Bizdə də “Qara cümə” olsaydı...

Bizdə də “Qara cümə” olsaydı...
23:47 26 Noyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Əvvəlcə qısa arayış üçün deyim ki, "Qara cümə" - ABŞ-da hər il noyabr ayının sonuncu cüməsidir. Bu gündən bir gün əvvəl, yəni cümə axşamı ənənəvi "Şükranlıq" gününə təsadüf edir və bu gündən artıq mağazalarda böyük endirim kampaniyaları başlayır. Həmin gün mallar əvvəlki qiymətindən 4-5 dəfə ucuz satılır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ABŞ-da "Qara cümə" termini ötən əsrin 60-cı illərində yaranıb. Həmin vaxt əsas küçələr Milad bayramı alış-verişi edənlərlə və onların avtomobilləri ilə dolu olduğundan, sürücülər həmin günü məhz belə adlandırmışdılar. Bu il, artıq gecə saatlarından ilk olaraq elektrotexnika malları mağazaları öz qapılarını müştərilərinin üzünə açıblar. ABŞ-da "Qara cümə" bazarlığı edəcək alıcıların sayı bu il təxminən 135 milyon nəfər təşkil edib...

Bizdə isə məhz bu günlər, bütün ölkənin başı Cindən gətirilmiş sünü yumurtaya qatışıb. Bu yumurta söhbəti əməlli-başlı camaatı özünə məşğul edib. Onun haqqında videolar yayılıb, hətta əlaqədar təşkilatlar da bu haqda bəyanat veriblər. Yəni ki, ölkədə ciddi saxta yumurta təhlükəsi var...

İlin-günün bu vaxtında, ABŞ-da camaatın mağazaların az qala piştaxtalarını söküb, evlərinə daşıdığı bir vaxtda bu saxta yumurta söhbəti bizi əməlli-başlı özünə məşğul edib. Yayılan videolarda bildirilir ki, jelatindən, gipsdən və s.-dən yumurta hazırlayıb, göndərirlər Azərbaycana... Bu ilin sonunacan da əhalimizin başı həmin bu sünü yumurta ilə mübarizəyə qatışar. Mən inanıram ki, axırda mütləq qələbə olacaq. Qələbəmiz mütləqdir.
 
Amma, axı niyə görəsən həmişə biz yazıqların başı, sünü yumurta ilə, plastik düyü ilə, neftli kərə yağı ilə, hormonlu toyuq ilə, qlutenli buğda ilə, yalançı sarmısaq ilə, içində qan damlası olan portağalla, QİCS xəstəliyinin daşıyıcısı olan bananla, QMO-lu ərzaqlar ilə mübarizəyə qatışacaq? Niyə daha üstün və daha səmərəli işlərlə məşğul ola bilmirik, niyə xəbərlərdə ancaq "Azərbaycanlı gənc türk mahnı yarışmasında hamını heyrətə gətirdi..." kimi xəbərlər üstünlük təşkil edir, qlobal inkişafdan o dərəcədə xəbərimiz yoxdur ki, hətta bu günlərdə bir azərbaycanlı gənc bundan istifadə edərək özünü NASA-nın fəxri üzvü-filan da elan etmişdi. Sonradan bilindi ki, özündən uydurubmuş. Kim imişsə, beyni pis işləmirmiş, baxıb, camaatın başı yumurtaya-filana qatışıb, o da özünü NASA-da təsəvvür edib. Hər halda daha ali arzudur. Allah nəsib etsin. Niyə də yox. Məgər o NASA-da oturanlar bizimkilərdən artıqdır?

Nə vaxtsa böyüklərimizin başı sünü yumurtadan, gənclərimizin başı isə türk mahnı yarışmasından, türk seriallarından ayrılsa, bəlkə onda NASA-ya da gedərik, hələ ondan o yana da keçərik. Amma indi hazırda ümumimilli bir dərdimiz var - sünü yumurta və biz bütün enerjimizi həmin bu sünü yumurta ilə mübarizəyə həsr etmişik...

Bir də qayıdaq "Qara cümə"-yə...
Məhşur azərbaycan filmində deyildiyi kimi, "Bəs o əjdahadan bizdə niyə yoxdur?!". Bəli, bəs o "Qara cümə"dən bizdə niyə yoxdur?! Mağazalarımız yoxdur? Mağazalarda mal yoxdur? Müştəri yoxdur? Axı bunlar hamısı var. Niyə o cür endirimlər bizdə olmur?! Niyə sadəcə bir-iki brend mağaza "cool" görünmək üçün "qara cümə" elanı verir, o elanı verir ki, bir az da dəbli görsənsin...

Amma əsil həqiqətdə o elanı verən mağazalarda həqiqi endirim olsaydı, gərək camaat gecədən o mağazanın qabağında növbə tutardı. Bizdə ümumiyyətlə növbəni mən axrıncı dəfə, 92-93-cü illərdə talonla yağ almaq və çörək almaq üçün olanda görmüşəm. Düzdür, belə baxanda növbə yaxşı şey deyil - heyif deyil, bolluq, firavanlıq! Girirsən mağazaya, hər nə istəyirsən rahat alırsan və çıxırsan. Saatlarla soyuqda, istidə, onun-bunun söhbətinə qulaq asa-asa növbəyə dayanmırsan...

Amma, o da var ki, əgər bir malı dəyərindən 4-5 dəfə ucuz alacaqsansa,o növbəyə dayanmaq olar, elə də çətin deyil...
Allah bizə, o əsil cüməni - Həzrət Mehdi (ə.f) ətirli Cüməni yaşamağı nəsib eləsin ki, bu "Qara cümə"lərə möhtac qalmayaq...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR