“İsralin meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin
göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət etməsi və bununla
bağlı prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-ə
məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə
avadanlıqları ilə İsrailə yola salınması göstərir ki, ölkələrimiz
yaxşı və ya pis gündə hər zaman bir-birinin
yanındadır”.
Bu fikirləri AzVision.az-a
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki
nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert
Arye Qut deyib.
A.Qutun sözlərinə görə, bu fakt bir daha onu sübut edir ki,
ölkələrimiz, xalqlarımız arasında real strateji əlaqələr mövcuddur:
“İsrail-Azərbaycan əlaqələrinin formalaşması bu günün işləri deyil.
Hesab edirəm ki, İsrail-Azərbaycan əlaqələri həm siyasi, həm
iqtisadi, həm mədəni, həm də mənəvi baxımdan yüksək səviyyədədir.
Bu əlaqələr 1990-cı ildən bu yana, yəni, Ulu Öndər Heydər Əliyevin
hakimiyyətə gəlişindən sonra inkişafdadır. İsrail Azərbaycanın ən
ağır vaxtlarında yanında olub, hərbi baxımdan yardım edib. Bu gün
İsrail və Azərbaycanın çox yaxşı siyasi dialoq müstəvisində
əlaqələri mövcuddur. İqtisadi baxımdan da İsrail Azərbaycanın ən
yaxın tərəfdaşlarından biridir. Bu gün İsrail və Azərbaycan
arasındakı ticari əlaqələr 4 milyard dollara yaxındır. Yəni,
İsrail-Fransa əlaqələrindən daha yüksəkdir. İsraildə Azərbaycanın
səfirliyi olmasa belə əlaqələrimiz hər zaman inkişaf edib. Bu gün
İsrail Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadə edir. Təsadüfi
deyil ki, İsraildə istifadə olan benzinin 65 faizi Azərbaycana
məxsusdur.
Azərbaycanla İsrail arasında çox yaxşı siyasi və iqtisadi əlaqələr
mövcuddur. Amma, ən önəmlisi odur ki, bu əlaqələrin başında insani
əlaqələr durur. Çünki, bu gün İsraildə Azərbaycan kökənli 70 min
insan yaşayır. Azərbaycanda isə 25-30 minə yaxın Azərbaycan
yəhudisi yaşayır. Bu yəhudilər Azərbaycanda çox gözəl şəkildə
yaşayır. Heç bir problemləri yoxdur. Başqa Avropa ölkələrindən
fərqli olaraq Azərbaycan ərazisində yəhudilər 2600 ildir
yaşayırlar. Heç bir zaman Azərbaycanda antisemitizm olmayıb. Bu
halın olmaması, Azərbaycanda yəhudilərə çox yaxşı səviyyədə olan
münasibətdən irəli gələrək İsrail-Azərbaycan əlaqələri də inkişaf
edir. Bu baxımdan İsrail də Azərbacanda yəhudilərə olan münasibəti
çox yüksək səviyyədə qəbul edir və inkişafını istəyir”.
Ekspert vurğulayıb ki, İsrail hər zaman Azərbaycanın yanındadır və
ərazi bütövlüyünün bərpa olunmasına çalışır: “İsrail şirkətlərinin
bir hissəsi Azərbaycanın hərbi kompleksinin yaradılmasında çox
böyük rol oynayır. Son aprel döyüşləri göstərir ki, Azərbaycanın
hərbi uğurları Azərbaycan əsgərinin gücü və İsrail texnologiyasının
tətbiqi ilə bağlı oldu. Aydındır ki, bu faktlardan sonra
Ermənistanda yəhudilərə və İsrailə qarşı isteriya yarandı. Buna
baxmayaraq İsrail hər zaman söyləyir ki, Azərbaycanın yanındadır.
Bu gün İsraildə terror yanğınları baş verib. Bu halda isə
Azərbaycan İsrailin yanındadır. Bu fakt bir daha onu sübut edir ki,
ölkələrimiz, xalqlarımız arasında real strateji əlaqələr mövcuddur.
Burada Azərbaycan prezidenti İlham Əliyevin böyük rolu var. Çünki,
Prezident İlham Əliyev İsrail-Azərbaycan əlaqələrinin
yaradılmasında və inkişafında arxitektor rolunu oynayır. İsrail
tərəfdən isə bu gün müdafiə naziri olan Aviqdor Liberman strateji
əlaqələrin yaranmasında çox önəmli rol oynayıb”.
A.Qut qeyd edib ki, bu faktlar İsrail-Azərbaycan əlaqələrinin
bundan sonra da inkişaf edəcəyini göstərir: “Dekabrın 13-də
İsrailin baş naziri Binyamin Netanyahunun tarixi səfəri baş
tutacaq. Hesab edirəm ki, Azərbaycanın çox mürəkkəb bir regionda
yerləşmasinə baxmayaraq Azərbaycan dövlətinin çox vektorlu xarici
siyasətinin uğurunun göstəricisidir”.