Nisanovun sirri - FOTO

Nisanovun sirri - FOTO
10:05 26 Noyabr 2016
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan xalqının inancına görə, yeni işə başlamaq, yeni həyatın təməlini qoymaq üçün ən uğurlu ay təbiətin yeniləndiyi, hər şeyin Günəşə can atdığı yazın ilk ayı-mart ayıdır. İudaizmdə də belədir, hətta mart müqəddəs aydır. "Bu ay sizin üçün bütün ayların başlanğıcıdır", - yəhudilərin müqəddəs dini kitabında deyilir. Ivrit dilində "nisan" adlandırılan bu ayda yəhudi xalqı qədim Misir fironlarının qulları olmaqdan xilas olublar. Yəhudi inanclarına görə, nisan həyat və çiçəklənmə, firavanlıq, rifah ayıdır...

1972-ci ildə Azərbaycanın Quba rayonundakı məşhur dağ yəhudiləri qəsəbəsi "Qırmızı qəsəbə"də, yerli konserv zavodunun direktoru Semyonun ailəsində anadan olmuş, adı bir-birinin ardınca həyata keçirdiyi uğurlu biznes layihələri ilə gündəmə gələn biznesmen-milyarder Qod Nisanovun soyadının sirri də bu ayda "gizlənib"... Və belə görünür ki, Nisanovun biznesdəki başgicəlləndirici uğurlarının sirrini də nisan ayının iudaizmdəki mənasında axtarmaq lazım gəlir.

Qeyd etmək lazımdır ki, cəmi bir neçə il əvvələ qədər Qod Nisanov ad-soyadı geniş ictimaiyyət üçün heç nə demirdi. Bu ad-soyadın sahibi gənc yaşda malik olduğu böyük sərvətə, işgüzar nüfuza və həyata keçirdiyi iri biznes layihələrinə baxmayaraq mətbuatla təmasdan uzaq qaçırdı (elə indi də belədir), Rusiyadakı bir çox zəngin azərbaycanlılardan fərqli olaraq elit "tusovka"larda gözə dəymirdi, dəbdəbəli həyat tərzi ilə gündəmə gəlməkdən uzaq idi.

Ancaq Nisanovun biznesdəki nailiyyətləri elə mərhələyə gəlib çatdı ki, onun adı, eləcə də özü istər-istəməz mətbuat səhifələrində görünməyə başladı. Axı necə də görünməsin, söhbət nüfuzlu "Forbes" jurnalının Moskvanın daşınmaz əmlak kralı elan etdiyi bir neçə biznesmendən birindən - çoxsaylı aktivlərə malik olan uğurlu developerdən gedir. 

Bəs hazırda cəmi 44 yaşı olan və Moskvanın az qala hər rayonunda izlərini qoyan Nisanovun böyük uğura gedən yolu necə başladı?

Beləliklə, Moskvada çoxsaylı ticarət mərkəzlərinə, otellərə, əyləncə mərkəzlərinə, o cümlədən "Food City" topdansatış ərzaq və meyvə-tərəvəz bazasına nəzarət edən "Kiyevskaya ploşad" Qapalı Səhmdar Cəmiyyətinin, "Safra İnstruments" Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olan nüfuzlu azərbaycanlı biznesmen Qod Nisanov 1972-ci ildə Qırmızı qəsəbədə, Quba Konserv Zavodunun direktoru Semyon Davıdoviç Nisanovun ailəsində anadan olub. 

Semyon Davıdoviçin ailə üzvlərinin əksəriyyəti bu zavodda işləyirdi, Qod isə təhsil dalınca Bakıya üz tutdu. Əvvəlcə ovaxtkı Maliyyə-Kredit Texnikumunda təhsil aldı, ardınca Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu. Qeyd etmək lazımdır ki, sovet dövründə zavod direktoru və digər bu kimi imkanlı ailələrin uşaqları üçün birbaşa hüquq fakültəsinə daxil olmaq çətin məsələ idi. Bu, dərhal müvafiq orqanlarda korrupsiya şübhəsi yarada bilərdi. Görünür, Nisanovun oğlu da hüquq fakültəsinə gedən yolunu texnikumdan salmalı olmuşdu.

Sovet dövründə hüquq fakültəsinə daxil olmaq gələcəyin prokuroru olmaq demək idi. Lakin Semyon Davıdoviçin oğlu hüquq fakültəsini bitirib prokuror olmadı, onu hələ yeniyetmə yaşlarından biznes cəlb edirdi və Qorbaçovun başlatdığı "perestroyka" Qod kimi təşəbbüskar gənclərə unikal imkanlar açdı. Bu, həmin vaxtlar idi ki, SSRİ-də kooperativlər qurmağa, kommersiya fəaliyyəti ilə (məhdud çərçivədə olsa da) icazə verilmişdi və Qod Nisanov kimi gələcəyin milyarderi bu imkanları görməyə, dəyərləndirməyə bilməzdi. Nəticədə cəmi 20 yaşı olanda Qod Nisanovun öz qəsəbələrində bir neçə "komission" mağazası fəaliyyət göstərirdi.

Və ali təhsili başa vurandan sonra Qod Nisanov böyük biznesə doğru ilk iri addımlarını atdı. Heç kimə sirr deyil ki, 80-i illərin sonlarında, 90-cı illərin əvvəllərində böyük biznesə gedən ən rahat yol xaricə hansısa xammalı satmaqdan keçirdi. Ən gəlirli biznes isə şübhəsiz ki, neft və neft məsullarının satışı idi. Qod Nisanov da təhsil illərini başa vurandan sonra atasının əlaqələri sayəsində Azərbaycanda istehsal olunan neft məhsullarının daşınması və satışı işinə girdi. İlk ciddi kapitalını bu biznesdən qazandı. Bununla belə o, öz gələcək biznes karyerasını Azərbaycanla deyil, Rusiya ilə bağlamağı qərara aldı.

1992-ci ildə Qod Nisanov gələcək biznes partnyoru və Qırmızı Qəsəbənin sakini Zarah İliyevlə birlikdə Moskvaya gedir. Orada artıq özünün uğurlu biznesini qurmuş gələcəyin digər milyarderi, dağ yəhudisi Telman İsmayılovun şirkətində işləməyə başlayır. Yaxud onunla biznes tərəfdaşlığı qurur.

Rusiya işgüzar nəşrlərində göstərilir ki, Nisanovun biznesində sürətli irəliləyiş 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində başlayıb. 2000-ci ildən başlayaraq onun biznes karyerasının beş ili təsis etdiyi "Diamond Cutters" şirkəti vasitəsilə almaz emalı ilə bağlı olub. Eyni zamanda öz həmyerliləri ilə birlikdə Moskvanın Lyublino rayonunda "Moskva" ticarət mərkəzini açıb. Habelə 2002-ci ildə o, Zarah İliyevlə birlikdə "Kiyevskaya ploşad" şirkətini təsis edib. Bu şirkət təsis olunduqdan az sonra Moskva meriyası ilə Rusiya paytaxtında iri biznes mərkəzinin tikintisi barədə razılıq əldə edir. Həmin razılaşmanın nəticəsi olaraq çox keçmədən Moskvanın Kiyev vağzalı ətrafındakı meydanda "Yevropeyski" ticarət mərkəzi istifadəyə verilir. Bu, 180 min kvadratmetrlik sahəyə malik olan nəhəng kompleksdir və Nisanovun Moskvanın daşınmaz əmlak kralına çevrilməsi yolunda ilk iri addımıdır.

Biznesmen daşınmaz əmlakla yanaşı, həmin illərdə biznesin digər sahələrinə-parakəndə ticarətə və restoran biznesinə, otellərin tikintisinə də girib. Və cəmi bir neçə ilə Nisanovun və ortaqlarının aktivlərinə Moskvada "Sadovod" bazarı, çoxsaylı otellər, "Qrand" mebel mərkəzi, nəhəng "Food City" topdansatış bazası və s. əlavə olundu. Və az qala hər ay yeniləri əlavə olunmaqdadır...

MİlliAz virtualaz-a istinadən xəbər verir ki, məsələn, elə ötən ay "Forbes" yazdı ki, Nisanov və partnyorları Moskvanın düz mərkəzində, Kremllə üzbəüz daha üç otelin tikintisi layihəsinə başlayır. Bu, 400 milyon dollar investisiya tələb edən layihədir və başa çatandan sonra Nisanovun aktivlərinə daha 65 min kvadratmetr daşınmaz əmlak əlavə olunacaq.  Biznesmen bu otelləri müxtəlif ulduz kateqoriyalarında tikəcək. Çünki Bakıda olduğu kimi Moskvada da mərkəzdə yerləşən otellərin böyük əksəriyyəti 5-ulduzludur, nisbətən ucuz otellər tapmaq müşkül məsələdir. "Mərkəzdə 3-4 ulduzlu otel layihələri çatışmır. Biz istərdik ki, Yeni Arbat kimi mərkəzi yerdə müxtəlif qiymət kateqoriyalarından olan otellər açılsın", - Qod Nisanov deyir.

Qod Nisanov təkcə biznesdə başgicəlləndirici uğurlar əldə edən uğurlu iş adamı deyil. O, Moskvada və Rusiyanın digər şəhərlərində yaşayan azərbaycanlıları daim dəstəkləyir və bununla da, həmvətənlərimizin dərin hörmətini qazanıb.

Eyni zamanda, Azərbaycanın Rusiya və İsraildəki əsas lobbiçilərindən biridir. Ümumdünya Dağ Yəhudiləri Konqresinin vitse-prezidenti olan Qod Nisanovun Azərbaycanla dünya yəhudiləri arasında sıx dostluq münasibətlərinin qurulmasında xidməti var.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR