Azad Rəhimov WADA-nın Azərbaycanla bağlı qərarını tənqid edib

Azad Rəhimov WADA-nın Azərbaycanla bağlı qərarını tənqid edib
16:22 29 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeştdə Avropa Şurasının İdmana məsul Nazirlərinin XIV Konfransı işə başlayıb. 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, toplantıda Azərbaycanı naziri Azad Rəhimov təmsil edir. 
Konfransda “Dopinq sahəsində son vaxtlar media və müstəqil tədqiqatçılar tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olan nöqsanların aradan qaldırılması üçün dövlətlərin Ümumdünya Antidopinq Agentliyinə (WADA) dəstəyinin formaları, dopinqlə yenilənmiş mübarizə siyasətində idmançıların əsas hüquqlarının qorunması sahəsində dövlətlərin görməli olduğu işləri, “Avropa Şurası Antidopinq Konvensiyasının yenilənməsi”, “WADA ilə yanaşı yeni Müstəqil Test Qurumunun yaradılması” və s. kimi bir sıra mühüm məsələlərin müzakirəsi aparılır. Səfəri çərçivəsində nazir Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomas Ayan, WADA prezidenti Qreyq Ridi ilə görüşlər keçirib. Onlar dopinq sahəsində mövcud vəziyyəti müzakirə ediblər. A.Rəhimov eyni zamanda Belarus, Rusiya, Macarıstan, Finlandiya və Ukraynadan olan həmkarları ilə görüşüb.
Konfrans zamanı nazir çıxışında dopinqlə mübarizə sahəsində ölkədə görülən işlər, imzalanan qanunlar, Polşanın Antidopinq Agentliyi ilə aparılan sıx əməkdaşlıq haqqında məlumat verib, eyni zamanda WADA-nın son iclasında Azərbaycan Antidopinq Agentliyinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı çıxarılan qərara mənfi reaksiyasını bildirib: “Əziz dostlar, idmançı illərlə Olimpiya Oyunlarına hazırlaşır. O, Oyunlarda iştirak və qələbə üçün əlindən gələni edir. Qalibiyyətindən 3-4 il sonra isə onun dopinqdən istifadəsi ilə bağlı xəbər yayılır və medalının əlindən alındığı bildirirlir. Bu, idmançının həyatı ilə oynamaqdır. Dopinq istifadəsinə gəldikdə, burada tək idmançının günahı yoxdur. Əminəm ki, bu barədə hər birimiz düşünməliyik".
Eyni zamanda, konfrans zamanı Avropa Şurasının İdman yarışlarının manipulyasiyasına dair Konvensiyasının həyata keçirilməsi, ratifikasiyası və xüsusilə Milli Platformanın yaradılması ilə bağlı ortaya çıxan çətinliklər, bunların aradan qaldırılması üçün Avropa Şurasının ölkələrə edə biləcəyi dəstək formaları ilə bağlı qarşılıqlı fikir mübadilələrinin də aparılması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Avropa Şurasının “İdman yarışlarının manipulyasiyasına dair Konvensiyası”nı 17 sentyabr 2014-cü il tarixdə İsveçrənin Makolin şəhərində keçirilmiş Avropa Şurasının idman nazirlərinin XIII Konfransı zamanı imzalayıb. Hazırkı Konfransın gündəliyinə daxil edilmiş mühüm məsələlərdən biri də idmanda yaxşı idarəçiliyi dəstəkləmək üçün əhalinin bütün təbəqələrinin, xüsusən, gənclərin cəlb olunması və ölkələrin bu sahədə gördükləri tədbirlərlə bağlıdır. “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”nın imzalanması mərasimi də tədbir çərçivəsində nəzərdə tutulur. Azərbaycanın da həmin Konvensiyaya qoşulması üçün müvafiq işlər görülür.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azad-rehimov-wada-nin-azerbaycanla-bagli-qerarini-tenqid-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR