“Azəriqaz” və "Azərişıq" sayğacları necə tənzimləyəcək? - AÇIQLAMA

“Azəriqaz” və "Azərişıq" sayğacları necə tənzimləyəcək? - AÇIQLAMA
19:54 29 Noyabr 2016
457 Digər
Ölkə mətbuatı
A- A+

Təbii qazın tariflərinin dəyişməsi mavi yanacaqdan istifadə edən istehlakçıların 60 faizinə təsir etməyəcək. Bunu “Azəriqaz” QSC-nin baş direktorunun istismar və satış üzrə müavini Ruslan Əliyev deyib.
 
O qeyd edib ki, hazırda “Azəriqaz”ın 2 milyona yaxın abonenti var və yalnız 40 faiz abonent ildə 1500 kubmetrdən çox mavi yanacaq istifadə edir. Onların sayı artdıqca maliyyə xərcləri də artır: "Bizdə abonentlər üzrə limit yanvar ayının 1-dən tətbiq olunacaq. Orada bir illik, 12 ay ərzində hər bir əhali abonenti üçün 1500 kubmetr həcmində qazın qiyməti 10 qəpiklə hesablanacaq. Təbii qazın 1500 kubmetrdən artıq işlədilən hissəsi üçün qiymət 20 qəpik olacaq".
 
Bəs sərf olunan mavi yanacağın 1500 kubmetri keçdiyi necə müəyyən olunacaq? Ruslan Əliyev abonentləri daha çox narahat edən suala belə cavab verib: "Bizdə abonentlər haqqında ümumi bazamız var. O bazadan idarə olunacaq ki, 1500 kubdan sonra avtomatik olaraq məbləğ 20 qəpikdən hesablanacaq".  
 
"Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları departamentinin direktoru Qalib Həmidov isə bildirib ki, dekabrın 1-dən yeni tarifin tətbiq olunması proqram təminatında və sayğaclarda mümkün olacaq. Onun sözlərinə görə, 250 kilovatdan aşağı olan tariflər 7 qəpik, istehlak dövrü ərzində 250 kilovatdan artıq istifadə olunan elektrik enerjisinin dəyəri isə 11 qəpikdən hesablanacaq. Qalib Həmidov deyir ki, 75 faizdən yuxarı istehlakçılar 250 kilovatdan az enerji sərf edirlər. Bu göstərici  regionlarda daha da aşağıdır. Qeyri-əhali abonentlər üçün isə  tariflər dəyişdirilərək, 9 qəpik müəyyən olunub.
 
Müsahibimiz sayğaclarda bəzi dəyişikliklər ediləcəyini deyir: "Dəyişiklik onda olacaq ki,  sayğacın beynində 250 kilovata qədər olan tarif 7 qəpikdən, ay ərzində 250 kilovatdan artıq istifadə olunarsa, o zaman 11 qəpiklik tarifdən hesablanacaq. Sayğac dəyişdirilməyəcək. Bunu biz proqram təminatı tərəfindən məsələni həll edib sayğaclara tətbiq edəcəyik. Birinci tarif dəyişikliyində 7 qəpik olduğu zaman Bakı şəhərində əvvəlcədən ödənişli olan 75 minə yaxın smart-sms sayğaclarımız var. Həmin sayğaclarda biz bir gün ərzində yeni tarifləri tətbiq etdik. Bütün abonentlərimiz artıq həmin gündən 7 qəpik tarifi ilə ödəniş aparmağa davam etdilər. Burda da indi yenə ikimərhələli olduğu üçün 7 qəpik yerində qalır, 250 kilovatdan artıq olanların isə 11 qəpikdən hesablanması üçün biz sayğaclara konfiqurasiya mesajları göndərəcəyik. Sayğac artıq ikitarifli olaraq enerjini ölçməyə başlayacaq".
 
Tarif Şurasının şöbə rəisi Sadiq Əliyev deyir ki, şura tərəfindən həyata keçirilən optimal siyasət nəticəsində minimum istehlak səbəti üzrə əhalinin heç bir təbəqəsinə yeni tariflərin birbaşa təsiri gözlənilmir: "Əhalinin daha həssas təbəqəsi üçün dolayı təsirlərin minimuma endirilməsi məqsədilə sosial siyasətin davam etdirilməsi nəzərdə tutulur. Minimum əmək haqqının artırılması ehtiyat meyarının yüksəldilməsi kimi tədbirlər nəzərdə tutub. Bütövlükdə şura tərəfindən müəyyənləşdirilmiş tariflər əhalinin elektrik və təbii qaz üzrə israfçılıq hallarının aradan qaldırılmasına və sosial baxımdan ədalətin bərqərar olunmasına şərait yaradacaq".
 
Şöbə rəisi tariflərin artması ilə bağlı qida məhsullarında da qiymətlərin bahalaşmasını istisna etmir. Qiymətlərdən sui-istifadə edənlərlə bağlı dövlət tərəfindən nəzarət tədbirləri davam etdiriləcək.
 
İqtisadçı ekspert İlham Şaban isə deyir ki, bu cür vəziyyətlərdə mütləq şəkildə əhali əvvəlcədən məlumatlanmalıdır: "Tarif Şurası tənzimləyici orqandır. Tənzimləyici orqan cəmiyyətlə hökumət arasında amortizatordur. Yəni cəmiyyətin hökumətə olan inamını daha da artıran bir orqandır. Məqsədi, başlıca funksiyası ondan ibarətdir ki, hökumət tərəfindən Tarif Şurasına göndərilən qərarların cəmiyyətə açıb göstərilməsi ki, bu, həqiqəti nə qədər əks etdirir, bu nə qədər labüddür. Əgər siz burda müəyyən itirmələr olursa, növbəti addımlarda artıq siz daha çox qazanacaqsınız. Bunlar hamısı tənzimləyici orqanın və hökumətin birgə funksiyası olmalıdır. Bax, onda cəmiyyətin hökumətə inamı artır".
 
Ekspert deyir ki, bunun ardınca çox güman ki, nəqliyyatın və yanacağın qiyməti də bahalaşacaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR