Şeyxülislam Allahşükür Paşazadə Türkiyə və İran səfirləri ilə görüşüb

Şeyxülislam Allahşükür Paşazadə Türkiyə və İran səfirləri ilə görüşüb
20:07 28 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirləri Erkan Özoralı və Cavad Cahangirzadəni ayrı-ayrılıqda onların  xahişi ilə qəbul edib.
QMİ-dən "Report"a verilən məlumata görə, səfiri səmimi salamlayan Şeyxülislam həzrətləri Erkan Özorala yeni fəaliyyətində uğurlar arzulayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkələrimiz arasında tarixi köklərə malik dostluq və qardaşlıq münasibətlərinin bu gün də yüksək səviyyədə davam etdiyini diqqətə çatdırıb, Azərbaycan və Türkiyə prezidentlərinin bu işə böyük töhfələr verdiyini xüsusi qeyd edib. Şeyxülislam həzrətlərinin sözlərinə görə, bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd göstərilən zaman hakimiyyətin və xalqın birliyi bu qanunsuz əməlin qarşısını aldı, türk xalqı sınaqdan üzüağ çıxdı.
Şeyxülislam Allahşükür Paşazadə Ermənistan-Azərbaycan münaqişəsində Türkiyənin tutduğu prinsipial mövqeyi qeyd edib, beynəlxalq aləmdə ölkəmizə verdiyi hərtərəfli dəstəyə görə Türkiyə dövlətinə və xalqına təşəkkür edib.
QMİ sədri dekabrın 1-də Bakıda keçiriləcək Qafqaz Xalqları Ali Dini Şurasının növbəti toplantısı və “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” Beynəlxalq konfransı barədə səfirə məlumat verib, tədbirin əhəmiyyəti barədə danışıb. Şeyxülislam həzrətləri Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görməzi ölkəmizə səfərə dəvət edib və bu dəvəti çatdırmağı səfirdən xahiş edib.
Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Şeyxülislam Allahşükür Paşazadə ilə görüşməkdən qürur duyduğunu bildirib, səmimi qarşılanmaya görə təşəkkür edib. Diplomat bildirib ki, Azərbaycan hər zaman Türkiyənin yanındandır, 15 iyul hadisələrində bu bir daha sübut olundu. Erkan Özoral verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlıq edib. Səfir onu da qeyd edib ki, ölkəsi Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, Ermənistanın təcavüzünü qətiyyətlə pisləyir və Qarabağ probleminin ədalətli həlli üçün səylərini davam etdirir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Şeyxülislam Allahşükür Paşazadə səfirə xatirə hədiyyəsi təqdim edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İran səfiri Cavad Cahangirzadəyə yeni işində uğurlar arzulayıb, iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib. Şeyxülislam həzrətlərinin sözlərinə görə, Azərbaycanla İran arasında dostluq və qardaşlıq tellərinin minilliklərə söykənən tarixi var, sovet dövründə bütün qadağalara baxmayaraq, münasibətlər davam edib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əlaqələrdə yeni bir səhifə açılıb. QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin İrana, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana qarşılıqlı səfərlərini yüksək dəyərləndirib, müxtəlif sahələrdə imzalanan sənədlərin, bağlanan müqavilələrin gələcək əməkdaşlıq üçün yaxşı zəmin olduğunu diqqətə çatdırıb.
Şeyxülislam Allahşükür Paşazadə dekabrın 1-də Bakıda keçirilməsi nəzərdə tutulan Qafqaz Xalqları Ali Dini Şurasının yığıncağı və “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” Beynəlxalq konfransı barədə səfirə məlumat verib. QMİ sədri onu da vurğulayıb ki, Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinin İran İslam Respublikasına səfəri planlaşdırılıb, səfər müddətində din xadimlərinin qonşu ölkə rəsmiləri ilə görüşləri də nəzərdə tutulub.
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə səmimi qəbula görə təşəkkür edib, ölkəsinin rəsmi Bakı ilə müxtəlif sahələrdə əlaqələrə böyük önəm verdiyini diqqətə çatdırıb. İranlı diplomat Şeyxülislam Allahşükür Paşazadənin regionda məzhəblər arasında vəhdətin yaranması və möhkəmlənməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə səfirə xatirə hədiyyəsi bağışlayıb.
Hər iki qəbulda QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev iştirak edib.

Xəbərin orijinal ünvanı: https://report.az/din/seyxulislam-allahsukur-pasazade-turkiye-ve-i-ran-sefirleri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR