Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"STAR" zavoduna indiyədək 4 mlrd. dollara yaxın vəsait sərf olunub

"STAR" zavoduna indiyədək 4 mlrd. dollara yaxın vəsait sərf olunub

Date: 28 November 2016 15:02

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Petkim yarımadası (Türkiyə) ərazisində tikintisi davam edən "STAR"  neft emalı zavodunun inşasına indiyədək 3,9 mlrd. dollar vəsait qoyulub.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu "STAR"ın baş direktoru İbrahim Palaz bildirib.
"Layihənin ümumi dəyəri 5,7 mlrd. dollar təşkil edir ki, bu məbləğin də 3,3 mlrd. dolları 23 bankdan cəlb edilən kredit hesabına həyata keçirilir. Kredit anlaşması vaxtında və uyğun şərtlərlə olub. Əgər kredit razılaşması indi olsaydı kredit 1,5% baha olardı. Bu isə 450 mln. dollar məbləğində əlavə xərc tələb edərdi. "STAR" zavodunun layihə maliyyələşdirilməsi kreditin həcmi və müddəti baxımından Türkiyənin bugünə qədərki ən böyük və uzunmüddətli (15-18 il) kredit razılaşması hesab olunur”, - deyə müəssisənin rəhbəri qeyd edib.
O, layihə üçün əlavə maliyyəyə ehtiyac olmadığını vurğulayıb.
İ.Palaz görülən işlərdən də danışaraq bildirib ki, işlər qrafik üzrə davam edir. O həmçinin əlavə edib ki, hazırda layihə çərçivəsində işlərin 78,3%-i yerinə yetirilib: "Tikinti işlərinin böyük hissəsi tamamlanıb. Mühəndislik işlərinin 99,5%-i, satınalma işlərinin 95,5%-i, inşaat işlərinin isə 57,5%-i yekunlaşıb”.
Layihənin baş direktoru bildirib ki, zavod 2018-ci ilin aprel ayında istifadəyə veriləcək: “Zavod istifadəyə verildikdən sonra ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. Zavod dizel, təyyarə yanacağı, nafta və neft koksu kimi məhsulların idxalını böyük həcmdə azaldacaq. Türkiyənin ümumilikdə dizel idxalı (2015-ci ildə - 12 mln. ton) yarıya qədər, ölkə üzrə tələbatı 25% azaldacaq. Türkiyənin idxal etdiyi naftanın isə hamısını zavod qarşılayacaq. Ümumlikdə, idxal həcmi 2,5 mlrd. dollar azaldılacaq”.
Qeyd edək ki, "STAR" neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodda ildə 4,7 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 320 min ton LPG, 1,6 mln. ton nafta, 690 min ton neft koksu, 159 min ton kükürd və digər məhsullar istehsal olunacaq. Zavodda əsasən “Ural”, "Azeri Light” və Kərkük neft növləri emal ediləcək.


Tags:  STAR zavoduna indiyədək mlrd dollara yaxın vəsait sərf olunub


RƏYLƏR


Top news