Ördək çölməsi: cənub mətbəxinin ləziz yeməyi - REPORTAJ

13:39 26 Noyabr 2016
166 Digər
Ölkə mətbuatı
A- A+

Cənub bölgəsinin bənzərsiz mətbəxi var. APA TV-nin yerli bürosunun məlumatına görə, bu mətbəxə daxil olan ən məşhur yeməklərdən biri çöl quşu, o cümlədən qaşqaldaq və ördək ləvəngisi - çölməsidir. Lənkəranda elə ev tapılmaz ki, orada çöl ördəyinin ləvəngisini və ya çölməsini bişirməyi bacarmasınlar.

 

Həmsöhbətimiz Zaur Qurbanov rayonun Separadi kəndindəndir. 39 yaşı var. Ömrünün yarıdan çoxunu mətbəx sənətinə həsr edib. Hazırda kənddəki yeməkxanada aşpaz işləyən Zaur Qurbanov Lənkəran mətbəxinin mahir bilicisi sayılır. O, indiyədək bir sıra müsabiqələrdə Lənkəran mətbəxini təbliğ edib.

 

Zaur Qurbanov APA TV-nin cənub bürosuna müsahibəsində çöl ördəyindən çölmənin bişirilməsi qaydalarından bizə ətraflı məlumat verib. Onun sözlərinə görə, ördək çölməsi əsasən payız və qış aylarında bişirilərək yeyilir. Çöl ördəyinin bir neçə növü var. Çölmə isə əsasən sarıayaq çöl ördəyindən hazırlanır. Ördəyin bu növü dadına görə digərlərindən üstün olur: "Çöl ördəyinin beş-altı növü var. Ən dadlısı sarıayaq ördəkdir. Ləvəngisini hazırlamaq üçün müxtəlif turşulardan istifadə olunur. Buraya alça turşusu, sumaq, nanə, duz, qoz, soğan daxildir. Bütün bunları qarışdırıb yaxşıca əzişdirdikdən sonra ördəyin içinə yerləşdirmək lazımdır".

 

Daha sonra qoz və soğanın qarışığından ləvəngi hazırlanır. Hazırlanan ləvəngi ördəyin qarın boşluğuna doldurulur. Bu qayda ilə ördəyi 15-20 dəqiqə saxlayıb gözləmək vacibdir: "15 dəqiqədən sonra ördəyi qazana qoyub üzərinə görünməz olana qədər su tökülməlidir. Daha sonra isə ördəyi 1 saat - 1 saat 15 dəqiqə müddətinə vam odun üstündə qaynatmaq lazımdır. Bu proses başa çatandan sonra ördək çölməsi istifadəyə tam hazır olur".

 

Son nəticədə bişmiş ördək çölməsi qazandan çıxarılaraq doğranılır və istifadə üçün stollara verilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260633

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR