Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyada dolların bahalaşdırılması prosesi başladı, neftdən əldə edəcəklərimiz bəlli oldu

Dünyada dolların bahalaşdırılması prosesi başladı, neftdən əldə edəcəklərimiz bəlli oldu

Date: 26 November 2016 15:03

Yola saldığımız həftə dünya iqtisadiyyatı dolların revanşı ilə silkələndi. Belə ki, Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System - FED) noyabr ayında keçirilən iclasının protokolu ilə əlaqədar növbəti toplantıda uçot dərəcəsinin artırılmasına dair ciddi mesajlar verdi. O ki qaldı protokolda nəyin qeyd edilməsinə, FED rəhbərliyi uçot dərəcəsinin artırılmasına dair aktiv müzakirələr aparıb və dolların ən yaxın vaxtda bahalaşdırılmasını məqbul hesab edib.

FED-in iclaslarında səsvermə hüququna sahib olan şəxslər uçot dərəcəsinin dekabrda artırılmasını daha məqsədəuyğun sayır.

Bazar iştirakçıları hesab edir ki, yuxarıda qeyd olunanlar FED-in dekabr ayının 13-14-də keçiriləcək iclasında uçot dərəcəsinin artırılmasını qaçılmaz edir.
Treyderlər dekabr toplantısında uçot dərəcəsinin artırılması ehtimalını 100 faiz səviyyəsində qiymətləndirir. Əslində, bütün bunlardan sonra dollar indeksinin ən yüksək səviyyəyə çatması gözlənilən idi.

Ötən həftə ABŞ dollarının ölkənin 26 ən iri ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı dəyərini göstərən FED-in ticarət yönümlü dollar indeksi 2002-ci ilin oktyabr ayından bu yana ən yüksək səviyyəyə çatdı. Valyutalar arasında ən böyük zərbəni isə lirə aldı.

Türkiyə milli valyutası son bir ay ərzində 12,7 faiz, son iki ayda isə 17,7 faiz devalvasiyaya uğradı. Dolların məzənnəsi 3,46 TRY/USD səviyyəsini ötərək tarixi rekord səviyyəyə çatdı.
Türkiyənin Mərkəzi Bankı (TCMB) bir həftəlik “repo” faizlərini 7,5 faizdən 8 faizə, faiz dəhlizinin üst həddini isə 8,25 faizdən 8,5 faizə yüksəltdikdən sonra məzənnə 3,42 TRY/USD-dən 3,37-ə endi. Lakin Avropa İttifaqının səsverməsi TCMB-nin qərarının valyuta bazarına təsirini yox etdi.

Qlobal investisiya fondları Donald Trampın ABŞ prezidenti seçilməsindən bu günə qədər Asiya regionu ölkələrində 11 milyard dollar həcmində səhm və istiqraz satışı həyata keçirdiyini irəli sürür.
Satışlara səbəb kimi ABŞ-ın iqtisadi siyasətində dəyişiklik nəticəsində dolların möhkəmlənməsi göstərilir.

Ekspertlər deyir ki, inkişafda olan ölkələrdən kapital axını hələ bir müddət davam edəcək:
“Yalnız bundan sonra investorlar yeni prezidentin vergi-büdcə stimullaşdırması və proteksionist ticarətlə bağlı qərarlarının icrasını gözləyəcəklər. Yeni iqtisadi qərarlar dolların daha da möhkəmlənməsinə gətirib çıxara bilər ki, bu da inkişaf etməkdə olan ölkələr üçün mənfi amildir”.

“Bloomberg”-in hesabatına görə 8 noyabr seçkilərindən sonra, noyabrın 17-dək ən çox xalis kapital axını səhmlərdə (1,5 milyard dollar), istiqrazlarda (1,4 milyard dollar) - cəmi 2,9 milyard dollar - Hindistanda həyata keçirilib.

Tailandda 8-19 noyabr tarixlərində bu, müvafiq olaraq 534 milyon və 2,3 milyard dollar, İndoneziyada 9-18 noyabrda 444,2 milyon və 9-16 noyabrda istiqrazlarda 1 milyard dollar, Cənubi Koreyada 9-18 noyabrda 949 milyon dollar səhmlərdə və 9-17 noyabrda 25,5 milyon dollar istiqrazlarda, Filippində 9-18 noyabrda 171 milyon dollar səhm bazarında, Tayvanda isə 9-18 noyabrda 2,75 milyard dollar səhmlərdə qeydə alınıb. Nəticədə, bu ölkələrin yerli valyutaları devalvasiyaya uğrayıb.

Neft hasilatının dondurulması yönündə müzakirələrdən də xəbər var, Venesuela yaxın həftələrdə neft hasilatının sabitləşdirilməsinə dair sazişin əldə olunmasını zəruri hesab edir, əks təqdirdə, qiymətlər qeyri-sabit olacaq. Bu barədə ölkənin Neft Nazirliyinin “Twitter” səhifəsində qeyd olunur.
“Biz OPEK-in nazirlər görüşündən sonra istəyirik ki, yüksək səviyyədə – liderlər səviyyəsində müqavilə imzalayaq. Əgər biz yaxın həftələrdə razılığa gələ bilməsək, qiymətlərdə balans pozulacaq. Hazırda məqsəd ən vacibi Rusiya olan bütün qeyri-OPEK ölkələrini bu işə daxil etməkdir”, - deyə məlumatda bildirilir.

İş dünyası

“Shell” şirkəti (Böyük Britaniya - Niderland) Şotlandiyanın Qlazqo bölgəsində əməliyyatlarını dayandırması 380 iş yerinin bağlanması ilə nəticələnəcək.

İxtisarlar neftin qiymətinin aşağı olması fonunda həyata keçirilir. Bu isə Şimal dənizində neft hasilatı ilə bağlı minlərlə işçinin ixtisar edildiyi bir vaxtda Şotlandiya iqtisadiyyatına əlavə zərbə deməkdir.
"Shell" bildirir ki, Qlazqoda 2018-ci ilin sonunadək maliyyə əməliyyatının dayandırılması barədə qərar rəqabətə dözmək üçün çətin seçimdir.

Xatırladaq ki, 2014-cü ilin ortalarında neftin bir barelinin qiyməti 100 dollardan çox, bu ilin əvvəlində isə 30 dollardan az olub. Son nəticədə şirkətlər yeni layihələrə sərmayəni kəskin azaldıb.
Beynəlxalq Enerji Agentliyi (BEA) bildirir ki, 2014-cü ildə “qara qızıl” bazarına 780 milyard ABŞ dolları (624 milyard ingilis funtu) pul qoyulduğu halda, 2015-ci ildə bu rəqəm 200 milyard dollar (160,5 milyard funt) azalıb. Bu il isə daha 140 milyard dollarlıq (112 milyard funtluq) azalma gözlənilir.

Dünyanın aparıcı proqram təminatı şirkəti “Oracle Corp” qlobal internet performansını, trafikini izləyən və istiqamətləndirən “Dyn” şirkətini satın aldığını bildirir. Ancaq “Oracle” satınalmanın qiyməti barədə məlumat vermir. Mövzuya yaxın mənbələrə görə isə “Oracle” bu satınalma üçün 600 milyon dollardan bir qədər çox məbləğ ödəyib.

Azərbaycan

Gəldilk çıxdıq öz ölkəmizə...

Xarici dövlətlərə verilmiş kreditlərdən Azərbaycanın dövlət büdcəsinə 2017-ci il 50,8 milyon manat həcmində vəsait daxil olacaq. Bu barədə 2017-ci ilin büdcə zərfinə istinadən xəbər verilir.
Xarici dövlətlərə verilmiş kreditlər üzrə büdcəyə daxilolmaların 2016-ci ilin analoji proqnozu ilə müqayisədə 39 faiz artacağı nəzərdə tutulub. Xarici dövlətlərə verilmiş kreditlərdən daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisi 0,3 faiz təşkil edəcək.

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 955,0 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 543,0 milyon manat və ya 8,8 faiz, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 milyon manat və ya 5,2 faiz azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

“Neftin qiyməti aşağı düşsə də, Azərbaycanda hələ də neft hasil edilir və Azərbaycan yenə də neft gəlirləri əldə edəcək”. Bunu isə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov deyir. Onun sözlərinə görə, indiyə qədər rəhbərlik etdiyi qurumun neft-qaz satışından gəliri 120 milyard dollar olub:
“Yaxın 15-20 il ərzində isə Fonda bu sahədən daha 100 mlrd. dollar daxil olacağını gözləyirik”.
Məndən bu qədər...


Tags:  Dünyada dolların bahalaşdırılması prosesi başladı neftdən əldə edəcəklərimiz bəlli oldu

RƏYLƏR


Top news