Azərbaycan rabitə xidməti qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib

Azərbaycan rabitə xidməti qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib
14:12 29 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanda rabitə xidməti qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.
"Report"un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə 362-1-ci və 362-2-ci maddələrin əlavə edilməsini nəzərdə tutan layihə müzakirə olunub. 
Yeni maddələrə əsasən, rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə vəzifəli şəxslər 2 min manat miqdarında, hüquqi şəxslər 3 min manat miqdarında cərimə edilir.
Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslərin dörd min manat miqdarında, hüquqi şəxslərin isə altı min manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.
Ərizəçiyə dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilmədən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsinə görə vəzifəli şəxslərə 2 min manat miqdarında, hüquqi şəxslərə isə 3 min manat miqdarında cərimə tətbiq olunur.
Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 4 min manat miqdarında, hüquqi şəxslər 6 min manat miqdarında cərimə olunur.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/azerbaycan-rabite-xidmeti-qaydalarinin-pozulmasina-gore-cezalar-sertlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR