Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qan qoxusu gəlir - Sarksiyan Bakını tutmaqla hədələdi

Qan qoxusu gəlir - Sarksiyan Bakını tutmaqla hədələdi

Date: 28 November 2016 12:52

Ermənistanın Respublika Partiyasının 16-cı qurultayında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan bu vaxta kimi Azərbaycanın ünvanına heç vaxt səsləndirmədiyi və bütün bölgədə müharibə və qan qoxusu yayan hədələrlə çıxış edib.

O deyib: "Biz qarşımıza Bakını tutmaq və onu kapitulyasiyaya məcbur etmək kimi hərbi-siyasi məqsəd qoymamışıq, amma eyni zamanda yaxşı anlayırıq ki, düşmənə sarsıdıcı zərər vura bilərik: fikrimcə, əlavə detallara ehtiyac yoxdur".

Onun bu çıxışını bir tərəfdən sayıqlama və özünü aldatma, digər tərəfdən isə erməni cəmiyyətini və silahlı qüvvələrini ruhlandırmaq cəhdi kimi qiymətləndirmək olar. Lakin bütün hallarda Sarkisyanın bu çıxışı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə ciddi zərbədir və onun nəticəsi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region dövlətləri üçün çox ağır olacaq.

Azərbaycanın öz iradəsini onlara yeritməyə çalışdığını deyən Sarkisyan aprel hadisələrinə görə günahı qarşı tərəfin boynuna atmağa çalışıb. O, Azərbaycanı qəfil genişmiqyaslı hücum etməklə təxribatda, dinc sakinlərə və hərbi əsirlərə qarşı hərbi cinayətlər törətməkdə, bunu təcavüz adlandıraraq danışıqlar prosesinə ciddi zərər vurmaqda ittiham edib.

Sadəcə, ermənistanlı "Napoleon" deməyi unudub və ya yada salmaq istəməyib ki, bu, Azərbaycanın qəfil hücumu yox, Ermənistanın günlərlə, həftələrlə davam edən və dinc azərbaycanlı sakinlərə qarşı yönəlmiş silahlı təxribatlara məcburi verilmiş cavab idi. İkincisi, Azərbaycan cəbhədə genişmiqyaslı yox, konkret iki istiqamət üzrə və cüzi resurslardan istifadə etməklə əks əməliyyat keçirmişdi və bu əməliyyat mülki əhaliyə qarşı yox, konkret Ermənistanın işğalçı ordusuna qarşı yönəlmişdi. Üçüncüsü, həmin hərbi əməliyyatlar zamanı hərbi əsirlərin olması barədə nə tərəflər, nə də beynəlxalq təşkilatlar heç bir məlumat açıqlamayıblar. Dördüncüsü, təcavüzkar öz ərazisini azad etməyə çalışan Azərbaycan yox, başqa dövlətin ərazisini zəbt edərək artıq gah özününkü sayan gah da müstəqil dövlət kimi təqdim etməyə çalışan Ermənistandır.

Bununla belə öz ampluasında olan Sarkisyan hazırda problemin nizamlanması üzrə səyləri aprelə qədərki və apreldən sonrakı olmaqla iki mərhələyə bölüb: "Bundan əvvəl olduğu kimi, sonra da bizim mövqeyimiz birdir: Ermənistana və Dağlıq Qarabağa müharibəni başlamaq üçün səbəb yoxdur. Bizim yanaşmamızda və Azərbaycanın yanaşmalarındakı əsas fərq bundan ibarətdir. Problem yalnız sülh danışıqları yolu ilə həll edilə bilər. Nəticənin əldə olunması üçün isə tərəflər danışıqları vicdanla aparmalıdır".

Əvvəla, məntiqlə, təbii ki, başqa bir dövlətin ərazisini işğal edən tərəf istəyinə nail olandan sonra müharibəni davam etdirməkdə maraqlı olmayacaq və əldə etdiklərini qoruyub saxlamağa çalışacaq. İkincisi, Sarkisyanın vicdanla danışıqlar aparmasından söz açması nə qədər gülüncdürsə, rəsmi Bakını guya reallıq hissini itirməsində ittiham etməsi daha tragikomik görünür:

"Tərəflərin mövcud qüvvələr balansını real qiymətləndirməsi az əhəmiyyətli deyil. Aprel hadisələri göstərdi ki, Bakının reallıqla bağlı problemləri var. Fakt ondan ibarətdir ki, bizim ordumuz müdafiə tərəfi olaraq qoyulan tapşırığa nail olub. Azərbaycan isə qəfil hücumu ilə hərbi-siyasi məqsədlərinə nail ola bilmədi".

"Kor tutduğunu buraxmaz" prinsipi ilə çıxış edən "dahi rəhbər"in fikrincə, Qarabağ problemi yalnız Qarabağ xalqının (?) öz müqəddəratını azad təyin etməsi vasitəsilə həll edilə bilər: "Bütün digər məsələlər törəmədir və öz məntiqi həllini problemin həllinə paralel olaraq tapacaq. Nə qədər ki, bu əsas problem qalır, nə qədər ki, Dağlıq Qarabağın statusu qeyri-müəyyən olaraq qalır, heç bir digər məsələ həllini tapa bilməz".

Vicdanlı danışıqlardan dəm vuran bu mini-mütəfəkkir daha sonra gah Dağlıq Qarabağdakı rejimi müstəqi respublika kimi təqdim edir, gah da Azərbaycan rəhbərliyini söz oyunu oynamaqda, məntiqsizlikdə və gerçəkliyi qiymətləndirə bilməməkdə ittiham edir:  

"Biz mövcud qüvvvələr balansını dəqiq qiymətləndiririk. Biz silahlanma yarışına cəlb olunmayacağıq, bunda heç bir məna görmürük. Əvəzində silahlı qüvvələrimizin qarşısında duran hərbi-siyasi məqsədləri yaxşı təsəvvür edirik. Bizim resurslarımız bu məqsədlərə nail olmaq üçün bizi qane edir. Heç bir silah öz-özünə döyüş əməliyyatlarının nəticəsini təyin edə, həll edə bilməz. İnsan, hərbi qulluqçu silahlı qüvvələrin həlledici vahidi olaraq qalır. Erməni ordusunun siması - erməni hərbçisidir. Hansı ki dəfələrlə sübut edib ki, döyüş meydanında həlledici şey silahı bacarıqla tətbiq etmək qabiliyyəti və arzusu, iradə və cəsarətdir. Ermənistan silahlı qüvvələri ən yaxşılardan biri olmalıdır"

Əhalisinin böyük hissəsi ölkədən qaçmağa meylli, iqtisadiyyatı, eləcə də ordusunun təchizatı Rusiyadan, büdcəsinin bir hissəsi xaricdəki erməni diasporundan və dilənçiliklə əldə edilmiş yardım və ianələrdən ibarət olan vassal bir dövlətin rəhbərinin "resurslarımız məqsədlərə nail olmaq üçün bizi qane edir" deməsi və erməni əsgərinin gücünü qabartması psixi problemi olan şəxsin danışığına bənzəyir.

Lakin onun "mövcud qüvvələr balansı" deyərkən nəyi nəzərdə tutması çox maraqlıdır. Əgər bu fikrin altında yalnız Ermənstanın qüvvəsi nəzərdə tutulursa, bu sayıqlama, əgər "arxalı köpək qurd basar" prinsipi ilə Rusiyanın ermənilərə dəstək verəcəyi nəzərdə tutulursa, bu, Azərbaycana qarşı ciddi təhdiddir.

Rusların bir atalar sözündə deyilir ki, şeytan balası onun bəslənilməsi qədər qorxulu deyil. İndi elə bir məqam yetişib ki, şeytan ya balasına ağıl verib haqq yoluna gətirməli, ya da özü ortaya çıxıb "əslində, qır qazanını qaynadan mənəm" deməlidir...

İlkin İzzət
Milli.Az


Tags:  Qan qoxusu gəlir Sarksiyan Bakını tutmaqla hədələdi

RƏYLƏR


Top news