Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baltalı hücum olan məktəbdə direktor və jurnalistə bıçaq çəkildi - REPORTAJ (FOTO)

Baltalı hücum olan məktəbdə direktor və jurnalistə bıçaq çəkildi - REPORTAJ (FOTO)

Date: 28 November 2016 18:18

Bakı şəhəri, Suraxanı rayonunda yerləşən Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədov adına 101 saylı orta məktəbdə şagird, müəllim və valideynlər arasında dava cəmiyyətdə böyük səs-küy yaradaraq, müzakirə mövzusuna çevrildi. İlin-günün bu vaxtı valideynin əlində balta ilə məktəbə daxil olması heç də alışılan bir vəziyyət deyil, lakin gerçəklikdir.

Biz də öz növbəmizdə bu məktəbə baş çəkərək prosesi yerindəcə araşdırdıq. Özümüzü təqdim etdiyimiz halda, bizi qapıdan buraxmaq istəməyən qapıçının valideynlər qarşısında aciz qaldığının və valideynin balta ilə məktəbə necə gəlməsinin şahidi olduq.

Xatırlatma: İlkin məlumatda dərs zamanı 10 b sinif şagirdi Ramin Zeynalovun 11-ci sinif şagirdi İntiqam Abidov tərəfindən sinifdə döyüldüyü deyilib. Davaya səbəb 10 b sinif şagirdi R.Zeynalovun sinif yoldaşı Gövhər Yaqubova ilə mübahisəsi göstərilir. İddiaya görə, İ.Abidov isə özünü G.Yaqubovanın sevgilisi kimi qələmə verib.

Məktəbdə olduğumuz zaman öyrəndik ki, hadisə yazıldığı kimi olmayıb. Adı çəkilən İ.Abidovun isə hadisə ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, İ.Abidov həmin gün xəstəliyi səbəbindən məktəbdə olmayıb.

Biz məktəbdə yalnız məktəbin direktoru Səidə Məmmədova və döyüldüyü iddia edilən psixoloq Mətanət Rəhimova ilə danışa bildik. Döyüldüyü deyilən direktor müavini Elnarə Məmmədova isə atası rəhmətə getdiyindən məktəbdə deyildi. Şagirdlərlə danışmaq istəsək də onların yaşı və digər səbəblər nəzərə alaraq buna imkan verilmədi.

Əslində bu gün İ.Abidov, R.Zeynalov və G.Yaqubova dərsdə deyildi. Öyrəndik ki, İntiqam xəstəliyi səbəbindən, həm də əmisi rəhmətə getdiyinə görə dərsə gəlmir. Direktor deyir ki, digər iki şagirdin məktəbə gəlməmə səbəbi araşdırılır və valideynləri ilə əlaqə yaratmağa çalışırlar. Direktor mətbuatda yayılan məlumatın həqiqəti olduğu kimi əks etdirmədiyini deyir.

Onun sözlərinə görə, hadisə Gövhər Yaqubova ilə Raminin bacısı Təhminə arasında davadan sonra baş verib, səbəb isə sevgi deyil: “Hadisə baş verən gün xəstəliyimə görə işdə deyildim. Məktəbdə olmasam da, hər gün zəng edib məlumat alırdım. Lakin müəllimlər mənə ancaq Təhminə Zeynalova ilə Gövhər Yaqubova arası mübahisə olduğunu dedilər. Bu iki qız arasında əvvəl də mübahisə olmuşdu, otağıma çağırıb, onları barışdırmışdım. Düşündüm ki, bu dəfə də oxşar problem yaşanıb. Məsələnin bu qədər ciddi olduğunu bilmirdim. Ən azı mən müəllimlərimi tək qoymazdım. Bacardığım qədər kömək edərdim. Həftənin cümə günü hadisədən xəbər tutdum. Amma hadisə deyildiyi kimi olmayıb”.

Bu zaman məktəbin psixoloqu Mətanət Rəhimova söhbətə qoşulur. O da hadisənin iki qız arasındakı mübahisədən qaynaqlandığını deyir. Psixoloq bu hadisənin şagird yox, valideynlərin səviyyəsini ortaya qoyduğunu bildirir: “Gövhər və Təhminə arasında mübahisə həftənin ikinci günü olub. Onlar doqquzuncu sinifdə başqa siniflərdə oxuyublar, bu ildən birləşdiriliblər. Hadisə üçüncü gün olub. Hələ dərs başlamamışdı, həmin sinifdən iki qız gəldi ki, “Təhminənin anası Gövhəri döyür”. Biz tez sinfə getdik, onları sakitləşdirib, otaqdan çıxartdıq. Bu zaman Gövhər otaqdan çıxıb öz valideynlərini çağırdı. Daha sonra biz Təhminənin valideynlərini sakitləşdirərkən, Gövhərin valideynləri və dayısı məktəbə gəldi. Həmin vaxt onların məktəbə daxil olmasına mane olunsaydı, bəlkə də, məsələ bu qədər böyüməzdi”.

Bu məqamda məktəbin girişindəki gözətçi xanımın bizi içəri girməyə qoymadığını xatırladırıq. Bəs valideynlərin necə rahatlıqla məktəbə daxil olub?

Suala cavab verən direktor bəzi valideynlərin uşaqlarını sinfə qədər ötürmələrinə icazə verdiklərini deyir: “Təhminə və Ramin bacı qardaşdırlar. Onların valideyni - Zəminə xanım hər gün uşaqlarını gətirib, sinfə qədər ötürür. Bizim əməkdaşlarımız da onun Gövhəri döyə biləcəyini düşünməyib”.

Direktor digər valideynlərin balta ilə məktəbə daxil olmasının nə üçün qarşısının alınmaması sualına cavab vermək istəyirdi ki, 11-ci sinif şagirdi İntiqam Abidovun əmisi otağa daxil oldu. Qardaşı oğlu haqqında yalan məlumat yayanları özünün cəzalandıracağını dedi. O qardaşı oğlunun xəstə olduğunu həmin gün məktəbə gəlmədiyini və onun adını xəbərdə hallandıranları cəzalandıracağını deyərək, əsəbi halda cibindən bıçaq da çıxardı.

Psixoloji problemi olan bu şəxsi direktor sakitləşdirərək məktəbdən uzaqlaşdırmağa çalışsa da, o söhbətimiz boyu bir neçə dəfə otağa daxil olur. Hər dəfə də Səidə xanım onu sakitləşdirməyə çalışır.

Direktor onu otaqdan çıxararkən, psixoloq az əvvəl verdiyimiz suala yaşadığımız bu hadisənin cavab verdiyini deyir: “Necə valideynlərlə işlədiyimizi gördünüz. Məktəbin gözətçisi onun qarşısını necə ala bilər. Gövhərin dayısına gəldikdə o hadisəni səhv başa düşərək məktəbə balta ilə gəlmişdi. Biləndə ki, qadın davasıdır, o baltanı atıb getdi. Həmin baltanı da Təhminən yaxınları sübut kimi götürdülər”.

Nəhayət psixoloq xəsarət alması ilə bağlı söhbətlərə də aydınlıq gətirdi: “Həmin hadisədə nə mən, nə də direktor müavini Elnarə Məmmədova xəsarət almışıq. Gördüyünüz kimi heç bir tərəfimdə iz də yoxdur. Biz sadəcə valideynləri sakitləşdirməyə çalışmışıq. Zəminə Zeynalovanın xəsarət almasına gəldikdə, bu, ciddi bir şey deyildi. Əslində o haqsız olaraq sinfə daxil olub şagirdi döyüb. O qızı dalaşan günü məktəbə zəng etmişdi, biz də onu dəvət etmişdik ki, məktəbə gələr aydınlaşdırarıq. Lakin o özü sinfə daxil olub, şagirdin Gövhərin saçını yolub, üzünü cırmışdı. Qız da özünü müdafiə edib, əlini dişləmişdi”.

M.Rəhimova bu onuncu sinifdə oxuyan bu iki qızın arasındakı davanı psixoloq olaraq aydınlaşdırıb: “Bunlar bu il birləşiblər, aralarında rəqabət var. Gövhər bir az hegemon, Təhminə isə sakitdir. Oğlan söhbəti yoxdur. Gövhər özünü təsdiqləmək istəyir, Təhminə də ona tabe olmayıb. Nəticədə belə dava yaranıb”.

Həm psixoloq, həm də direktor məktəbdə xüsusi mühafizəyə ehtiyac olduğunu etiraf edirlər. Səbəb valideynlərin məktəblə davranış qaydasından xəbərsiz olması və əsəbi, problemi valideynlərin çox olmasıdır. Hazırda hadisə ilə bağlı iş açılıb.

Amma məktəbdə olduğumuz müddətdə gördüklərimiz, həm əvvəldən, həm də sonradan eşitdiklərimiz həqiqətən də, məktəbin xüsusi mühafizəyə ehtiyacının olduğunu sübut edir.

Qeyd edək ki, məktəbin 5 nəfər kişi müəllimi var, onlardan üçü 65 yaş həddini keçib. Yaşı 65 yaşı keçmiş bu şəxslər isə əli silahlıdan qoruyacaq yaşda deyil.

Direktor artıq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məktəbin xüsusi mühafizə, kamera ilə təmin edilməsi üzərində işlədiyini deyir. Hətta özəl mühafizə şirkətlərindən biri də məsələnin aktuallığını dərk edib və məktəbə xidmətini təklif edib.

Təbii olaraq, artıq digər şagirdlərin valideynləri hadisədən narahatdır. Məktəbin girişində qarşılaşdığımız valideynlər əlibaltalı şəxsin məktəbə daxil olmasından sonra narahat olduqlarını, uşaqlarının da qorxu keçirdiyini deyir. Artıq valideynlər uşaqlarını özləri gətirib aparmaq məcburiyyətində qalıblar.

Həqiqətən də heç bir valideyn məktəbə sağ-salamat yola saldığı uşağın yaralı, ən yaxşı halda psixoloji problemi ilə götürmək istəməz.

Gülxar,

Fotolar Elçin Murad
















Tags:  Baltalı hücum olan məktəbdə direktor jurnalistə bıçaq çəkildi REPORTAJ FOTO

RƏYLƏR


Top news