Türkiyə seçim etməyə məcbur olacaq - Qərb, yoxsa Şərq?

Türkiyə seçim etməyə məcbur olacaq - Qərb, yoxsa Şərq?
09:05 27 Noyabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə ilə Avropa Birliyi arasında münasibətlər davam edəcək və tam kəsilməyəcək. Lakin hələlik AB-nin üzvü olmadığına görə, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüklə bağlı danışıqlar aparmağa tam haqqı var və bu məsələyə yaxın gələcəkdə baxıla bilər.

Bunu "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Milli.Az-a açıqlamasında deyib.

Ekspertin fikrincə, Avropa Parlamentinin Türkiyənin AB-yə üzvlüyü ilə bağlı müzakirə prosesinin dondurulması barədə qərarı göstərir ki, Avropada bəzi qüvvələr Türkiyə ilə münasibətlərin yaxşılaşmasından narahatdır:

"Türkiyənin AB ilə əlaqələri dərin köklərə malikdir. Uzun müddətdir ki, Türkiyə AB üzvlüyünə namizəd dövlətdir və birgə proqramlar çərçivəsində Türkiyədə xeyli islahatlar aparılıb. Lakin Suriyada antiterror əməliyyatları başlayandan sonra Türkiyə ilə AB arasında siyasi ziddiyyətlər yarandı. Əsas məsələ də qaçqınlarla bağlı oldu. Çünki Suriyadan və İraqdan Türkiyəyə böyük qaçqın axını gəldi. AB isə onların öz ərazisinə keçməsini əngəlləmək istəyirdi və Türkiyə də bu məsələdə Avropaya kömək edirdi. Belə razılıq əldə olundu ki, Türkiyə vətəndaşları üçün AB-yə giriş vizasının ləğv edilməsi şərti də daxil olmaqla AB Türkiyəyə 3 milyard avro maliyyə yardım edəcək. Türkiyə isə bu yardımdan istifadə etməklə qaçqınların Avropaya axınının qarşısını alacaq, onları öz ərazisində saxlayacaq və gələcəkdə bu məsələdə AB ilə əməkdaşlığı davam etdirəcək.

Lakin AB-nin daxilində müxtəlif qüvvələr var və Birlik ölkələrinin heç də hamısı Türkiyə ilə münasibətlərə eyni gözlə baxmır. İndi AB-də bəzi qüvvələr Türkiyənin üzvlüyə namizədliyinin ləğv edilməsinə dair fikirlər səsləndirir".

E.Ələsgərov hesab edir ki, buna baxmayaraq, Türkiyənin AB-yə üzvlüyü məsələsinə son qoyulmayacaq: "Çünki bu, yalnız ayrılıqda müəyyən siyasətçilərin və dövlətlərin mövqeyidir. Ümumilikdə, Türkiyəni Avropa ilə görünən və görünməyən çox şeylər bağlayır. Türkiyə həm də NATO-nun üzvüdür. Düşünürəm ki, bu ziddiyyətlər taktiki xarakter daşıyır. Türkiyə-AB münasibətləri davam edəcək və mən bu münasibətlərin tam kəsilə biləcəyinə inanmıram".

Türkiyənin ŞƏT-ə üzvlüyü məsələsinə gəlincə, qrup rəhbəri qeyd edib ki, bu variantı istisna etmək olmaz: "Təbii ki, Türkiyə rəsmiləri ŞƏT məsələsinə AB-yə alternativ kimi baxırlar. ŞƏT isə böyük bir regionu əhatə edir. Türkiyənin Orta Asiya ilə tarixən iqtisadi və etnik bağlılığı var. Son zamanlar Türkiyənin həm Rusiya, həm də Çinlə münasibətləri, eləcə də ŞƏT-ə üzv olan digər dövlətlərlə əlaqələri çox yüksək səviyyəyə qalxıb. Ona görə də yaxın gələcəkdə Türkiyənin bu təşkilatın üzvlüyünə namizədlik məsələsinə baxıla bilər.

Fikrimcə, Türkiyənin NATO-ya üzv olması da onun ŞƏT-ə qəbul edilməsinə əngəl olmayacaq. Çünki ŞƏT əsasən iqtsadi-siyasi, NATO isə hərbi-siyasi blokdur. Rusiya ərazi baxımdan, Çin isə əhali sayı və iqtisadiyyatı baxımdan dünyanın ən güclü dövlətləridir. Bunları cəmləşdirdikdə ŞƏT AB-dən daha üstün görünür. Lakin hələlik AB-nin üzvü qəbul edilmədiyinə görə, Türkiyənin haqqı var ki, ŞƏT-ə üzvlüklə bağlı danışıqlar aparsın".

Qeyd edək ki, Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında tövsiyə xarakterli qərar qəbul edib. Türkiyə rəsmiləri isə bir tərəfdən bu qərarın hüquqi qüvvəsinin olmadığını, digər tərəfdən Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edə biləcəklərini deyiblər. Bu proses hələ davam edir. Amma bütün hallarda ŞƏT-in coğrafiyası Türkiyə iqtisadiyyatı üçün böyük bazar və özünü göstərmək üçün bir siyasi arenadır.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür:

http://bakunetwork.com

Bizi Facebook-dan, Twitter-dən və Youtube-dan izləyin.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/493376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR