Fatma Aktaş: “Avropa İttifaqı keçmiş nüfuzunu itirib və əvvəlki gücünə sahib deyil”

Fatma Aktaş: “Avropa İttifaqı keçmiş nüfuzunu itirib və əvvəlki gücünə sahib deyil”
13:28 26 Noyabr 2016
73 Digər
Ölkə mətbuatı
A- A+

“Avropa İttifaqı keçmiş nüfuzunu itirib və əvvəlki gücünə sahib deyil”.

Bunu Publika.az-a açıqlamasında Avrasiya Türk Qadınlar Birliyinin sədri, Hollandiya parlamentinin sabiq deputatı Fatma Aktaş bildirib.

Avropa Parlamentinin Türkiyəyə qarşı qəbul etdiyi qərarın qərəzli və ədalətsiz olduğunu vurğulayan F.Aktaş deyib ki, hazırda dünyada qütbləşmə gedir:

“Artıq dünya yenidən dizayn edilir. Buna görə də dünyada yeni hərbi, siyasi və iqtisadi ittifaqlar qurulur. Türkiyə və Avropa İttifaqı da bunu yaxşı dərk edir. Çox təəssüf ki, Avropa İttifaqı öz bu qurumda ancaq xristian ölkələrini görmək istəyir. Keçmiş Şərqi Avropa ölkələri bu gün Avropa İttifaqının üzvləridir. Halbuki, Türkiyə öz inkişafına görə bu ölkələrdən çox irəlidədir. Əslində, bütün bunlar Avropa İttifaqının Türkiyə ilə bağlı niyyətini bir daha ortaya qoyur. Keçmiş Almaniya kansleri Helmut Kolun Türkiyə rəhbərlərinə açıq etiraf etdiyi kimi, Avropa İttifaqı demokratik prinsiplərə deyil, dini dəyərlərə söykənən təşkilatdır. Bu gün Avropa öz daxilində yəhudi və xristian dəyərləri ətrafında sıx birləşir. Türkiyəni də öz maraqları və istəklərinə uyğun şəkildə dizayn etmək istəyirlər. Yoxsa, Avropa İttifaqının Türkiyəni təşkilata üzv etmək niyyəti yoxdur”.

Sabiq millət vəkili qeyd edib ki, Avropa demokratiya və insan haqlarından digər ölkələrə qarşı kamuflyaj kimi istifadə edir:

“Türkiyə də Avropanın təzyiq etdiyi həmin ölkələrdən biridir. Ancaq Avropa İttifaqının bu cür qərəzli münasibəti Türkiyəni tamam itirməklə nəticələnəcək. Türkiyə Avropadan uzaqlaşan kimi, Asiyaya inteqrasiya yolunu tutacaq və bunun nəticəsində Asiyada yeni iqtisadi və siyasi güc formalaşacaq. Bütün bunlar isə Türkiyənin dünyada nüfuzunu və manevr imkanlarını artıracaq”.

F.Aktaş vurğulayıb ki, Avropa İttifaqı güclü Türkiyəni görmək istəmir:

“Hətta, bu yaxınlarda Avropadan Türkiyəyə qarşı növbəti təzyiqlər ola bilər. Misal üçün, Avropa ölkələrində fəaliyyət göstərən Türkiyə şirkətləri və iş adamları da sıxışdırıla bilər. Bunun nəticəsində isə ən böyük zərəri Avropa İttifaqı görəcək. Buradan itkisiz çıxan dövlət yalnız ABŞ olacaq. Bütün bunları Avropa İttifaqı nəzərə almalıdır. Çünki Türkiyə ilə Avropa İttifaqının əlaqələri çox dərindir. Türkiyəsiz Avropa İttifaqı daha tez dağıla bilər”.

Sabiq millət vəkili Avropa Parlamentinin qəbul etdiyi sözügedən qərarın da tövsiyə xarakteri daşıdığını söyləyib:

“Baxmayaraq ki, bu qərar tövsiyə xarakterlidir, ancaq siyasi əhəmiyyət daşıyır. Mənə elə gəlir ki, bir gün Avropa İttifaqı ölkələrinin liderləri səhvlərini anlayıb, Türkiyəyə qarşı olan bu qərarın ləğvinə çalışacaqlar”.

Xatırladaq ki, 50 ildir ki, Niderland Krallığında yaşayan Hollandiya Avrasiya Türk Qadınlar Birliyinin sədri Fatma Aktaş İrəvan xanı Hüseynqulu xanın nəslindəndir. O, İrəvan xanının qızı Əslixan xanımın nəticəsidir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/177436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR