Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Attestatlarda buraxılış imtahanlarının nəticələri balla yazılacaq - YENİLİK

Attestatlarda buraxılış imtahanlarının nəticələri balla yazılacaq - YENİLİK

Date: 28 November 2016 16:33

Azərbaycanda həm ümumi orta, həm də tam orta təhsil pilləsini bitirənlərə attestat veriləcək.

Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, artıq şəhadətnamə olmayacaq və IX-XI sinfi bitirən şagirdlərə veriləcək sənəd attestat adlanacaq.

Onun sözlərinə görə, şəhadətnamənin ləğv edilərək tam orta və ümumi orta təhsil səviyyələri üzrə yalnız attestatın verilməsi təkmilləşdirmənin nəticəsidir: “Yeni attestatlar əvvəlki təhsil sənədlərindən daha da rahatdır. Attestatların forması və içərisinin məzmunu dəyişilib. Sənədin məzmunu daha səlis və rahat formada yazılacaq. Təhsil sənədlərində bu kimi dəyişikliklərin edilməsinin gələcəkdə vahid imtahanın tətbiq olunmasına heç bir aidiyyatı yoxdur”.

A.Əhmədov qeyd edib ki, yeni attestatlarda buraxılış imtahanlarının nəticələri qiymətlə yox, balla yazılacaq. Nazirlik rəsmisi əlavə edib ki, attestatda yekun qiymət hissəsi 2 yerə bölünüb ki, onlardan biri illik, digəri isə buraxılış imtahanı qiymətidir: “Bu tədris ilinin sonunda kurikuluma əsasən tədrisini başa vuracaq IX sinif məzunlarının buraxılış imtahanlarındakı fənlər üzrə nəticələri attestatda balla qeyd olunacaq. Gələcəkdə bu proses digər siniflərdə də tətbiq ediləcək. IX sinifdə buraxılış imtahanı 2 fəndən - Tədris dili (Ana dili, Rus dili) və Riyaziyyat üzrə keçirilir. Amma illik qiymət bütün fənlərdən çıxarılır. Əvvəllər buraxılış imtahanın nəticələri qiymətlə - “2”, “3, “4” və “5” yazılırdı. Amma yeni attestatlarda buraxılış imtahanı keçirilən fənlər üzrə qiymətlər balla yazılacaq. Qiymətlərin bala uyğun olaraq necə hesablanacağı hələlik məlum deyil. Amma 100 ballıq sistemdə “4”, “5” və digər qiymətlərin hansı bala uyğun tutulacağına dair ayrıca təlimat olacaq. İlik qiymət isə elə əvvəlki qaydada yazılacaq”.

Təmayülləşməyə gəlincə, A.Əhmədov qeyd edib ki, bu proses tam orta təhsil səviyyəsinə aid edilir. Onun sözlərinə görə, ümumi orta təhsildən sonra tam orta təhsil səviyyəsində təmayülləşmə təmin olunur: “Uşaqların marağı, arzu və istəklərinə görə təhsilləri təmayüllər üzrə təşkil edilir. Burada onların tədris planındakı fənlər ənənəvi tədris planlarına nisbətən az olur. Tam orta təhsil haqqında attestatda “Təhsil aldığı təmayül” qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti qeyd olunacaq.

Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlər üzrə tam orta təhsil haqqında attestata isə şagirdlərin IX sinfə kimi bu fənlərdən aldığı qiymətlər yazılacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nı yeni redaksiyada təsdiq edib. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir. (apa)


Tags:  Attestatlarda buraxılış imtahanlarının nəticələri balla yazılacaq YENİLİK

RƏYLƏR


Top news