Dövlət Komitəsinin sədri: "Azərbaycanda dini radikal qruplara qarşı ciddi mübarizə aparılır"

Dövlət Komitəsinin sədri: "Azərbaycanda dini radikal qruplara qarşı ciddi mübarizə aparılır"
14:37 28 Noyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, M.Qurbanlı Azərbaycanla İran arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərindən bəhs edib.
O, iki ölkə arasında din sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Ölkədə dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin mövcud olmadığını önə çəkən komitə sədri Azərbaycanın dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb. 
O qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və dövlət tərəfindən dini qurumlara və icmalara hərtərəfli dəstək verilir.
M.Qurbanlı Azərbaycanda dini radikal qruplara qarşı ciddi mübarizə aparıldığını, ölkədə bu cür qrupların sosial bazasının mövcud olmadığını və Azərbaycanın bu sahədəki təcrübəsinin digər ölkələr tərəfindən maraqla qarşılandığını bildirib.
Azərbaycan - İran arasında etimad və dostluq münasibətlərinin bundan sonra da davam edəcəyini deyən səfir Cavad Cahangirzadə qarşılıqlı səfərlərin təşkilində, dini radikalizm və ekstremizmlə mübarizə çərçivəsində birgə tədbirlərin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.
O, bu cür görüşlərin ölkələrimiz arasında münasibətlərin daha yüksək xətlə inkişaf etməsinə töhfə verəcəyini ifadə edib.
Səfirə fəaliyyətində uğurlar arzulayan Mübariz Qurbanlı onun Azərbaycan-İran arasında dini və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavini Gündüz İsmayılov və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi də iştirak ediblər. 



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/mubariz-qurbanli-i-ranin-azerbaycandaki-sefiri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR