Karate üzrə Azərbaycan yığmasına Çexiyadan legioner cəlb olunub

Karate üzrə Azərbaycan yığmasına Çexiyadan legioner cəlb olunub
11:07 28 Noyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Karate üzrə Azərbaycan yığmasına yeni legioner idmançı cəlb olunub. Bu barədə "Report"a Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.
Onun sözlərinə görə, 22 yaşlı Dorota Baltsiarova artıq bir həftəyə yaxındır "Çempion" klubunda çıxış edir: "Həftə ərzində onunla bir illik müqavilə imzalanacaq. Slovakiyalıdır, amma Çexiyada yaşayır. Dorota 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Bakıda hazırlaşacaq. Gənc idmançıdır, Avropa və dünya çempionatında nəticələri olub. Biz də onu kluba götürdük. Kişilərin kumite və kata, qadınların isə kumite yarışlarında başqa idmançıya ehtiyacımız yoxdur. Ancaq qadınların katasında zəiflik var. İrina Zaretska, Rafael Ağayev kimi idmançılarla birgə məşq edəndə nəsə öyrənmək olur. Bəzi klublar var ki, 30 yaşdan yuxarı idmançı çağırır. Amma bizə gənclər lazımdır. Nazir Azad Rəhimov da bildirib ki, idmanın inkişafı üçün buna ehtiyac varsa, legioner cəlb edə bilərik".
Y.Bəşirovun sözlərinə görə, D.Baltsiarova 2017-ci il yanvarın sonlarında Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqada iştirak edəcək: "Bizə gələcəkdə nəticə vermək üçün indidən gənc idmançılar lazımdır. Dorota Parisdəki turnirdə yığmanın heyətində çıxış edəcək. Həmin yarışda onu bir daha yoxlayacağıq. Klubun heyətində ölkə çempionatında da çıxış etdi və finalda 5:0 hesablı qələbə qazandı. Bir daha göstərdi ki, belə idmançı bizə lazımdır. İslam Oyunlarına qədər onun nəticələrinə, reytinqinə baxacağıq. Hər şey qaydasında getsə, zədəsi olmasa, mayda Bakıda yarışacaq".
Federasiya prezidenti D.Baltsiarovanın uğurlu çıxışını davam etdirəcəyi təqdirə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında da iştirak edə biləcəyini vurğulayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/karate-uzre-azerbaycan-yigmasina-yeni-idmanci-celb-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR