5 yaşından çobanlıq edən qadının ACI HEKAYƏTİ – “Qoyun qədər qiymətim olmayıb”

5 yaşından çobanlıq edən qadının ACI HEKAYƏTİ – “Qoyun qədər qiymətim olmayıb”
13:54 27 Noyabr 2016
191 Digər
Ölkə mətbuatı
A- A+

5 yaşından çobanlıq edən, bir qarın yeməyə möhtac Azərbaycan qadınının acı hekayəsi

“…Mənim bir qoyun qədər qiymətim olmayıb. Halbuki, bir qarın yemək, isti yataqdan başqa heç nə istəməmişəm”, - göz yaşları danışmasına imkan vermir. Balalarını bağrına basıb hönkürür.

 

5 yaşında qızı, 2 yaşında oğlu var. Oğlunun üzü-gözü yara içindədir. “Gecə evdən qaçanda yıxılıb”,-paltarının ətəyi ilə göz yaşlarını silərək dillənir.

 

Noyabrın 15-də polislər tərəfindən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına gətirilib. Ona qədər isə körpələri ilə küçələrdə, parklarda gecələyib. 29 yaşlı Gülşən Məmmədova başına gələnləri virtualaz.org saytına danışıb. Lent.az həmin müsahibəni təqdim edir.

 

- 5 yaşından çobanlıq edirəm. 6 yaşında əlimə bir qələm, dəftər verib məktəbə göndərdilər. Tək bircə gün, sonra yenə atamın sürüsünü otarmağa getdim. Nə hərf tanıyıram, nə də oxumağı bacarıram. Kəlbəcər işğal ediləndə uşaq olsam da, çox sevinirdim. Çünki qoyunlardan yaxa qurtaracaqdım. Gecə-gündüz tək bir istəyim olub, Allah göydən daş yağdırsın, atam və qoyunları bir gecədə ölsün. Nə bəladır ki, atam bütün sürünü Kəlbəcərdən çıxara bilib. Beləcə Göygölə gəldik. Evdən qaçana qədər sürüyə mən baxmışam.

 

- Ailədə səndən başqa çobanlıq edəcək bir kimsə yoxdur?

 

- 4 bacı, 2 qardaşıq. Qardaşlarım bizdən böyükdür, amma atam ta uşaqlıqdan onların işləməsinə imkan verməyib. Deyir ki, Allah qızları əvvəlcə atasına, qardaşlarına, sonra da ərlərinə xidmət etmək üçün yaradıb. Həmişə ailənin bütün yükü mənim və bacılarımın üzərinə düşüb. Mən çobanlıq edirdim, bir bacım evləri təmizləyirdi, digərləri südü-qatığı aparıb satırdılar. Sonradan hamısı evdən qaçdı, qaldım tək. Mən də qarşıma çıxacaq ilk insanla qaçacağıma and içmişdim. Elə qaçqım da.

 

-Bəs həyat yoldaşın hardadır?

 

- Qoyunlar xəstələnmişdi, atam bunu bəhanə edib məni döydü. Evdən qaçıb tövlədə yatdım. Qış idi, qar yağmışdı, səhərə qədər qoyunlara sığınıb qaldım. Axı, mənim bir təqsirim olmamışdı. Ertəsi gün yenə məni döydü, dedi ki, hər qoyuna görə cavab verəcəksən. Üç gün ac saxladı məni. Həmin günlərdə indiki həyat yoldaşımla tanış oldum, kim olduğu ilə maraqlanmadan qoşulub qaçdım. Bu da həbsdən yeni çıxıbmış, nə evi, nə də ona sahib çıxacaq birisi yoxmuş. Sonra oğurluq edib yenidən həbs olundu. Mehriban xanım uşaqlara sənəd düzəltmək üçün köməklik etdi.

 

-Anladığım qədər, yenidən ata evinə dönmüsən.

 

- Küçələrdə qalırdım, zibillikdən yemək götürüb yeyirdim, dilənirdim. Sonra oğlum xəstələndi. Uşağı qucağıma götürüb, bütün xəstəxanaları gəzmişəm. Savadsızam, amma bilirdim ki, dövlət xəstəxanalarında pulsuz müalicə edirlər. Həkim dedi ki, don vurub, zibillikdən yemək yeyib deyə xəstələnib. Sonra atamgilə getdim, dedim ki, bəlkə uşaqlara görə onlarda qalmağıma icazə verər. Yenə çobanlıq edirdim, amma hər şeyə, ən çox da uşaqların çox yemək yeməsinə deyinirdi. Qızımı döyürdü, deyirdi, apar uşaqları küçəyə at, yenidən gəl sürüyə bax. Onda evdə qalmağına icazə verəcəyəm. Mən də uşaqları küçəyə atmağa razı deyiləm.

 

-Buna görə evdən qaçdın?

 

- Yox, ev isti idi, atam evdə olmayanda qarındolusu yemək yeyirdik. Buna görə də, söyüşlərinə, təhqirlərinə çalışırdım cavab verməyim. Sonuncu dəfə qızıma bağdakı almaları toplamağı tapşırıb, bazarda satdıracaqmış. Uşaq da almalardan birini yeyib. Ona görə uşağı da, məni də döydü. Biz evdən çıxanda gecə saat 2 olmuşdu. Heç uşaqların paltarlarını da geyməsinə icazə vermədi. Mənim saçlarımdan tutub küçəyə qədər sürüdü ki, ya uşaqlarını bu gecə küçəyə qov, ya da özün də onlarla birgə get. Üz-gözüm qan içində idi. Gecə küçədə qaldıq. Səhəri gün Kəlbəcər Rayon İcra Hakimiyyətinə getdim.

 

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR