Futbol tarixinin ən faciəvi təyyarə qəzaları

Futbol tarixinin ən faciəvi təyyarə qəzaları
17:07 29 Noyabr 2016
230 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyanın "Şapekoense" klubunun oyunçuları, məşqçiləri və nümayəndələrinin də olduğu təyyarənin qəzaya uğraması futbol dünyasını sarsıtdı. Demək olar ki, komandanın üzvlərinin böyük əksəriyyətinin həyatını itirdiyi qəzada çox az sayda insan sağ qalıb. Amma bu dəhşətli faciə futbol dünyasında ilk belə hal deyil. İndiyə kimi bir çox komanda bu və bundan da dəhşətli qəza ilə üzləşib.


Futbolinfo.az saytı sizə futbol tarixində baş vermiş buna oxşar hadisələrin ən yadda qalanları ilə tanış edir:


"Torino"


İtaliyanın “Torino” klubu qəzanı tarixinin ən yaxşı dövründə keçirib. 1944-49-cu illər aralığında öz meydanında məğlub olmayan komanda tarixində qazandığı 8 çempionluqdan 7-ni məhz bu dövrdə əldə edib. 1948/49 mövsümündə torinolular hətta İtaliya millisinə 10 futbolçu göndərirdilər. Amma hər şey bir anda dəyişdi.


1949-cu ilin 4 may günü Alp dağlarının yağışı Torinonu isladan zaman “Avio Linee İtaliane”yə aid “Fiat G212CP” model təyyarə Turin Hava Limanına enmək üçün icazə istədi. Qüllə ilə təyyarə pilotu arasında belə bir dialoq yaşandı:


17:03, qüllə: Güclü yağış yağır, 500 metr hündürlükdə şiddətli fırtına var, görüş məsafəsi zəifdi. Başa düşə bilmədiniz?


Pilot: Bəli, başa düşdüm, hər şey qaydasındadı.


Bu, ekipaj üzvləri ilə qüllə arasında son danışıq oldu. Saat 17:05-də şəhər sükuta qərq oldu. Təyyarə 672 metr yüksəklikdəki Superga yaxınlığındakı bazilkaya dəyib. 18-i futbolçu olmaqla təyyarədə yer alan 31 nəfər – məşqçilər, klub idarəçiləri, jurnalistlər həlak olmuşdu.


Futbolu incəsənətə çevirən “ll Grande Torino”yu (Böyük Torino) tarixin yaddaşına həkk etmək İtaliya üçün asan olmadı. Hələ ll Dünya Müharibəsindən yenilgi ilə çıxan İtaliya özünə gəlmək üçün futbola bağlanmışdı. 40-cı illərdə Turin “Yuvntus”un “ağ-qara” rənginə boyanmamışdan öncə 1943-cü ildən qəzanın yaşandığı günə kimi meydana çıxdığı 93 matçın 83-ündə qalib gəlib, son 4 ilində çempionluğu bayram etmişdi. Komandanın prezidenti Kommendador Novo, portuqaliyalı oyunçuları Xiko Ferreyranın yubiley oyunu üçün “Benfika” ilə yoldaşlıq oyunu təşkil etdi. Turinlilər sevimlilərini gülə-gülə oyuna yola saldı. Komandanın “bəxtsiz” futbolçusu Saura Toma isə zədə ucbatından Lissabondakı qələbənin sevinci yaşaya bilmədi. Sonrası isə məlumdu. “Böyük Torino” 3 may günündəki qələbənin ertəsi qəzaya uğradı.



Qəzada həlak olanlar 6 may günü rəsmi mərasimlə dəfn edildi. Amerikalılar Con Kennediyə, ingilislər Uinston Çörçilə nə qədər ağladısa, “Madama” meydanına toplanan 500 mindən artıq insan İtaliyada nəyə ağlayacağını bilmədi. “Böyük Torino”yamı, İtaliya futbolunamı, yoxsa İtaliyayamı? Turin təmsilçisi mövsümü gənc heyətin oyunçuları ilə tamamladı. Rəqibləri isə belə məqamda centlmenliyindən qalmadılar. Onlar da matçlarda gənc komandalarının oyunçularına şans verdilər. “Böyük Torino”nun kiçik komandası həmin il 5-ci çempionluğunu əldə etdi. Amma çempionluqdan sonra “Toro, Toro, haydi Toro” şüarını səsləndirmədilər. Təyyarənin çırpıldığı bazilkanın içində isə qəzada ölən 31 nəfərin xatirəsinə bir abidə var.


“Mançester Yunayted”


İngiltərənin ən güclü klublarından olan “Mançester Yunayted” də vaxtilə belə faciə ilə üzləşib. “Qırmızı şeytanlar” 6 fevral 1958-ci ildə Avropa Kuboklar Kubokunun matçı çərçivəsində “Srvena Zvezda” ilə oyundan qayıdırdı. Belqraddan qalxan təyyarə Münxendə yanacaq doldurmaq üçün yerə enir. Güclü qar yağdığından təyyarə ilk 2 cəhdində havalana bilmir. 3-cü cəhddə isə lazımi sürəti yığa bilməyən təyyarə bariyerlərə çırpılır.



Aralarında futbolçu, texniki heyət və idarəçilərin yer aldığı təyyarədə 23 nəfər həlak olur, 21-i isə yaralanır. Dövrünün ən yaxşı komandalarından olan MY və baş məşqçisi Met Basbinin 8 futbolçusu qəzadan sağ çıxmır. Çalışdırıcı özü isə ağır yaralı şəkildə xilas olur. Onu qəzadan çıxaran isə komandanın qapıçısı Hari Qreq olur. O, həmçinin bir nəfəri də körpəsi ilə bərabər xilas edir. Komanda həmin il liqadakı qalan oyunlarını əvəzedici komandası ilə keçirib, mövsümü 9-cu pillədə başa vurur. Basbi isə qəzadan sonra da komandaya rəhbərlik edir. O, hətta bu komandaya 10 il sonra – 1968-ci ildə Çempionlar Kubokunu qazandıraraq qitənin ən güclüsü edir. Hadisəni unutmayan MY azarkeşləri illər sonra itirdikləri futbolçuların xatirəsinə munich58.co.uk saytını yaradıblar.


“Paxtakor”


Özbəkistanın “Paxtakor” komandası da bu cür faciədən qaça bilməyib. 1979-cu ilin 11 avqust günü saat 13:35 radələrində yaşanan qəzada daşkəndlilərin 17 üzvü qəzada həlak olur. SSRİ çempionatının oyunu çərçivəsində “Dinamo” ilə qarşılaşmaq üçün Minskə yola düşən komanda Ukraynanın Dneprodzerjinska şəhərindən 8400 metrlik yüksəklikdə başqa bir təyyarə ilə toqquşur. Qəzada hər iki təyyarədə olan 178 nəfərin hamısı həlak olur. Hadisənin baş verməsinə səbəbkar olan dispetçerlər Jukovski və Sum 15 il azadlıqdan məhrum edilir. Komandanın bəzi üzvləri Daşkənndə “Botkin” qəbirstanlığında dəfn edilib və onlara abidə qoyulub.


Bu hadisədən sonra çempionatdakı digər klubların heyətində bu komandaya könüllü keçən futbolçuların heyətinə gücləndirlib. Bundan başqa SSRİ Futbol Federasiyası 3 mövsüm ərzində komandanın göstərəcəyi nəticədən asılı olmayaraq, komandanın Güclülər Dəstəsindəki yerini qoruyacağı ilə bağlı qərar verib. 


Yaşanan aviaqəzada baş məşqçi Oleq Bazileviç olmamışdı. Uzun illərdən sonra təcrübəli mütəxəssis həmin günü bu cür xatırlayır: “Hər dəfə həmin günü xatırlayanda, ürək ağrısı keçirirəm. Ölümün caynağından məni təsadüfi xoşbəxtlik aldı. Həyat yoldaşım oğlumla Soçidə dincəlirdilər. Uzun müddət idi ki, onları görmürdüm, darıxmışdım. Fikirləşdim ki, əvvəlcə onlara baş çəkim, sonra oyuna yollanım. Üstəlik, oğlum da xəstələnmişdi. Daşkəndin İdman Komitəsinin rəisi İbrahimovdan icazə istədim. Buraxmasaydı, qalıb, ertəsi gün komanda ilə Minskə uçacaqdım. Ancaq o, “40 gündü ailəni görmürsən, əlbəttə, onlara baş çək” dedi. Sonra mehmanxada həmin zəng gəldi. Hələ dəstəyi qaldırmamış hiss etdim ki, bu zəng xoş xəbər gətirməyəcək. Sözlər əvəzinə hönkürtü eşitdim... Sanki buz kimi suyu başıma əndərdilər. Dəstək əlimdə donub qalmışdım. Kimlərsə övladlarını, kimlərsə ərlərini, kimlərsə atalarını itirmişdi. Mixail An ikinci dəfə ata olacaqdı. Hər gününü sayırdı. Bundan ağır xəbər ola bilməzdi. Həmin an ölümün bir addımlığında olmağım haqda düşünə bilməzdim. Sadəcə, şokda idim. Otağa qalxıb, Minskə uçan heyəti tərtib etməyə başladım. Bu an oğlum nə yazdığımı soruşdu. Ancaq ona heç bir cavab verə bilmədim. Nə yaxşı ki, belə bir anda yaxınlarımın yanında idim”.


Zambiya


Afrika futbolu ən ağır günlərindən birini 27 aprel 1993-cü ildə yaşayıb. Məhz həmin gün də Qabonun paytaxtı Libreville şəhərində təyyarə qəzası baş verib.


1 il sonra keçiriləcək dünya çempionatına qatılmağı hədəfləyən Zambiya yığması Senealla qarşılaşmaq üçün bu ölkəyə səfərə çıxır. Librevilleyə istiqamətlənən təyyarə yolda 1 dəfə yanacaq doldursa da, yaranan nasazlığa baxmayaraq, uçuşa davam edir. Amma enişin ediləcəyi hava limanına az bir məsafə qalmış qəza yaşanır. 


30 nəfərin həlak olduğu qəzada ölənlərin 18 nəfəri Zambiya millisinin futbolçuları və texniki heyət üzvləri olur. Millinin yeganə sağ qalan futbolçusu isə Kaluşa Bvalva olur. O zamanlar Hollandiya PSV-sinin şərəfini qoruyan futbolçu Qabona 1 gün sonra öz hesabına qatılmalı idi.


Bu qəza fərqli bir hekayənin də başlanğıcı oldu. Zambiya futbolu növbəti illərdə məhz Bvalvanın ətrafında toplanır. O, 2003-06 cı illərdə milli komandaya rəhbrəlik edir. 2008-ci ildə Zambiya Futbol Federasiyasına rəhbər seçilir.

Taleyin gedişindən məhz qəzanın yaşandığı Libreville şəhərində keçirilən final matçında Fil Dişi Sahili millisini məğlub edərək 2012-ci ildə Afrika Millətlər Kubokunun qalibi olur. Bu həm də sözügedən ölkənin futbol tarixinin ən böyük uğurudu.




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbol-tarixinin-n-facivi-tyyar-qzalar-t54555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR