Qarabağ qaziləri necə müalicə olunur? - REPORTAJ

Qarabağ qaziləri necə müalicə olunur? - REPORTAJ
11:19 28 Noyabr 2016
101 Digər
Ölkə mətbuatı
A- A+

Onlarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində tanış olduq. Əksəriyyəti Qarabağ döyüşlərinin iştirakçılarıdır. Ürəkləri bu gün də Qarabağla döyünən qəhrəmanlar müharibənin sərt üzünü görüb, sağlamlıqlarını vətən uğrunda gedən döyüşlərdə itiriblər.
 
Sultan Hacıyev birinci qrup Qarabağ əlilidir. 1993-95-ci illərdə Gədəbəy və Tovuz cəbhəsində gedən döyüşlərinin fəal iştirakçısı olub. Tovuz uğrunda gedən döyüşlərdə boyun-boğaz nahiyəsindən aldığı güllə onurğa beyninin zədələnməsinə və sol tərəfli iflic olmasına səbəb olub. Beş il tam hərəkətsiz olub. Həkimlərin səyi nəticəsində artıq heç kimin köməyi olmadan sərbəst yeriyir və danışır: "Burda müalicə alıram, hər 3-6 aydan bir həkimlərin təyinatı ilə müalicə alıram. Əvvəllər yataq şəraitindən qalxa bilməmişəm, boyun hissəmdən aşağı işləməyib. Güllə boyun-boğaz nahiyəmi dəlib keçmişdi. Onurğa beynimi, arteriya damarımı və venamı zədələmişdi. Bizi həm burda, həm də xarici ölkələrdə müayinə təmənnasız müalicə edirlər".
 
Füzuli Həsənov Ağdərə uğrunda gedən döyüşlərin iştirakçısıdır. Ağdam və Füzuli cəbhəsində də döyüş təcrübəsi keçib. Elə orda da  baş nahiyəsindən və ayağından ağır yara alıb. Həkimlərin təyinatı ilə Şamaxıdan Bakıya hər il Əlillərin Bərpa Mərkəzində müalicəyə gəlir. Dözülməz baş ağrılarından əziyyət çəkdiyini deyən müsahibimiz  reabilitasiya sayəsində səhhətinin yaxşılaşdığını deyir. Hər gün döyüşləri xatırlayır  və bu gün də Vətən torpaqlarının azad olunmasında döyüşlərə qatılmağa hazır olduğunu gizlətmir: "Demək olar ki, hər gün döyüşləri xatırlayıram. Bu gün də ön cəbhəyə getməyə hazıram. Təki torpaqlarımız azad olunsun, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtsın".
 
Bakir Quliyev isə ikinci qrup Qarabağ əlilidir. Sağlamlığını Ağdam uğrunda gedən döyüşlərdə itirib, çoxsaylı qəlpə yaraları alıb. İndi ürəyi də xəstədir. Bütün bunlara baxmayaraq, bu ilin aprel ayında yenidən cəbhə bölgəsinə yollanaraq döyüşlərə qatılmaq istəyib: "Cəbhəyə getdim. Bəlkə də heç bizdən bunu ummurlar da, amma döyüşçü yoldaşlarımla dözə bilmədik. İndi qüdrətli ordumuz var. Ali Baş Komandanın əmri ilə bugünkü əsgərlərimizlə düşünürəm ki, bir aya işğal olunmuş torpaqlarımızı geri ala bilərik. Bura mütəmadi müalicəyə gəlməyimə baxmayaraq, ürəyim ordadır. Burda bizə müalicə üçün hər cür şərait yaradılıb. Əllərindən gələni bizim sağlamlığımız üçün edirlər. Bilirsiniz, döyüşən oğlanlar şikəst olmur, qoy belə düşünməsinlər. Bu gün də əmrə hazırıq. Bizi çağırmağa ehtiyac yoxdur, döyüş başlasa, biz yenidən ordayıq".
 
66 yaşlı Sabir Əhmədov da Qarabağ veteranıdır. Əslən Ağdamdandır. Deyir ki, müharibə başlayan ilk gündən cəbhədə olub, döyüşlərdə fəal iştirak edib: "Qarabağ veteranıyam, Şirin Mirzəyevin dəstəsində vuruşmuşam. Əvvəlcə 709, sonra isə 190 saylı batalyonda döyüşdüm, Seyfəliyə göndərdilər. Döyüşlərdən sonra şəkər xəstəliyinə tutuldum. Şəkər xəstəliyindən sonra bir ayağımı amputasiya ediblər. Sağ ayağım isə yaxşı işləmir. Ayağa dura bilmirəm, araba ilə gəzirəm. İki ildir burda müalicə alıram. Yaxşı şərait var. İnfarkt da keçirmişəm, mütəmadi müalicə aldıqca yaxşılaşıram".
 
Digər həmsöhbətimiz Müşfiq Baxşıyev isə müharibənin odlu-alovlu günlərinin iştirakçısıdır. Uzun illər döyüşsə də, cəbhədə yara almayıb. Amma döyüşlərdən sonra Bakıya qayıdıb, keçirdiyi ağır avtomobil qəzası nəticəsində Müşfiq Baxşıyevin onurğa sütunu qırılıb: "9 ildir yeriyə bilmirəm. Ayaqların işləmir. Robot aparatı vasitəsilə gündə 30 dəqiqə, ümumilikdə isə gündə 3-4 reabilitasiya keçirəm. Bu, həm də mədə-bağırsaq sisteminin yaxşılaşmasına kömək edir. Ayaq əzələrim güclənir. Bu aparat olmasa, tam hərəkətsiz qalaram".
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin  fizioterapiya və psixoloji korreksiya şöbəsinin müdiri Ləyaqət Misirova mərkəzdə əlilliyi olan şəxslərə kompleks tibbi-sosial və peşə reabilitasiyasının göstərildiyini deyir. Onun sözlərinə görə, mərkəzdə  əlillərə kompleks tibbi, sosial və peşə reabilitasiyası tədbirlərinin aparılması yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, tibbi, sosial, peşə diaqnostikasının və reabilitasiyasının həyata keçirilməsi, xəstəlikləri nəzərə alınmaqla bərpa müalicəsi alanların dietik və rasional qidalanmasının təşkili, əlillərin reabilitasiya potensialının reallaşdırılması üzrə fərdi reabilitasiya proqramlarının hazırlanması və icrası istiqamətində işlər görür: "27 ildir burda çalışıram. Bizim xəstəxanaya müxtəlif səbəbli əlillər gəlirlər. Ümumi səbəbdən Çernobıl əlilləri, Əfqanıstan və Qarabağ münaqişəsi zamanı sağlamlığını itirənlər, bütün kateqoriyalı əlillər müalicəyə gəlir. Burda onlara fizioterapiya ilə yanaşı, psixoloji korreksiya sahəsində də yardım göstərilir. Bilirsiz, fiziki qüsur almış insanın psixoloji durumunda narahatlıq olması labüddür. Yəni bu insan psixologiyasıdır. Bəzən onların həyat eşqi ölür, onlar yaşamaq belə istəmirlər. Biz gün ərzində 50 nəfərə yaxın əlillə tibbi-psixoloji yardım göstəririk. Onların içində çox istedadlı insanlar, əl işləri, tikmə ilə məşğul olanlar var. Onlar reabilitasiya və psixoloji yardımlardan sonra sağlam insanlardan daha yararlı olurlar".
 
Mərkəzin Tibbi-sosial reabilitasiya şöbəsinin müdiri Günay Rəfiyeva deyir ki, bərpa mərkəzi artıq bir ildir təmir olunub, il ərzində 1700 nəfərə yaxın əlilliyi olan şəxslərə xidmət göstərilib. Mərkəzin təmirindən sonra müraciətlərin sayının artdığını deyən Günay Rəfiyeva əlavə edib ki, bu səbəbdən artıq növbəlilik sistemi tətbiq olunur: "Mərkəzin təmirindən sonra müraciətlərin sayı artdığı üçün məcburən növbəlilik sistemi yaratdıq. Buna görə də bizə əlilliyi olan şəxslərin ya özləri, ya da yaxınlarının köməkliyi ilə mərkəzə sənədlərini göndərirlər. Qarabağ əlillərinə növbədənkənardır, digər əlillərimiz isə növbəli sistemlə qəbul olunur. Stasionarda 50, ambulatorda 30 xətə qəbul olunur. Bizə axın və müraciətlərin sayı çox olduğundan, 50 çarpayılıq yerdə belə növbəlilik tətbiq olunur. Bölgələrdə də bərpa mərkəzləri var, amma burda daha çox müasir tibbi avadanlıqlar olduğundan, bölgələrdən çoxlu sayda müraciətlər qəbul olunur. Müalicəsi və müayinəsi bizə uyğun olan bütün əlillərə xidmət göstərilir".
 
Mərkəzdə 18 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə xidmət göstərilir. Bərpa müalicəsi alanların yaşını və sağlamlıqlarını nəzərə almaqla onların mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi prosesi də həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR