Georgi Nikolovun vəkili Bakıya gəlir

Georgi Nikolovun vəkili Bakıya gəlir
11:27 29 Noyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycandan çıxışına qadağa qoyulan Bakının “İnter” klubunun sabiq prezidenti Georgi Nikolovun vəkili bu axşam Bakıya gələcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu ötən gün Sofiyada keçirdiyi mətbuat konfransında bolqarıstanlı futbol funksionerinin vəkili Vladimir Şeytanov bildirib. Vəkil əlavə edib ki, azadlıqda olan sabiq prezidentin ölkəni tərk edib vətəninə qayıda bilməməsinin səbəbini araşdıracaq.

“Nikolov hazırda azadlıqdadır, ona qarşı hər hansı ittiham irəli sürülməyib, amma buna baxmayaraq Azərbaycandan çıxışına qadağa qoyulub. Bu işlə tanış olmaq məqsədilə Bakıya səfər edəcəyəm. İstintaqı aparan orqanın işinə müdaxilə etmək niyyətində deyilik, lakin onun ölkəni tərk edə bilməməsinin nəyə əsaslandığı barədə məlumat almaq istəyirik”,- deyə vəkil vurğulayıb.

19 sentyabr 2015-ci ildə valideynlərinin Azərbaycandan Bolqarıstana səfər edən zaman sərhəddə saxlanıldığını deyən G.Nikolovun oğlu Pavel Nikolov artıq bu məsələdən Bolqarıstan prezidenti Rosen Plevneliyev və xarici işlər nazirinin də məlumatlı olduğunu açıqlayıb: “Həmin vaxtdan valideynlərim Azərbaycandakı səfirliyimiz və səfirimiz Maya Xristova ilə əlaqədədirlər. Səfir qanun çərçivəsində əlindən gələn köməyi edəcəyinə söz verib. 17 yanvar 2016-cı ildə Beynəlxalq Bank və klub Georgi Nikolova qarşı maliyyə iddiasının olmamasını bildiriblər. Atam xəstədir və müalicəsinin davam etdirilməsi üçün Almaniyaya getməlidir. 2015-ci ildən bəri atamı və anamı görmürəm”.

P.Nikolov onu da vurğulayıb ki, valideynləri ilə görüşmək üçün Bakıya getməyi planlaşdırır: "Bunun üçün yaxın günlərdə Azərbaycana bir həftəlik viza almaq niyyətindəyəm".

Xatırladaq ki, Georgi Nikolov 2006 - 2015-ci illərdə “İnter” klubunun prezidenti olub. Komandanın fəxri prezidenti isə Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev olub.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-georgi-nikolovun-vkili-bakya-glir-t54540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR