Ağa Aşurovun qəbrini necə tapmalı? - AXTARIŞ

Ağa Aşurovun qəbrini necə tapmalı? - AXTARIŞ
14:24 28 Noyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

Zaman 1920-ci il aprelin 27-i, saat 12.

 

Bolşeviklərin ADR parlamentinə verdiyi ultimatuma cavab vermək lazım idi. Ya hakimiyyət Qırmızı Orduya təslim edilir, ya da… Ya da silahlı mübarizəyə başlanırdı. ADR parlamenti qızğın müzakirələrdən sonra hakimiyyəti dinc yolla təhvil vermək qərarına gəlir. 3 nəfər bitərəf qalmaqla hakimiyyət təhvil verilir. Amma deputatların arasında bir nəfər də olur: Ağa Aşurov. Hə, məhz Ağa Aşurov ADR parlamentində yeganə şəxs olur ki, qəbul edilən qərarın əleyhinə səsə verir, hakimiyyətin təhvil verilməsinin əleyhinə çıxır.

Kim idi bu Aşurov?

 

Ağa Aşurov 1880-ci ildə Bakı şəhərində anadan olub.

Bakı gimnaziyasını bitirib. Almaniyada mühəndis - texnoloq ixtisası üzrə ali təhsil almışdı. O, 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən 3-cü qurultayında iştirak etmiş və qurultayın rəyasət heyətinin tərkibinə seçilmişdi. Milli hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından (1917) sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak etmişdi. 1918-ci ilin mart qırğınları zamanı hərbi əməliyyatları dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin, Erməni Milli Şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin ikinci Hökumətində bitərəf Aşurov ticarət və sənaye naziri işləmiş, eyni zamanda, 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik etmişdi.

 

Cümhuriyyətin mövcudluğunun ilk mərhələsində dövlətin ticarət-sənaye və ərzaq siyasətini, əsasən, Aşurov müəyyənləşdirirdi. Aşurov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, Müsavat və bitərəflər fraksiyasında təmsil olunmuşdu. O, 1920-ci il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən yeganə parlament üzvü idi. Buna görə də ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbs edilməsi barədə göstəriş versələr də, ələ keçirə bilməmişdilər. Aşurov Türkiyəyə mühacirət etməyə cəhd göstərmiş, bu baş tutmadıqda, Rostov şəhərinə köçüb, orada ixtisası üzrə mühəndis işləmişdi. Rostovun tatar qəbiristanlığında dəfn olunmuşdu.

 

Vesti.az-ın əməkdaşı Zaur Nurməmmədov Həştərxan şəhərinin fəxri vətəndaşı Ədələt Hüseynov və Rostovdan olan Müşfiq Rəhimov adlı həmyerlilərimizlə bir qədər əvvəl həmin qəbiristanlıqda olmuşdular. Zaurun dediyinə görə, qəbiristanlıqda dəfn edilənlərlə bağlı bəzi məlumatlar, xüsusən də 1940-cı ilədək aparılan qeydiyyat it-bata düşüb. Aşurov 1936-cı ildə vəfat etdiyindən onun harada basdırılması, qəbir yerini müəyyən etmək mümkün deyil. Amma fakt budur ki, Aşurov məhz tatar qəbiristanlığında dəfn edilib.

Azərbaycan tarixində özünəməxsus yeri olan Aşurovun qəbrinin tapılması, həm savab işdir, həm də tariximizə hörmətdir. Əslində Aşurovun bu qəbiristanlıqda dəfn edilməsi ilə bağlı tutarlı fakt Cümhuriyyət dövrüylə bağlı çap edilən ensiklopediyanın çapından sonra bəlli oldu. İndi qalır qəbir yerini tapmaq. Həmkarımızın dediyinə görə, il yarımdan sonra ADR-in yaranmasının 100 illiyidir.

“Həmin vaxta qədər qəbir yerini tapmaq, onun üstünü götürmək, çox yaxşı olardı. Və bu məsələdə biz tələsməliyik”.

 

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR