Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şərif Ağayar hər şeyi açıb-ağartdı: “Ondan sarımsaq və yanmış ət iyi gəlirsə...” - MÜSAHİBƏ

Şərif Ağayar hər şeyi açıb-ağartdı: “Ondan sarımsaq və yanmış ət iyi gəlirsə...”  - MÜSAHİBƏ

Date: 28 November 2016 17:08

Çox sadə görünüb, sadə danışan, yazısı da özü kimi sadə, amma dərin olan, yaşa dolduqca kompleksləri ilə zənginləşən Şərif Ağayarla söhbət etmək istədik. Odur ki, Publika.az-ın "Bildirçin"i Şərif Ağayarı tapıb sual atəşinə tutdu. Suallarımıza o daha çox müdrikcəsinə, astagəlliklə, bir qədər də mürəkkəb cavablar verdi. Çox dəyişən Şərif Ağayarla müsahibəni təqdim edirik:

- Şərifin yazısı publisistikada ağdır, yoxsa ədəbiyyatda?

- Ağ soyadımın ixtisara uğramış variantıdır. Müxtəlif mənaları var. Ağ eləmək, yəni şitini-şorunu çıxarmaq, ağ olmaq, yəni təmizlənmək, üzü ağ olmaq və s. Maraqlı ifadədir və söz kimi də çox estetikdir. Mənim “Facebook” təxəllüsümdür. Arada istədim kitablara da belə yazım. O ki qaldı siz deyənə, məncə, bütün yazılarım üzümü ağ eləməsə də, üzümü qara çıxaracaq heç bir yazım yoxdur. İstər publisistikada, istər ədəbiyyatda. Ancaq, təbii ki, daha çox ədəbiyyat adamıyam.

- Uğur sizinlə gizlənqaç oynayır. Niyə belə təzadlısınız?

- Nə anlamda? Mümkünsə bir az izah edin...

- Böyük qəzetə rəhbərlik etdiniz, daha sonra nazirlikdə işlədiniz, qəfil üz döndərib yazarlığa davam etdiniz. Bir neçə il əvvəl kitablarınız səs salırdı. İndi elə bil qıraqdan baxırsınız...

- Seçim özümündür və peşman deyiləm. Məni həmişə oxuyublar. Narazılığım yoxdur. Sadəcə, istərdim kitablarım daha yüksək tirajla çıxsın. Hamı kimi...

- Yaxşı yazıçı olmaq üçün təhsil almaq, yoxsa performanslı olmaq lazımdır?

- Heç biri. Yaxşı yazıçı olmaq üçün yaxşı yazmaq lazımdır. Təhsil və performans qabiliyyəti sonra gəlir. Amma vacib amillərdir.

- Bəs onda yaxşı yazan yazıçımız kimdir?

- İstedadla intellekti qovuşduran yazıçılarımız olub. İsa Hüseynov, Sabir Əhmədli, Yusif Səmədoğlu... Daha sonrakı nəsildən, Səfər Alışarlı, Saday Budaqlı... Bizim nəsildə də var təbii ki... Ancaq nə qalacaq, necə qalacaq zaman göstərəcək.

- Murad Köhnəqala 60 yaşında tort yeyənlərə pis baxır. Siz tortu nə vaxt tərgitdiniz?

- Bu söhbətlərə qarışmaq istəmirəm. Çünki biri-birini təhqir edən bu qələm adamlarının hamısına “Abi” demişəm. Belə bir vəziyyətin yaranmasına təəssüf edirəm. Torta qalsa, onu indi də yeyirəm. Xüsusən, Napoleon tortunu bəyənirəm. Hazırlayıb dəvət etsəniz, məmnuniyyətlə gələrəm ...))

- Dili yaxşı bildiyiniz halda Dilçilik İnstitutu ilə Tərcümə Mərkəzinin lüğət davasında qıraqda qaldınız...

- Maraqsız gəldi. Lüğət söhbətindən bir lətifə yadigar qaldı mənə. Demək, bir gün yazıçı Fəxri Uğurlu “525-ci qəzet”in redaktoru Yusif Rzayevə zəng edir ki, Tərcümə Mərkəzindən istefa vermişəm, qorxuram adımı lüğətdən silələr, adsız qalam! Yusif Rzayev cavabında deyir: “Narahat olma, Zakir Fəxri orada işləyir, ona görə silməzlər, sən də girələnərsən...”

- Sizdən neçə yaş balacaları ciddi ədəbiyyat adamı sayırsınız? Ad çəkə bilərsiniz?

- Özümdən balaca yazıçıların yaşını dəqiq bilmirəm. Elə yeni nəsil hesab edirəm. Çoxdurlar. Saysam, uzun siyahı alınacaq. Onların əksəri “Kulis”də təqdim etdiyimiz cavanlardı. “Kulis”də həm də bir neçə yeni imza kəşf etdim və oxuculara da təqdim etdik.

- Postmodernizm öldü, yaşasın hansı “izm”? Niyə bizdə “izm”lər yox “xingal” və “manqal” cərəyanları geniş yayılır?

- Postmodernizm bir epoxadır və hələ də davam etməkdədir. Bu, yalnız ədəbi cərəyan deyil. Heç bəlkə ədəbi cərəyan da deyil. Xingal və manqala qalanda bunların da öz yeri var. Ancaq ədəbiyyatdan sarımsaq və yanmış ət iyi gəlirsə, bu, çox iyrəncdir. Biz xingal iyini ədəbiyyata qarışdırmırıq. Yazı və video çıxışlarımızdan görə bilərsiniz.

- Poeziyamız hələ də qafiyəbazlıqla məşğuldur, doğrusu xilası da görünmür. Xalq niyə sözbazlığı müasir şeirdən üstün tutur?

- Bu, çox ciddi söhbətdir. Bəlkə də narahat olmağa dəyməz. Çünki qafiyəbazlığı, sözbazlığı, cümləpərdazlığı ədəbiyyatdan üstün tutanların ədəbiyyatda yeri olmayacaq. Biz bəzən məqsədlə vasitəni qarışıq salırıq. Qafiyə tapmaq şeirdə heç vaxt məqsəd olmayıb. Nəsrin də məqsədi yaxşı dil göstərmək deyil. Gözəl qafiyə də, gözəl dil də mətnin yüksək səviyyədə alınmasına xidmət göstərir. Ünsürlər sistem üçündür. Ünsürlər sistem yaratmırsa, o heç nəyə lazım olmur.

- Ramiz Rövşənin qaramatı elitar oxucunun, Nüsrət Kəsəmənlinin isə nisgili sevgi manyaklarının dillər əzbəri olub. Bəs Əli Kərim kim üçün əzbərdir?

- Mən şeirimizdə iş görmüş ciddi imzaları bu cür mühakimə etməyin əleyhinəyəm. Ramiz Rövşən şeirində mövzu olaraq dekandlıq var. Amma bu estetik səviyyədə həllini tapıb. Nüsrət də yaxşı şairlərimizdəndir. Sevgidən gözəl şeirlər yazıb. Sevginin manyakı olmur. Sevgi adıyla öz məqsədinə çatmaq istəyən manyakları demək istəyirsiniz yəqin. Olan işdir. Bethoveni bütün faşistlər sevirdi. Əli Kərim başqa dünyadır. Tamamilə unudulub da demək olmaz. Biz iyirminci əsrin şeir sorğusunu keçirdik, ən çox səs toplayan Əli Kərim oldu. Bu azdır, sizcə?

- İndi nəsrimiz kəmiyyət baxımından apogey mərhələsindədir. Bu sonsuz sayda çıxan kitabların təkrar istehsalı sizi düşündürmür?

- Qoy, yazsınlar. Pis iş görmürlər ki. Bu, məni narahat eləmir. Ancaq kəmiyyətin artması keyfiyyət dəyişikliyinə yox, meyarların itib getməsinə də gətirib çıxara bilər. Bax, bundan narahatam. Sənətin minimum tələbləri var, oradan aşağı yazmaq olmaz. Təəssüf ki, çoxluq o minimum tələblərdən də aşağı yazır və oxucu da bunun ədəbiyyat olduğunu zənn edir. Qarışıq dövrdür. Zövqü formalaşdırmaq, hətta qoruyub-saxlamaq asan deyil. Bunun üçün peşəkar qələm adamlarının, səviyyəli saytların seçiminə diqqət etmək lazımdır.

- Ədəbiyyatımızı kimin, ya da nəyin təsirindən xilas etməliyik?

- Azad ədəbiyyatın formalaşmasına və kitab industriyasının müasir tələblərə uyğun qurulmasına kömək etsək, yetər. Ədəbiyyata heç kim heç nə edə bilməz. Yaxşı-pis, aşağı-yuxarı həmişə yaranmağında davam edir. Təbii proses kimi. Sadəcə biz ədəbiyyatın daha yüksək səviyyədə yaranmasına kömək edə bilərik. Kimin əlindən nə gəlirsə, o qədər. Hamı ədəbiyyatdan almaq istəyir: şöhrət, qazanc, karyera və s. Ədəbiyyata vermək istəyənlər azdır. Ədəbiyyata nəsə vermək gücündə olanları qorumalı, nəsə verənləri dəyərlərndirməliyik. Ən azı kitabını alıb oxumaqla... Çünki, bizi sabaha bu adamlar daşıyacaq.

- Eyni yaşda olanlardan kimi əsl ziyalılar cərgəsinə salardınız? Yazarlardan başqa.

- Əsl ziyalı çox mübahisəli söhbətdir. Çünki hamının zəif nöqtələri və zəiflikləri var. Ümumi götürəndə, şəxsi maraqlarına görə, həqiqətə arxa çevirməyən intellektual adamı ziyalı saymaq olar. Belə adamlar həmişə var və olacaq. Arzulayaq ki, lap çox olsunlar.

- Bu yaxınlarda jurnalist Aydın Canıyev sizi sərt tənqid eləmişdi, cavab vermədiniz...

- Özünə yazdım. Anlaşılmazlıq vardı. O, mənim yazımda bir məqamı başqa cür anlamışdı. Bütün hallarda təhqiramiz yazmamalı idi. Yazıb, canı sağ olsun. Olur arada. Məni söyüb-təhqir etməyə ehtiyac duyan adamlar olur. Öyrəşmişəm artıq. Cəmiyyətimiz çox amansızdır. Hər kəs əsəbi və gərgindir. Yazıçıdansa daha çox şeylər umurlar və umduqlarını görməyəndə qıcıqlanırlar. Özüm də bu durumlara çox düşmüşəm. Düzdür, vəziyyətin belə olmasında mənim günahım yoxdur, amma görünür yazıçılıq da bir missiyadır və əgər əlimə qələm almışamsa məndən çox şey gözləyəcəklər. Aydın mənim dostumdur. Onun istedadına hörmət edir, xətrini çox istəyirəm. Bu təhqiramiz, alçaldıcı yazısı da ona münasibətimi dəyişmir. Olan işdir. Mənə yenə əvvəlki kimi əminliklə “Dədə” söyləyə bilər. Çünki o sözü necə böyük saflıqla söylədiyini yaxşı bilirəm. Özümün bu sözə nə qədər layiq olduğumu da!

Dilrubə Vaqifzadə


Tags:  Şərif Ağayar hər şeyi açıb-ağartdı Ondan sarımsaq yanmış ət iyi gəlirsə MÜSAHİBƏ


RƏYLƏR


Top news