Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazim Süleymanov: “Milli komanda bizim hamımızındı”

Nazim Süleymanov: “Milli komanda bizim hamımızındı”

Date: 27 November 2016 21:57

Azərbaycan futbolunda qəribə proseslər baş verməkdə davam edir. 19 yaşadək futbolçulardan ibarət millimiz Litvada keçirilən seçmə mərhələ oyunlarını başa vurduqdan sonra komandanın ətrafında sözün əsl mənasında informasiya blokadası yaradıldı. Millinin baş məşqçisi Nazim Süleymanov seçmə mərhələnin yekunu ilə bağlı hesabat hazırlayacağını və həmin hesabatı AFFA rəhbərliyinə təqdim etdikdən sonra gələcək planlarından danışmağın mümkünlüyüni vurğulamışdı. Maraqlısı o idi ki, bu açıqlamaya paralel olaraq mətbuatda Süleymanovun Təbriz Həsənovla əvəzlənəcəyi haqda məlumatlar yayılırdı. 


AFFA-nın rəsmi saytının susqunluğunun fonunda Təbriz Həsənovun özü U-19-a baş məşqçi təyin edildiyini və artıq toplanışa futbolçular çağırdığını bildirdi. Qəribədi ki, AFFA-nın saytı noyabrın 29-da start götürəcək təlim-məşq toplanışına çağrılan futbolçuların adlarını açıqlasa da, məşqçi dəyişikliyi barədə hansısa məlumata yer verməyib. 


Sport7.az-ın sorğusuna cavab verən Təbriz Həsənov U-19-a rəhbərlik edəcəyini təsdiqləmiş, ilin sonuna qədər daha bir toplanış keçirmək fikrində olduğunu, millini yanvarın əvvəlində Sankt-Peterbuqda keçiriəcək turnirə hazırlayacağını dilə gətirmişdi.


Belədə tribunanı Nazim Süleymanova verməyə, milli komandanın ətrafındakı müəmmalara aydınlıq gətirməyə çalışdıq:


- Nazim bəy, Litvadan döndükdən sonra AFFA rəhbərliyi ilə görüşəcəyinizi demişdiz. Həmin görüş baş tutubmu?

- Bəli, ötən həftənin ilk günü AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdük. İki il ərzində millini çalışdırmışam və görülən işlərlə bağlı hesabatımı ona təqdim etdim. Qarşılıqlı razılaşma əsasında dekabrın 1-dən müqaviləmin xətm olunmasına qərar verdik. Öz növbəmdə AFFA rəhbərliyinə təşəkkür etdim ki, iki il ərzində mənə etimad göstərdilər, millinin baş məşqçisi kimi çalışdım. Bu, hər bir mütəxəssis üçün qürur duyulası haldı. Çünki milli komanda bizim hamımızındı, qürur mənbəyimizdi. Çalışdım ki, bu etimada layiq olum, Azərbaycan futboluna fayda verək.


- Çoxları ardıcıl 2 il elit-raunda çıxa bilməyən komandanın çıxışını uğursuz sayır. Siz necə düşünürsüz? 

- Bəli, həm ötən il, həm də bu il nəticələr ürəkaçan olmadı. U-19-un qarşısına iki məqsəd qoylmuşdu. Qrupdan çıxmaq və U-21-ə futbolçu yetişdirmək. 1997-ci və 1998-ci il təvəllüdlü futbolçularla çalışdıq. Keçən il Bakıda keçirilən qrup oyunlarında inamımız böyük idi. Komandamız da yaxşı hazırlaşmışdı. Amma bəzi məqamlar uğurlu çıxışımıza əngəl törətdi. Bu seçmə mərhələni isə Litvada keçirdik. Oyunların keçiriləcəyi şəhərə noyabrın 3-də çatdıq. Uyğunlaşmaq üçün zamanımız elə də çox deyildi. Fikrimcə, komandanın bu seçmə mərhələni uğursuz keçirməsinin əsas səbəbi məhz bu oldu. 98-ci il təvəllüdlü futbolçulara inamımız daha çox idi. U-21-ə futbolçu yetişdirmək üçün isə zaman lazımdı. Bu, bir günün, beş günün işi deyil.


- Litvada uğur qazana bilməməyimizə təkcə uyğunlaşma problemi mane oldu?

- Əsas faktor o idi. Amma bəxtsizlik də uğursuzluğumuzda rol oynadı. Qapıçılar xüsusiylə zəif çıxış etdilər. Oyunlarımızı izləmisizsə, siz də gördüz ki, gülməli qollar buraxdıq. Təəssüflər olsun. Seçmə mərhələnin məsuliyyəti ağırdı. Bu cür oyunlar yoldaşlıq oyunları ilə eyni deyil. Futbolçuların nəyə qadir olduğunu da məhz belə məsuliyyətli qarşılaşmalarda görmək mümkündü. 


- Nazim Süleymanovun gələcək planları necədir?

- Düzü, hələ bu barədə düşünməyə vaxtım, imkanım olmayıb. Bir müddət sözsüz ki, istirahətə ehtiyacım var. Məşqçi həyatında tez-tez belə hadisələr baş verir. Bu dəqiqə hansısa təklif üzərində düşünmürəm, çünki belə təklif də almamlşam. Nə zamansa təklif olsa, ona uyğun düşünmək, seçim etmək mümkündü. Harda çalışmışamsa, məqsədim öz bildiklərimi futbolçulara öyrətmək, onların əsl peşəkar kimi yetişməsinə yardım etmək olub. Əminəm ki, belə də davam edəcəyəm. İndilik isə hər hansı plan barədə danışmaq tezdi.


Sport7.az


Tags:  Nazim Süleymanov Milli komanda bizim hamımızındı

RƏYLƏR


Top news