Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Jurnalist Xədicə İsmayıl apellyasiya şikayəti verib

Jurnalist Xədicə İsmayıl apellyasiya şikayəti verib

Date: 26 November 2016 10:52

Bakı. 26 noyabr. REPORT.AZ/ Jurnalist Xədicə İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin edilən sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair ərizənin təmin edilməməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas noyabrın 28-nə təyin edilib.
İşə hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin (CM) 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona CM-nin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə bəraət verilib. Hökmə əsasən, X.İsmayıl digər maddələr üzrə 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Bu il mayın 25-də Ali Məhkəmə X.İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu CM-nin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Daha sonra X.İsmayıl CM-nin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.
Xatırladaq ki, X.İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib.


Tags:  Jurnalist Xədicə İsmayıl apellyasiya şikayəti verib

RƏYLƏR


Top news