Mülhaus Milad yarmarkasında Azərbaycan köşkü açılıb - FOTO

Mülhaus Milad yarmarkasında Azərbaycan köşkü açılıb - FOTO
16:57 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Fransanın Elzas regionunun Mülhaus şəhərində artıq ikinci ildir keçirilən Milad yarmarkasında yenidən Azərbaycan köşkü fəaliyyət göstərməyə başlayıb. Builki Azərbaycan köşkü Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin "Gilan Holdinq" şirkəti ilə birgə əməkdaşlığı şəraitində təşkil edilib.

TEAS-dan AZƏRTAC-a bildiriblər ki, beş həftə ərzində qonaqlar Azərbaycan qonaqpərvərliyi ilə qarşılanacaq və yüksək keyfiyyətli Azərbaycan şərabları, təravətli çayı, nar şirəsi, gül və əncir mürəbbəsi, ənənəvi şirniyyatlardan, paxlava və şəkərburadan dadmaq imkanı əldə edəcəklər. Həmçinin ziyarətçilər Milad hədiyyələri olaraq orijinal incə əl işlərini əldə edə biləcəklər. Bunlar arasında UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş kəlağayılar və Qubada əllə toxunan corablar da var. Onlar, həmçinin köşkdə olan kitab və broşürləri oxuyaraq Azərbaycanın rayonları, xüsusilə, ölkəmizin ən qədim tarixi şəhərlərindən biri və yeni turistik məkanı olan Qəbələ haqqında biliklərini artıra biləcəklər.

Yarmarkanın açılış mərasimində Mülhaus şəhərinin meri Jan Rottner, merin turizm və mədəniyyət tədbirləri üzrə müavini Natali Motte və Elzas Ticarət Palatasının vitse-prezidenti Kristian Keller də iştirak edib. Tədbirdə bildirilib ki, Mülhaus 26-cı Milad yarmarkası, ümumiyyətlə, Elzas regionunda buna bənzər təşkil olunan yarmarkalar artıq ənənəyə çevrilib. Növbəti beş həftə ərzində bir milyondan çox qonaq bu tədbirdən zövq alacaq.

Yarmarkadakı köşkləri ziyarət edən Mülhaus şəhərinin meri Jan Rottner Azərbaycan stendi qarşısında dayanıb. Mer Azərbaycan qonaqpərvərliyi ilə qarşılanıb və ona dadlı paxlava təklif edilib.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR