Əlillərin VII Ümumrespublika bədii yaradıcılıq müsabiqəsi başa çatıb

Əlillərin VII Ümumrespublika bədii yaradıcılıq müsabiqəsi başa çatıb
13:07 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil edilən Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi başa çatıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, baxış-müsabiqəsində bədii yaradıcılıq növləri üzrə ilk yerlərə layiq görülən şəxslərə diplom və mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, əlillərə yönələn sosial ödənişlərin mütəmadi olaraq artırılması, bu təbəqədən olan şəxslərin səmərəli bərpa-müalicə xidmətləri ilə təmin olunması istiqamətində məqsədyönlü işlər görülür: "Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi də bu məqsədə yönəlib. Baxış-müsabiqə həmin insanların istedad və qabiliyyətlərinin aşkara çıxarılmasında və dəstəklənməsində, əlillərin cəmiyyətə inteqrasiyasında xüsusi önəm kəsb edir".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev deyib ki, tədbir nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunub. Baxış-müsabiqəsinin ilk mərhələsi kimi Bakı, Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Sabirabad, Mingəçevir şəhər və rayonlarında ölkənin bütün bölgələri üzrə ümumilikdə 500 nəfərə yaxın əlil şəxs və sağlamlıq imkanları məhdud uşağın bədii yaradıcılıq nümunələrinə baxış keçirilib. Onlardan muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət üzrə istedad və bacarıqları ilə fərqlənən 136 nəfər şəxs baxış-müsabiqəsinin yekun mərhələsində iştirak hüququ qazanıb. Son iki gündə keçirilən bu mərhələdə tanınmış incəsənət xadimlərindən Arif Babayev, Fikrət Qoca, Faiq Sücəddinov, İntiqam Soltan, Cəmilə Bayramova ibarət münsifər heyətinin qərarları ilə ayrı-ayrı nominasiyalar üzrə baxış-müsabiqəsinin qalibləri müəyyən olunub.
Digər çıxış edənlər əlillərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün ənənəvi olaraq keçirilən tədbirlərin əhəmiyyətindən bəhs ediblər. Bu tədbirlərin həmin insanların yaradıcılıq əzminin artırılmasında, onların cəmiyyətə inteqrasiyasında mühüm stimul olduğu vurğulanıb.
Daha sonra bədii yaradıcılığın müxtəlif növlərini əhatə edən 4 nominasiya üzrə I, II və III yerlərə layiq görülmüş əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara diplomlar və mükafatlar təqdim edilib. Yekun mərhələsində iştirak edən digər şəxslərə də təşəkkürnamələr və həvəsləndirici mükafatlar verilib.











Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/elillerin-vii-umumrespublika-bedii-yaradiciliq-musabiqesi-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR