Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezidentdən 10 dollar istəyən, 600 dəfə ölümdən qurtulan, cənnətdə ölən inqilab dahisi... - PORTRET

Prezidentdən 10 dollar istəyən, 600 dəfə ölümdən qurtulan, cənnətdə ölən inqilab dahisi... - PORTRET

Date: 26 November 2016 12:59

 

 

“Mənim adım Fidel Kastrodur və mən Kubanı azad etməyə gəlmişəm. Mənim burada dediyimlə heç də hamı razılaşmır, lakin mən öz fikrimi deyəcəyəm və başqalarının fikrinə hörmət edəcəyəm”. İnqilabdan dərhal sonra, çıxışlarının birində demişdi bunu. Dünyanın ən odioz, ən sirli, ən xarizmatik, ən uzunömürlü siyasətçilərindən biri. 90 yaşlı Kastro. Əsil adı Fidel Alexandro Kastro Rus olan, şəkər plantasiyaçısının oğlu.

 

1927-ci ildə dünyaya gəlmişdi. Amma atası məktəbə tez getməsi üçün doğum tarixini bir əl əvvələ, 1926-cı ilə yazdırmışdı. Doğum kağızına inansaq, 90 yaşı vardı.

 

Gələcəyin alovlu kommunisti və inqilabçısı, maraqlıdır ki, Havanadakı yezuit kollecində oxuyub. Sonradan Havana Universitetinə daxil olub və oranı hüquq təhsili üzrə bitirib. 50-ci illərin əvvəllərində Kuba xalqları partiyasına ("Ortodokslar") üzv olub və siyasi fəaliyyətə başlayıb. Kubada 1952-ci ilin martında general Batistanın başçılığı ilə hərbi çevrilişdən sonra, "Ortodokslar" partiyası diktatura rejiminə qarşı mübarizəyə başlayıb. Qısa zamanda partiya darmadağın edilib. Amma Kastro partiyanın, necə deyərlər, qalıqlarını bir yerə yığıb, yenidən Batistaya müharibə elan edib.

 

1953-cü ilin iyulunda Kastronun başçılıq etdiyi qrup bu istiqamətdə ilk cəhdini göstərib və hərbi kazarmalardan birinə hücum edib. Ancaq bu hücumun qarşısı qəddarcasına alınıb. Kastronun qrupunun üzvlərindən çoxu öldürülüb, onun özü isə həbs olunaraq hərbi tribunala verilib. Ancaq Kastro onun üzərində qurulan məhkəməni də Batista rejiminə qarşı hücum üçün istifadə edib. O, məhkəmədə "Tarix mənə haqq qazandıracaq" adlı məşhur çıxışını edib və Batistanın diktatura rejimini sərt şəkildə tənqid edərək ölkədə milli-azadlıq hərəkatının proqramını açıqlayıb. Məhkəmə Kastronu 15 il azadlıqdan məhrum etsə də o, üç il sonra ictimaiyyətin təzyiqi ilə əfv olunub. Həmin il o, Meksikaya mühacirət edib.

 

1956-cı ilin dekabrında Kastronun başçılıq etdiyi bir qrup inqilabçı gizli yolla kiçik yaxtada Kubanın Oryente əyalətinə keçiblər. O, tədricən qiyamçı ordu formalaşdıraraq, diktatura rejiminə qarşı partizan müharibəsinə başlayıb. Nəhayət, Kastro 1959-cu ilin 1 yanvarında öz məqsədinə çatıb. Onun başçılıq etdiyi inqilab ordusunun ətrafında cəmləşən demokratik qüvvələr Batistanı devirərək, hakimiyyəti ələ alırlar. Həmin ilin fevralında Kastro Kuba inqilabı hökumətinin baş naziri olur.

 

Qısası belə. 57 il bundan əvvəl, ABŞ-ın düz böyründə Kastronun “Azadlıq adası”, “qırmızı” Kuba beləcə yaranır. Dünyanın siyasi xəritəsinə daxil olur.

 

Sonradan Kastro yazacaqdı:

 

“Mən inqilabı 82 nəfərlə həyata keçirdim. Və bir də bunu təkrarlamalı olsaydım, mənə 15, hətta 10 nəfər belə bəs eləyərdi. 10 nəfər və təmiz inam. Say o qədər də vacib deyil. Əsas olan inamdır”.

 

Xatirələrində inqilaba necə başlaması barədə  çox maraqlı məqamlara toxunur. Onlardan biri:

 

“Biz lazımi vasitələri bənzərsiz məhrumiyyətlər hesabına topladıq. Məsələn, gənc Elpidio Sosa öz vəzifəsini başqasına satdı və 300 peso ilə bizə qoşuldu. Fernando Çenard öz fotostudiyasındakı aparatı satdı, halbuki, bu, onun yeganə dolanışıq mənbəyi idi. Pedro Marrero bir neçə aylıq məvacibini ortaya qoydu, öz mebelini də satmaq istəyirdi, əmr etdim ki olmaz. Oskar Alkalde özünün dərman laboratoriyasını satdı. Xesus Montane 5 ildən çox müddətdə yığdığı pulları verdi. Çoxları özlərinin nələri varsa, imtina etdi”.

 

Kastro Kubası yarım əsrdən çoxdur ki, ABŞ-ın yanında, bu dövlətlə kəllə-kəlləyədir.  Amma bütün məhrumiyyətlərə baxmayaraq, Fidel Ağ Evə qarşı bircə güzəştli addım belə atmadı. Kastronu devirmək üçün 600 dəfə cəhd göstərilib. Ona saysız-hesabsız sui-qəsd cəhdləri olub. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Kastro rejimini devirmək üçün onlarla əməliyyat qurub. Ancaq “komendante” bütün bunlardan salamat çıxıb. “Əgər basqından sonra sağ çıxmaq Olimpiya oyunu olsa idi, mən qızıl medal qazanardım”.

 

Müsahibələrinin birində isə belə demişdi:

 

“Bir dəfə Buş ondan Kuba haqqında soruşarkən deyib: “Mən Fidelin ölümünü gözləyirəm.” Düzünü desəm, məni Buşun gözləntiləri heç də maraqlandırmır. Mən Buşun hədəfi olan nə ilk, nə də son insan deyiləm. Lakin həmin an mən polkovnik Sarrianın sözlərini xatırladım: “Düşüncəni öldürmək mümkün deyil”.

 

Amma onu da qeyd edir ki, illərdir ABŞ-da prezidentlər bir-birini əvəzləyir, onunla dost olmaq istəyənsə bircə nəfər olub: “Bütün Amerika prezidentlərinin içindən Kuba ilə düşmən olmayan bir prezident tanıyıram: Ceyms Karter. İndiyə kimi gördüyüm prezidentlər arasında, o heç zaman məni öldürmək əmrini verməzdi. Karter yeganə ABŞ prezidenti idi ki, Kuba ilə dostluq münasibətləri qurmaq üçün addımlar atırdı”.

 

Bu yerdə başqa bir maraqlı xatirə.  Memuarlarında yazır ki, 14 yaşı olanda o vaxtkı ABŞ prezidenti Franklin Delano Ruzveltə məktub yazıbmış. Ruzvelti ikinci dəfə prezident seçilməyi münasibətilə təbrik edəndən sonra, ondan 10 dollar pul istəyibmiş. “Mən yazdım ki, bu yaşıma qədər on dollarlıq əskinas görməmişəm. Amma çox istəyirəm ki, 10 dollarım olsun”.

 

ABŞ administrasiyasından onun məktubuna cavab gəlməyib. Maraqlısı odur ki, illər keçəcək, dünyaca məşhur “Forbes” alovlu kommunistin varidatının 900 milyon dolları keçdiyini yazacaqdı. Kastro isə əsəbiləşərək “mən dövlətdən əməkhaqqı alıram, başqa qazancım yoxdur” - deyəcəkdi”.

 

 

“Amerika yalanları içində yeganə düzgün olan fakt odur ki, Kuba Amerikadan 90 dəniz mil aralıda yerləşir”. Bu da onun çıxışlarından birindən sitatdır. Çıxış demişkən, 1986-cı ildə Kuba Kommunist Partiyasının qurultayındakı çıxışı nə az, nə çox - 7 saat çəkmişdi və bununla Ginnesin Rekordlar Kitabına düşmüşdü.

 

“Kuba müstəqil, suveren bir ölkədir. Əgər Avropa Birliyi Kubaya başqa bir münasibət göstərirsə, onda onlar kobud səhvə yol verirlər. Bizim ölkə sözün əsl mənasında cənnətdir. Və biz cəhənnəmdə əzab içində yaşamaqdansa, cənnətdə ölməyi daha üstün tuturuq”.

 

Ölüm onu bu cənnətdə elə bu gün, bir neçə saat əvvəl yaxaladı. Son illər bütün səlahiyyətlərini qardaşı Raula vermişdi. Və inanırdı ki, kommunizm ideyalarını həyat keçirəcək şəxs yalnız o ola bilər. Özünün uzun yaşayacağına da əmin idi.

 

Kastro vaxtilə Mərkəzi Kəşfiyyat İdarəsinin sui-qəsd planlarından ehtiyat edərək, şəxsi həyatı barədə bütün məlumatları məxfi saxlamışdı. Ancaq bir neçə il əvvəl MKİ-nin hazırladığı məxfi hesabatda deyilirdi ki, Kastro sağalmaz Parkinson xəstəliyinə tutulub və tezliklə öləcək. Başqa bir məlumatda isə əksinə, onun 140 il yaşaya biləcəyi deyilirdi. 50 il çatmadı…

 

Kastro həmişə geydiyi tünd rəngli frençlə tarixə düşüb. Kubalılar və dünya Kastronu həmişə bu frençdə görüblər. Hə, bir də saqqalda. “Saqqalımı kommunizm bütün dünyada qalib gələndən sonra qırxacam” - demişdi.

 

Kastro o günü görə bilmədi...

 

Vəsiyyətində isə deyib ki, mənim cəsədimi basdırmayın, yandırın. “Alovlu kommunist” başqa nə deyəcəkdi ki?..

 

 

 






Tags:  Prezidentdən 10 dollar istəyən 600 dəfə ölümdən qurtulan cənnətdə ölən inqilab dahisi PORTRET


RƏYLƏR


Top news