“Neftçi” və “Kəpəz”in dəxilsiz bəyanatları

“Neftçi” və “Kəpəz”in dəxilsiz bəyanatları
11:37 29 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

Yaxın keçmişdə medallar uğrunda mübarizədə barışmaz rəqib olan “Kəpəz”lə “Neftçi” hazırda hədəflərindən uzaq düşsələr də, intriqanı saxlayıblar. Bu kollektivlərin sonuncu turdakı duelinin fərqli müstəvilərdə keçməsi buna bariz sübutdur.


Niyə fərqli müstəvilər? Çünki qarşıdurma yalnız yaşıl meydanda olmadı, tərəflər kənarda da “atışdılar”. Gəncə şəhər stadionunda ən azı bir dəfə olanlar oradakı mövcud atmosferdən xəbərdardılar. VİP və Media sektora yaxın əyləşənlər icra başçısının gözünə girmək üçün min oyundan çıxırlar. Elmar Vəliyevin davranışlarının isə heç bir məntiqi izahı, adı yoxdur.


Başçı start fitinin səsi qulaqlardan getməmiş VİP sektorda əyləşən "Neftçi” PFK-nın rəsmilərini, eləcə də futbolçuları oradan qovdurdu. Səbəb? Həmin şəxslərin “Kəpəz”ə (???) azarkeşlik etməmələridir!


Maraqlıdır ki, həmin an Vəliyev başını çıxardıb nə baş verdiyini anlamaya çalışan “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavin Elnur Eyvazovun da “dərsini verib”. Mədəni şəkildə “dur, sinifdən çıx” söyləyib.


Elmar bəy tərəfindən təhqirə məruz qalan qonaq komandanın nümayəndələrinin “Neftçi” azarkeşləri üçün ayrılan tribunaya yollanmaqdan başqa çarələri qalmayıb...


Vəliyevin davranışına münasibət birmənalıdır – qınayırıq! Lakin “Neftçi” rəsmiləri də papaqlarını qarşılarına qoyub fikirləşməlidirlər: niyə onları “sındırırlar”?


Oyun “Kəpəz”in qələbəsi ilə başa çatsa da (2:0), “döyüş” matçdan sonra da davam etdi.


Əvvəlcə  “Neftçi”nin Müşahidə Şurasının mətbuat katibi Rüstəm Fətəliyev “facebook” səhifəsində baş verənlərə görə icra başçısını suçladı: “Bizi tribunada görmək istəməyən adam Gəncə şəhərinin icra hakimi Elmar Vəliyev idi. Onun yanında dayananlar heç bir etiraz bildirmədilər, vəziyyətin düzəltməsinə heç bir addım atmayıblar, sadəcə susdular. Onlara böyük təşəkkür düşür şəxsən mənim adımdan. Ölmədik, bu günü də gördük”.


Ardınca “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu and-aman elədi ki, bu addımın icra başçısı Elmar Vəliyevin göstərişi ilə deyil, təhlükəsizlik məqsədilə atılıb. Guya, gəncəli azarkeşlər “Neftçi” nümayəndələrinin basıb gözlərin çıxarmağa hazırlaşırmışlar, başçı onların dadına çatıb, təhlükəsiz yerə yolayıb...


Daha sonra “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov məsələyə münasibət bildirdi: “Nə qədər gülünc olsa da, “ev sahibləri” bizdən “Kəpəz” klubuna əl çalmağı tələb etdi. Əmrə müntəzir olmadığımız üçün bizi VİP-lojadan uzaqlaşdırdılar. Bu gün əl çalmaq tələb edirlər, sabah “Meksika dalğası”, vuvuzela havası sifariş verəcəklər”.


Və nəhayət, dünən günorta saatlarında “Neftçi”, axşam isə “Kəpəz” bəyanatla çıxış etdi. Əgər buna bəyanat demək olarsa.  Sadəcə, söz yığınıdır. 

Ən ağır şəkildə aşağılanan “Neftçi”  bildirir ki,  "Kəpəz” PFK tərəfindən çempionatın əsasnamə şərtləri və iki klub arasındakı rəsmi razılaşma sənədinin bəndləri kobud şəkildə pozulmuşdur falan-filan. Onları oradan qovduran icra başçısı barədə tək kəlmə də yoxdur.

Üstəlik, "Neftçi” PFK 24.11.2016-cı il tarixdə "Kəpəz” PFK-ya yolladığı məktub yanlış şəxsə - Mehman Allahverdiyevə ünvanlayıb. Həmin şəxs isə 22 sentyabr 2016-cı il tarixindən etibarən "Kəpəz"də çalışmır. O, səhhəti ilə əlaqədar olaraq, öz xahişi ilə işdən azad olunub.


Başa düşürük, yanlışlıq olub, klubda kargüzarlıqla məşğul olan şəxslər səhvə yol verib. Lakin səlahiyyət sahibləri də imzaladıqları sənədləri oxumalı, nəyə qol qoyduqlarını bilməlidirlər.


“Kəpəz”in bəyanatının isə bir adı var – rəzalət. Aydın məsələdir ki, Gəncədə Vəliyevin bir kəlməsini iki edəcək, sözünün qarşısında söz deyəcək adam yoxdur. Bu səbəbdən də başçı meydan sahiblərinə azarkeşlik etməyən “Neftçi” nümayəndələrini qovan zaman “Kəpəz”dən bir kimsə çıxıb bunun qarşısını almayıb. Bəs, üzrxahlığa nə sözünüz? Ancaq Gəncə klubun başbilənləri ayıblarına kor olmaqdan, üzr istəməsələr belə, ən azı dinməz durmaq əvəzinə bəyanatla çıxış edirlər. O boyda həngaməyə göz yummaq, malalamaq, baş verənləri təhrif etmək öz yerində, bütün bunların qarşılığında hələ bir “Neftçi”nin məktubundakı səhvi gözə soxmaq – sadəcə, ayıbdır!


Qaldı ki, isti su məsələsinə, Gəncə şəhər stadionundakı acınacaqlı durumdan hər kəsin xəbəri var. Və suyun isti və ya soyuq olmasından asılı olmayaraq, “Kəpəz”lə oyunlardan sonra əksər qonaq komandaları yuyunmaq üçün qaldıqları otelə yollanmağı üstün tuturlar... 


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neftci-v-kpzin-dxilsiz-byanatlar-t54541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR