Azərbaycanla Çexiya arasında enerji sahəsində Anlaşma Memorandumu imzalanacaq

Azərbaycanla Çexiya arasında enerji sahəsində Anlaşma Memorandumu imzalanacaq
14:52 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Çexiya Sənaye və Ticarət Nazirliyi Xarici iqtisadi siyasət Departamentinin direktoru Martin Pospişil və Azərbaycan-Çexiya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyasının məsul katibi Olqa Kalinova və səfir Vitezslav Pivonkadan ibarət nümayəndə heyəti Energetika Nazirliyində olub. 
Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, energetika nazirinin müavini Natiq Abbasovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan Energetika Nazirliyi ilə Çexiya Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun layihəsinə dair müzakirələr aparılıb.
Bildirilib ki, sənəd imzalanmaq üçün hazırdır və Memorandumun Azərbaycan-Çexiya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyasının yanvarın 17-19-da Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclası çərçivəsində nazirlər səviyyəsində imzalanması planlaşdırılır.
M.Pospişil ölkəsinin enerji təchizatında mühüm mövqeyə malik Azərbaycanın enerji daşıyıcıları idxalının diversifikasiyasında strateji tərəfdaş olduğunu deyib. Onun sözlərinə görə, Anlaşma Memorandumunun imzalanması ilə enerji əməkdaşlığının daha da dərinləşdirilməsi üçün əlavə imkanlar yaranacaq.
N.Abbasov da Azərbaycanın Çexiya ilə enerji əməkdaşlığının inkişafında maraqlı olduğunu qeyd edib. Bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə yanaşı, yaşayış sektorunda və iri enerji tutumlu sənaye müəssisələrində enerji səmərəliliyi və enerji effektivliyinə nail olunması əsas hədəflərdəndir. Çexiya ilə bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var.
Görüşdə həmçinin enerji əməkdaşlığına dair məsələlərin müzakirəsi məqsədilə işçi qrupunun yaradılması ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanla-cexiya-arasinda-enerji-sahesinde-anlasma-memorandumu-imzalanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR