“The GeaCron Project” təşkilatının yaratdığı “GeaCron”
xəritə sistemində (geacron.com)
Azərbaycan torpaqları Ermənistan adı ilə təqdim
olunub.
Publika.az xəbər verir ki, “The GeaCron Project”
dünyanın siyasi xəritəsini eramızdan əvvəldən başlayaraq, günümüzə
qədər tərtib edib.
Sistemdə X-XI əsrə aid xəritədə Azərbaycan əraziləri Ermənistan adı
ilə təqdim olunub. Halbuki, IX əsrdən başlayaraq, XI əsrə qədər
Azərbaycan torpaqlarında Şirvanşahlar, Salarilər, Sacilər,
Şəddadilər və Rəvvadilər adlı türk dövlətləri mövcud idi. XI əsrin
ortalarında etibarən bu ərazilər ümumilikdə Böyük Səlcuqlar
İmperiyasının tərkibinə daxil edilib. Lakin nə həmin vaxt, nə ondan
əvvəl bu bölgədə ermənilərə aid heç bir ərazi və dövlət quruluşu
olmayıb.
“The GeaCron Project”in ən böyük səhvlərindən biri isə XIII əsrə
aid xəritədə Azərbaycanın Şimal ərazilərini Gürcüstan adı altında
təqdim etməsidir. Həmin dövrdə bu coğrafiyada Atabəylər və
Elxanilər dövləti mövcud idi. Müəyyən qədər ərazi isə Teymurilər
dövlətinin tərkibində idi. Teymurilər zəifləyəndən sonra isə
Qaraqoyunlu və Ağqoyunlu dövlətləri meydana çıxdı.
“The GeaCron Project” bu addımının iki səbəbi ola bilər: ya
sistemdə yanlışlığa yol veriblər, ya da bu yanlışlığı bilərəkdən
edərək, təxribata əl atıblar. Ermənilərin və erməni lobbisinin
Azərbaycana qarşı tarixi təxribatlara əl atması dəfələrlə baş
verib. Bunun fonunda “GeaCron” sisteminin məqsədi şübhəlidir.
Sistemin məqsədi haqqında deyilir ki, “tarixi məzmunlu saytların
köməkçisi olmaq və onlayn ensiklopediya olaraq fəaliyyət
göstərməkdir”.
Lakin göründüyü kimi mayak olmağa çalışan sistem yolu səhv
göstərir.
Qeyd edək ki, bu təşkilat İspaniyada fəaliyyət göstərir. Sistemin
yaradıcı Luis Muzquizdir. O, 1983-cü ildə İspaniyanın “Complutens
de Madrid” Universitetində coğrafiya və tarix ixtisası üzrə təhsil
alıb.
Asif