Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dopinqə görə idmançılarımızdan pul mükafatı da geri alına bilər? - AÇIQLAMA

Dopinqə görə idmançılarımızdan pul mükafatı da geri alına bilər? -   AÇIQLAMA

Date: 28 November 2016 10:27

Son aylarda Azərbaycan idmançılarından dopinq tapılması halları artıb. Nəticədə beynəlxalq yarışlarda ölkəmizi təmsil edən və müxtəlif medallar qazanan idmançılarımız bundan məhrum edilirlər. Belə ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verən daha 12 idmançının cəzası açıqlanıb.

Beynəlxalq Olimpiya Komitəsinin (İOC) diskvalifikasiyaya məruz qoyduğu atletlər arasında Azərbaycan ağırlıqqaldırma yığmasının sabiq üzvü Kristina Yovu (53 kq) da var. “London-2012"də Moldovanı təmsil etmiş Yovunun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (turinabol) aşkarlanıb. Nəticədə o, bürünc medaldan məhrum edilib. Moldovalı idmançı məhz həmin olimpiadadan sonra Azərbaycanı təmsil etməyə başlasa da, 2013-cü il iyunun 19-da dopinq-testi nəticəsində orqanizmindən oksandrolon izləri tapıldığı üçün 2 il müddətinə cəzalanıb.

Qeyd edək ki, bundan öncədə Azərbaycanın tanınmış idmançısı, yunan-Roma güləşi üzrə Avropa çempionu Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib.

İdmançılarımızda dopinq tapılma hallarının artması bir çox məsələləri gündəmə gətirib. Öncəliklə həmin şəxslərə qazandıqları uğurlarla bağlı verilən pul mükafatlarının istər beynəlxalq idman qurumları, istərsə də, təmsilçisi olduqları Azərbaycan tərəfindən geri alınıb-alınmayacağı suallar doğurur. Doğrudur, gənclər və idman naziri Azad Rəhimov Vitali Rəhimovdan bu mükafatın geri alınmayacağını bildirib. Lakin nazirin sözləri də sualların cavabı olmayıb. 

İdman jurnalisti Natiq Muxtarlı bildirib ki, medalı verən rəsmi qurumlar birmənalı şəkildə onun geri alınmasını tələb edirlər: 


“Əgər hansısa idmançı gümüş medal qazanıbsa, avtomatik həmin medaldan məhrum olur və üçüncü yeri tutan idmançıya bu medal verilir. Azərbaycanın idman federasiyaları beynəlxalq idman qurumları qarşısında öhdəlik götürüblər. İdmançı mütləq həmin medalı geri qaytarmalıdır. Mükafat məsələsində vəziyyət birmənalı deyil. Bəzi ölkələr var ki, həmin mükafatı geri istəyirlər, bəziləri də var istəmirlər. Əslində bunu geri almağın bir mexanizmi də yoxdur. Tutaq ki, 6-7 il əvvəl bir idmançı medal qazanıb, dövlət ona pul mükafatı verib və həmin idmançı da onu xərcləyib. Külli miqdarda olan həmin pulu geri qaytarmaq da mümkün deyil. Azərbaycanın idman naziri açıqlama verdi ki, bu mükafat geri alınmayacaq. Hər ölkədə bu bir cürdür. Amma medallar mütləq geri qaytarılmalıdır. Vitali Rəhimov deyib ki, medalı geri qaytarmayacam. Buna görə Azərbaycanı cəzalandıra bilərlər. O mütləq medalı geri qaytarmalıdır. Azərbaycanda indiyə qədər rast gəlməmişəm ki, dopinq aşkarlanan idmançılardan həmin mükafatları geri alsınlar. Çünki federasiya idmançıların xidmətlərini nəzərə alırlar. Açığı hansısa idmançının bilərəkdən dopinq qəbul etdiyinə inanmıram. Əgər dopinq idmançıda aşkarlanırsa, orada məşqçilərin, idman federasiyasının və nazirliyin günahı var. Çünki onlar hansı idmançıya dopinq verildiyini bilirlər. İdmançı yarışa çıxarkən mütləq yoxlanılır. Əgər idmançı dopinqlə ilişirsə, demək günahkar o deyil. Görünür nazir bunları nəzərə alıb, həmin idmançıdan mükafatı geri istəmir. Bütün günahları idmançının üzərinə yükləmək ədalətsizlik olardı”.

Hüquqşünas Müzəffər Baxış hesab edir ki, belə hallar baş verərsə, bu, həmin idman növü üzrə beynəlxalq normalarla tənzimlənir:


“Həmin idman növlərinin beynəlxalq səviyyədə federasiyaları var, onların qaydaları ilə tənzimlənir. Beynəlxalq qaydalara görə, medallar geri alınırsa, onların statusları və onlara verilən mükafatlar geri alınır. Azərbaycan Konstitusiyasına görə, Azərbaycan öz qanunvericiliyini beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun qurmalıdır. Belə olduğu halda Azərbaycanda bu normalara əsasən, beynəlxalq idman qurumların üzvü olduğuna, buna görə üzvlük haqqı ödədiyinə görə o prinsiplərə əməl etməlidir. Konstitusiyanın 10-cu maddəsinə görə, Azərbaycan başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edib, beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərə əsasən münasibətlərini qurur. Əgər hansısa beynəlxalq idman qurumuna üzv olmuşuqsa, onun keçirdiyi yarışlarda iştirak ediriksə, onların müəyyən etdiyi prinsiplərə əməl etməliyik. 

Qaydalara görə, dopinq aşkarlanan idmançıdan həmin mükafatlar geri alınır. Məntiqlə belə olmalıdır. Amma bizim nazir dedi ki, idmançıdan mükafatı geri almayacağıq, çünki o əziyyət çəkib. Onun əziyyətinin nədən ibarət olduğunu bilmirəm. Həm qanunun, həm ədalətin prinsiplərinə görə həmin mükafat ondan geri alınmalıdır. Hətta burada cinayət tərkibi də axtarmaq mümkündür. Məsələn, bilirəm ki, Azərbaycanda pul ayrılıb və bunu əldə etmək üçün dopinqdən istifadə edirəm, mənə olan etimadı nəzərə almıram və ayrılan 300 mini əldə edirəm. Bunu dələduzluq kimi də qiymətləndirmək olar. O baxır hansı ölkədə, Koreyada olsaydı, cinayət məsuliyyətinə həmin idmançı cəlb olunardı”.

Fanat.Az

Tags:  Dopinqə idmançılarımızdan pul mükafatı geri alına bilər AÇIQLAMA

RƏYLƏR


Top news