Əhali üçün qaz və elektrik enerjisinin tarifləri necə hesablanacaq? - Tarif Şurasının rəsmisi

Əhali üçün qaz və elektrik enerjisinin tarifləri necə hesablanacaq? - Tarif Şurasının rəsmisi
20:14 29 Noyabr 2016
979 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacaqlarının qiyməti təsdiqlənib və yeni dərman vasitələrinin qiyməti təsdiq edilib, Şuranın daha  əvvəlki qərarı ilə təsdiq edilmiş qiymətlər manatın yeni məzənnəsinə uyğun dəyişdirilib.
 
Bunu “Sosium” proqramının qonağı, Tarif Şurasının şöbə müdiri Sadiq Əliyev deyib. Onun sözlərinə görə, təbii qaz üzrə əhali istehlakçı qrupu üzrə sonuncu dəfə 2009-cu ildə, qeyri-əhali üzrə 2007-ci ildə tarif dəyişikliyi həyata keçirilib. “Ötən müddət ərzində şəbəkənin genişləndirilməsi, xidmətin keyfiyyətinin artırılması, itkilərin azaldılması istiqamətində xeyli işlər görülüb və böyük investisiya qoyuluşları həyata keçirilib. Bununla yanaşı, ölkədə satılan təbii qazın müəyyən hissəsi Hasilatın Pay Bölgüsü Sazişinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alındığı və təbii qazın maya dəyərinin “mavi yanacağın” tənzimlənən qiymətlərindən yüksək olması səbəbindən müəyyən zərər yaranır ki, Dövlət Neft Şirkəti tərəfindən Şuraya ölkə daxili təbii qazın tariflərinə yeni baxılması üçün müraciət edilib”.
 
“Sosium” proqramının qonağı, ekspert İlham Şaban bildirib ki, təbii qazın maya dəyəri hər il 3-4 manat artıb. Onun sözlərinə görə, hazırda qazın min kubmetrinin maya dəyəri 50 manatdan bir qədər artıqdır: “Maya dəyərinə qazın hasil edilməsi və onun əmtəəlik şəklə salınması daxildir. Bura nəqletmə xərcləri daxil deyil. Azərbaycanda əmtəəlik qazın təqribən 54%-i Abşeron yarımadasında satılır. Yerdə qalan hissəsi isə regionlara paylanılır. 2014-cü ildə AÇQ-dən biz 3,2 mlrd. kubmetr səmt qazı almışıq. Azərbaycan hökuməti ilə konsorsium arasında imzalanmış sazişə görə, biz orada hasil edilən səmt qazı pulsuz alırıq. Sonrakı il bu həcm 2,8 mlrd. kubmetrə qədər azalıb və cari ildə 2,3 mlrd. kubmetrə qədər azalacaq. Çünki, konsorsium bu il səmt qazından neft hasilatını artırmaq üçün daha çox istifadə edib. Tarif Şurasının qeyd etdiyi kimi, Azərbaycan Şahdəniz yatağından hasil edilən qazın alınması həcmlərini artırıb. Əgər əvvəllər bu 32-33% idisə, bu ilin 9 ayında bu göstərici 36%-ə qədər yüksəlib. Azərbaycanın enerji balansına görə, 46,9% qaz daxili bazara yönəldilir, 17% qaz yeraltı qaz anbarlarına vurulur və təqribən 34% ixrac edilir. Ötən illə müqayisədə bu il əmtəəlik qaz təqribən 4% azalıb. Bu da 800 mln. kubmetrə bərabərdir”.   
 
 
S.Əliyev əlavə edib ki, SOCAR tərəfindən təbii qaz təchizatında dayanıqlığın və keyfiyyətli xidmətin davamlılığının, istehsal və paylayıcı şəbəkə üzrə mövcud maliyyə çatışmazlığının azaldılması və perspektiv inkişafın təmin olunması əsas gətirilərək Tarif Şurasına müraciət edilərkən vahid pərakəndə satış tarifinin bütün istehlakçılar üçün 1000 kubmetr üçün 180 manat səviyyəsində müəyyənləşdirilməsini təklif edib. Onun sözlərinə görə, Şura tərəfindən ölkədə aparılan sosial siyasət əsas götürülərək, əhalinin aztəminatlı təbəqələrinə tarif dəyişiklərinin minimuma endirilməsi məqsədilə diferensial tariflərin tətbiqi, eyni zamanda optimal tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun hesab edilib: “Belə ki, əhali istehlak qrupu üçün təbii qaz üzrə illik 1500 kubmetrə qədər istehlak edən abonentlər üçün tarif dəyişikliyi həyata keçirilməyib, mövcud səviyyədə saxlanılıb. Yəni, bir kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb, illik 1500 kubdan artıq istehlak edən abonentlər üçün isə illik 1500 kubmetrdən yuxarı hissə üçün bir kubmetrə görə 20 qəpik səviyyəsində tarif müəyyənləşdirilib”.
 
Tarif Şurasının rəsmisi qeyd edib ki, SOCAR-ın məlumatına əsasən, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.
 
S.Əliyev deyib ki, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətlərində isə istehsal güclərinin artırılması, elektrik stansiyalarının normal istismar vəziyyətində saxlanılması, elektrik enerjisinə tələbatın ödənilməsi, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması və enerji təchizatının davamlılığının təmin edilməsi üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik artırılmalı olduğu göstərilib: “Bilirsiniz ki, elektrik enerjisinin istehsalında təbii qazın xüsusi çəkisi olduğundan elektrik enerjisi tariflərinin o səviyyəyə qaldırılması pərakəndə satış qiymətlərinin çox yüksəlməsinə səbəb ola bilərdi. Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib”.
 
 
S.Əliyev vurğulayıb ki, təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib: “Elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib”.
 
Tarif Şurasının rəsmisi qeyd edib ki, “Azərişıq”ın məlumatına görə əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır: “Bu baxımdan, diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq”.
 
Onun sözlərinə görə, istehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqi istehlak səbəti üzrə bir ailənin təbii qaz və elektrik enerjisi üzrə xərclərinin sabit qalması ilə yanaşı, israfçılıq hallarının aradan qaldırılmasına stimul verəcək: “Bütövlükdə müəyyənləşdirilmiş tariflər minimum istehlak səbəti baxımından əhaliyə birbaşa təsiri olmayacaq. Ən azı ona görə ki, minimum istehlak səbətində təbii qaz bir nəfər üçün 21 kubmetr, elektrik enerjisi isə 50 kilovat-saat nəzərdə tutulub. Tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur. Bura minimum əmək haqqının artırılması, ehtiyac meyarının yüksəldilməsi kimi tədbirlər daxildir”.
 
Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib. Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib. Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.
 
İlham Şaban bildirib ki, Tarif Şurası bu qərarı elan edəndən sonra həm “Azəriqaz” İstehsalat Birliyi, həm də “Azərişıq” ASC dərhal tariflərin hesablanması mexanizmini açıqlamalı idi: “Azərbaycan müstəqilliyinin 26-cı ilinə keçid dövründə ilk dəfədir ki, diferensiallaşdırılmış tarif sistemi tətbiq olunur. Dövlət Neft Şirkətinin və “Azərişıq”ın təkliflərinin Tarif Şurası tərəfindən daha optimal səviyyədə tətbiqini müsbət qiymətləndirirəm. Hələ də istehlakçılar bu  Ölkə ərazisində əksər sayğaclar smart kart tiplidir. İndiyə qədər bu karta vəsait yüklənirdi və abonent nə qədər vəsaiti qaldığını bilirdi. Bəs bundan sonra necə olacaq?  Smart kart tipli sayğaca hansısa bir proqram təminatı əlavə etmək lazımdır ki, abonent müəyyən olunmuş limitin yekunlaşdığını müəyyən edə bilsin. Bu “Azəriqaz”ın üzərinə düşən yeni bir funksiyadır. Mən belə başa düşürəm ki, onlar buna hazır deyil. “Azəriqaz” bununla bağlı yeni proqram təminatı və funksiya öz üzərinə götürməlidir. “Azərişıq”a gəlincə, burda elə bir problem yoxdur. Çünki, hər bir istehlakçı üçün aylıq sərfiyyat çıxarılır. Burada 17,5 manat limit olacaq. Bu məbləğdən artıq hissə 11 qəpikdən hesablanacaq. İnsanlar sadəcə öz sayğaclarına diqqət yetirməklə limiti keçdiklərini müəyyən edə biləcək. Dünyada qənaətli avadanlıqlardan geniş istifadə olunur. Amma Azərbaycanda istehlakçıların bununla bağlı məlumat yoxdur”.
 
Tarif Şurasının rəsmisi isə əlavə edib ki, tariflərin hesablanması ilə bağlı aidiyyatı qurumlar tərəfindən zəruri texniki hazırlıq işləri aparılacaq: “İl ərzində 1500 kubmetr qaz istehlak edən abonentlər hər kubmetrə görə 10 qəpikdən ödəniş edəcək. Sərfiyyat il ərzində 1500 kubmetrdən çox olarsa, artıq olan hissə üçün 20 qəpikdən ödəniş etməli olacaq”.
 
Abonentlərin istehlak edəcəyi qazın əvvəlki tariflə hesablanması üçün smart kart tipli sayğaclara öncədən pul yatırmasının heç bir əhəmiyyəti olmayacaq: “Smart kartlarda balansda müəyyən vəsaitin olması, yəni kartda vəsaitin olması o demək deyil ki, həmin vətəndaş o xidmətdən istifadə edib. Sayğacda xidmətdən istifadə etdikdən sonra ödənişin həyata keçirilməsini nəzərdə tutulub. Yəni, abonentin balansında vəsaitin olmasına baxmayaraq xidmətdən istifadə etmirsə, ondan ödəniş çıxılmır. Yəni, karta əvvəlcədən vəsait ödənilən zaman yüklənən məbləğ sadəcə depozit kimi qalır”.
 
Tarif Şurasının şöbə müdiri qeyd edib ki, tarif dəyişiklikləri digər məhsulların qiymətinə birbaşa təsir olmayacaq: “Məhsulların qiyməti bazar şəraitində formalaşır. Qiymətlərdən sui-istifadə halları ilə bağlı isə dövlət tərəfindən lazımı tədbirlər görüləcək”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR