Şeytanın (lən) 3 mühüm tələsini tanıyaq

Şeytanın (lən) 3 mühüm tələsini tanıyaq
08:32 29 Noyabr 2016
177 Ölkə
Ölkə mətbuatı
A- A+

Şeytan (lən) - insanın aşkar düşmənidir və Allahdan müəyyən zamana qədər möhlət istəmişdir. Və bu möhləti insanı yolundan azdırmaq üçün tətbiq edir. Allah da ya ibadətlərinə görə, ya insanları imtahana çəkmək üçün ona bu möhləti verir. Şeytanın (lən) silahı vəsvəsədirsə, Allah Təala insanı peyğəmbərlər (ə) göndərərək, hidayət yolu ilə təhciz edir və tövbə qapısını ona nicat yolu kimi tanıdır. (Tebyan)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, şeytanın(lən)  insanı yolundan azdırması üçün tələləri çoxdur. O cümlədən: haram tikə, şərab, qumar, şayiə, qeybət, yalan, töhmət, böhtan, təkəbbür, uzun arzular... Şeytanın bəzi tələləri ilə tanış olaq:
 
1. Qəzəb.
Şeytanın ən mühüm tələlərindən biri də qəzəbdir. Qəzəb insanı dəliliyə qədər gətirib çıxarda bilər. Çünki bu zaman ağıl işdən qalır. İnsan kontrolunu itirir və özündən qafil olur. Düşmən də bu qızıl fürsətdən istifadə edir. İnsan kontrolunu itirən zaman şeytan onun dilinə hakim olur və onu pisliyə tərəf sürükləyir. Ona görə də qəzəbi düşmən ordusundan hesab edirlər. İmam Əli (ə) Haris Həmədaniyə buyurur: "Qəzəbdən çəkin ki, o iblisin böyük ordusundandır".
 
2. Nəfsin qulu olmaq.
Şeytanın (lən) ən çox nüfuz etdiyi yollardan biri də insanın öz nəfsinə qul olmasıdır. Nəfs insanın batinindən qaynaqlanır. O insan ki, nəfsinə qul olar, böyük İlahi nemət olan ağılı öz əsarəti altına salar. Nəfsin zülməti ağılın nuraniliyini üstələyər. İmam Əli (ə) buyurur: "O qədər ağıllar vardır ki, havayi-nəfsin çəngində əsir olmuş, nəfs onun əmiri olmuşdur".
Əgər insana nəfs rəhbərlik edərsə, insan heyvandan alçağa süqut edər. Bu zaman şeytan (lən) şəhvət qüvvəsi tərəfdən ona nüfuz edər və onu öz xəbis işlərinə tərəf cəzb edər. Bütün düşüncələrini özünə tərəf yönəldər və hara gedirsə-getsin, onu öz yoldaşı edər.
Allah Təala buyurur: "Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq". ("Zuxruf" 36).
İnsanın şeytanın yoldaşı olması səbəb olar ki, ağıl və düşüncəsi nəfsinin əsiri olsun. Nə zaman ona haqq söz deyilsə, onu qəbul etməkdən boyun qaçırdar. Bu zaman fitnə və fəsadlar ayaq tutub yeriməyə başlayar.
İmam Əli (ə) buyurur: "Bədbəxt o kəsdir ki, öz havayi-nəfsinə aldanar".
İmam Əli (ə) buyurur: "Nəfsinin qulu olanla yoldaş olmaq - imanın unudulmasına və şeytanın hazır olmasına səbəb olar".
 
3. Münkər və gizli çirkinliklər.
Şeytan (lən) istəyir ki, insan gizli (fəhşa) və aşkar (münkər) günahların əhli olsun. Ancaq sizə heç bir zaman deməz ki, münkər və fəhşa sizin süqut etməyinizə səbəb olar. Ona görə də Allah Quranda insanı şeytanın tələlərinə düşməməyə dəvət edir. "Ey iman gətirənlər, şeytanın addımlarına tabe olmayın. Kim şeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis və çirkin işə əmr edir". ("Nur" 21).
Əgər biz şeytanın (lən) tələlərini tanısaq, həmin tələlərə düşməmək üçün səy göstərərik. Adətən şeytanın tələləri aşkarda olmaz, həmişə gizlidir. Həmişə elə yerdən hücum edir ki, insan həmin yerdən daha az hücum gözləyir. Şeytanın (lən) ən çox nüfuz ediyi yer - ürəkdir. O zaman ki, insan özünü böyük hesab edər və şeytan kimi İlahi əmrə müqavimət göstərər, həsəd, kin varlığını bürüyər, dünyapərəst olar - bu, insan şeytanın tələsinə düşmüş deməkdir.

Mill.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR