Ermənistanda həkimlərin səhvi nəticəsində hərbçi I qrup əlil olub

Ermənistanda həkimlərin səhvi nəticəsində hərbçi I qrup əlil olub
14:17 29 Noyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın iş otağına bomba qoyulduğu haqda hüquq-mühafizə orqanlarına məlumat verən keçmiş hərbçi David Akopyan azadlığa buraxılıb. 
“Report” xəbər verir ki, bunu Ermənistanda gündəlik dərc olunan “Joğovurd” (“Xalq”) qəzeti yazıb. 
Məlumata görə, ölkə prezidenti Serj Sarqsyan keçmiş hərbçinin əfv olunması haqda fərman imzalayıb.
Qəzetin xəbərinə əsasən, D.Akopyan 2012-ci ildə sülhməramlı qüvvələrdə xidmət etdiyi vaxt mədəsində olan ağrılarla əlaqədar Yerevandakı “Muratsan” hərbi hospitalına yerləşdirilib: “Uğursuz cərrahiyyə əməliyyatından sonra 2-ci dəfə əməliyyat olunan zaman Akopyan komaya düşüb. O, komadan 10 gün sonra ayılıb. Bundan sonra onun sol tərəfi iflic olub. Ona insult keçirdiyi haqda rəsmi sənəd verilib. Ancaq hərbi hospitaldan kənarda müayinə edilərkən, ona cərrahiyyə əməliyyatı zamanı sinirlərinin zədələndiyini deyiblər”.
Məlumata görə, Ermənistanın Müdafiə Nazirliyi D.Akopyana hospitalda cərrahiyyə əməliyyatı aparan həkimdən şikayət etməyəcəyi halda xaricdə müalicəsini davam etdirəcəklərinə söz veriblər: "Ancaq verilən vəd yerinə yetirilməyib. Ona görə də Akopyan 2015-ci ildə Armavir rayonunun Mayisyan kəndindəki evindən mobil telefonu ilə zəng edərək, o vaxtkı müdafiə naziri Seyran Ohanyanın iş otağına bomba qoyulduğu barədə yalan məlumat verib”.
Qəzet yazıb ki, I qrup əlil D.Akopyan bu zəngdən sonra terrorla bağlı yalan məlumat verməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
S.Ohanyan tutduğu vəzifədən azad edildikdən və Viqen Sarkisyan bu vəzifəyə təyin edildikdən sonra Ermənistan prezidenti Serj Sarqsyan sülhməramlı briqadanın keçmiş hərbi qulluqçusunun azadlığa buraxılması haqqında fərman imzalayıb. Amma bu gecikmiş qərar olub. Çünki D.Akopyanın cəza müddətinin başa çatmasına 2 ay qalıbmış.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-hekimlerin-sehvi-neticesinde-herbci-i-qrup-elil-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR