"Nar" BakuTel sərgisində ən son yeniliklərini təqdim edəcək

"Nar" BakuTel sərgisində ən son yeniliklərini təqdim edəcək
20:02 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ “Nar” "BakuTel-2016" 22-ci beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edəcək. 
Şirktədən "Report"a verilən xəbərə görə, mobil operator hər il olduğu kimi bu il də sərgidə ən son yeniliklərini təqdim etməyi planlaşdırır. Dörd gün davam edəcək sərginin qeydiyyat sponsoru olan “Nar” sərgi müddətində müasir rabitə tələbləri - ev üçün internet və IPTV xidmətləri, mobil rabitə üçün danışıq və internet, həmçinin SMS xidmətlərinin vahid platforma üzərindən təqdim edilməsini nəzərdə tutan tamamilə yeni “Qutu” məhsulunu, yüksəksürətli məlumat mübadiləsini təmin edən LTE-A (LTE-Advanced) şəbəkəsini, “Augmented Reality” virtual reallıq texnologiyasını və digər yeniliklərini sərgi iştirakçılarına təqdim edəcək.
Çoxfunksiyalı rabitə strategiyası çərçivəsində “Nar”ın ilk dəfə təqdim etdiyi “Qutu” məhsulunun əsas mahiyyəti müasir rabitə tələblərinin vahid platforma üzərindən idarə olunmasıdır. “Nar” özünün “Qutu” məhsulu ilə abunəçilərinə eyni platforma üzərindən mobil rabitə, eləcə də fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini vahid ödəniş ilə təklif etməyi planlaşdırır. “Qutu” sayəsində abunəçi artıq ayrı-ayrı xidmətləri əldə etmək üçün əlavə vaxt itirməyəcək, bütün xidmətləri bir paketdə əldə edərək ümumi xərclərinə qənaət edə biləcək və həftədə 7 gün 24 saat özəl müştəri xidmətlərindən faydalanmaq fürsəti qazanacaq.
Bu məhsulu 2017-ci ilin yanvar ayından etibarən əldə etmək mümkün olacaq. Sərgi günlərində “Nar” Bakutel stendində və ya dekabr ayı ərzində rabitə operatorunun internet səhifəsində (nar.az) qeydiyyatdan keçən abunəçilər arasından təsadüfi seçilən 100 nəfər “Pulsuz ay” fürsətindən yararlanmaq şansı əldə edəcək.
Sərgidə nümayiş etdiriləcək yeniliklərdən biri də genişləndirilmiş “Nar” şəbəkəsinin məhsulu olan LTE-A (LTE-Advanced) innovativ texnologiyasıdır. Sərgi iştirakçıları LTE-A test sınamasında iştirak edərək “Nar” şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını bilavasitə sınaqdan keçirəcəklər.
Bundan əlavə, “Nar” stendinin ziyarətçiləri yeni “Yerlim” tarifinin tanıdılması çərçivəsində Azərbaycanda ilk dəfə olaraq ölkə coğrafiyasında virtual səyahət etmək imkanı verən və virtual reallıq texnologiyasına əsaslanan “Augmented Reality” interaktiv turunun birbaşa iştirakçısı olacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/nar-bakutel-sergisinde-en-son-yeniliklerini-teqdim-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR