Zaqatalada regionların inkişafı mövzusunda konfrans keçirilib

Zaqatalada regionların inkişafı mövzusunda konfrans keçirilib
19:27 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Zaqatalada İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və sahibkarların iştirakı ilə “Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar” mövzusunda konfrans keçirilib.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, ixracın stimullaşdırılması dövlət başçısının həyata keçirdiyi iqtisadi strategiyanın mühüm istiqamətlərindəndir: "Bu sahədə imzalanan fərman və sərəncamlar qeyri-neft sektorunun inkişafına dəstək olmaqla, ixracın genişləndirilməsində əhəmiyyətlidir. Bu gün keçirilən tədbir çərçivəsində nümayiş olunan rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə təşviqi istiqamətində İqtisadiyyat Nazirliyi və Azpromo tərəfindən kompleks tədbirlər görülür".
Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə sahibkarlığın inkişafı ilə bağlı Zaqatalada görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. O, belə tədbirlərin sahibkarların maarifləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Eyni zamanda konfransda Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Ərzaq məhsullarının tədarükü və təchizati” ASC, beynəlxalq biznes assosiasiyaları və yerli şirkətlərin nümayəndələrinin təqdimatları dinlənilib. Sahibkarlarla kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması, qeyri-neft məhsullarının ixracının artırılması, ərzaq məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması istiqamətində görülən tədbirlər barədə geniş müzakirələr aparılıb.
Sonra tədbir iştirakçıları regionlarda fəaliyyət göstərən və ixracyönümlü məhsul istehsal edən 20-yə yaxın şirkətin iştirakı ilə təşkil olunan sərgi ilə tanış olublar.




Xəbərin orijinal ünvanı: https://report.az/biznes/zaqatalada-regionlarin-inkisafi-movzusunda-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR