrənib. İndi isə demək olar ki, kişi həndbolundan əsər-əlamət qalmayıb. 1 gün əvvəlki məşqlərə cəmi 6 uşaq qatılmışdı.
Xaricə turnirlərə bizi göndərmirlər. Yalnız bu yaxınlarda bir dəfə Astraxana getmişik. Onda özümüzü əsl komanda kimi hiss etdik. Nə qədər Gürcüstana getmək olar e. İndi yenə bizi bu ay Gürcüstana göndərmək istəyirlər. Deyirlər ki, ora getməsəniz, İslam Oyunlarına həndbolun əvəzinə başqa idman növünü daxil edəcəklər. Yenə Astraxana getsək, hə. Gürcüstana ac qarına nə qədər gedəcəyik? Ukraynada yaxşı komandalar var. Ora getmək olardı. Şəxsən mən Gürcüstana getməyəcəyəm. Məndən başqa da komandanın əsas üzvləri getmək niyyətində deyillər.
Ötən ay bizə ümumiyyətlə maaş verilməyib. Ona görə də uşaqlar həvəsdən düşüb, məşqlərə qatılmırlar. Adamı həvəsdən salırlar. Heç olmasa, adama 200-300 manat pul versələr, uşaqlar da həvəsdən düşməz. Vallah, ürəyim o qədər doludur ki, səhərəcən problemlərdən danışa bilərəm.
İslamiadaya - may ayına heç nə qalmayıb. İndi bizə 20-30 oyun keçirmək lazımdır. Bizə səfərlərə gedib özümüzü sınamaq, oyun təcrübəsi toplamağımız lazım olduğu halda, heç hara gedə bilmirik. Maaş verilməyəndən sonra bəzi uşaqlar artıq gedib başqa işə düzəlib. Komanda dağılıb.
Biz də istəyirik ki, Heydər Babayev postundan ayrılsın. O getsə, həndbola pul ayıran tapılar. Bildiyimə görə, heç kim ona görə federasiyaya yaxın durmaq istəmir. Bu insanı zorla nəyəsə məcbur etmək olmaz. Pul ayırmaq istəmir də. Biz də istəyirik ki, kollektiv şəkildə ölkə başçısına, Mehriban xanıma problemlərimizdən yazaq ki, araşdırılsın. Bəlkə dərdimizə əlac tapıldı. Məşqçilərimizə hər dəfə problemlərimizi deyirik. Onlar da deyir, səbir edin. Nə qədər səbir etmək olar axı? Siz düz yazmışdınız ki, həndbol boşuna Avropa Oyunlarına daxil edilmədi. Bildilər ki, bu maddi durumla milli orda zəif çıxış edəcək. Qorx ki, İslamiadada da vəziyyət daha pis olsun".
Sonda onu da qeyd edək ki, bu, bizim yox, yığmamızın üzvünün fikirləri idi. Federasiya rəsmilərinə çatdırmaq istəyirik ki, əgər sizin də sözünüz varsa, buyurun, fikirlərinizi dərc edək.
Fanat.Az