"Ətrafdakılar düşmən, özümüzsə peyğəmbər balası" - Altay Göyüşov

"Ətrafdakılar düşmən, özümüzsə peyğəmbər balası" - Altay Göyüşov
21:17 29 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bizdə indi tez-tez tarixi hadisələr, tarixi şəxsiyyətlər ətrafında mübahisələr düşür. Bu mübahisələrin demək olar ki, hamısı siyasidir.

Müxtəlif dini, etnik, milli kimliklərin, siyasi, ideoloji baxışların mübahisəsidir. Yəni, bu adamlar keçmişdə baş verən hadisələri özlərinin bugünkü prioritet kimlikləri, dəyərləri və üstəgəl gələcəyə baxışları əsasında qururlar.

Tarixin interpretasiyası, izahı sadəcə öz baxışlarını təbliğ və qəbul etdirmək üçün vasitədir. Fərqi yoxdur bunu bilavasitə siyasi adamlar edir, yoxsa müvafiq elmi adları olanlar.

Biri üçün sünni kimliyi prioritetdir, buna əsasən Şah İsmayıla mənfi qiymət verir. Digəri üçün isə şiə kimliyi vacibdir, ona görə Şah İsmayıla pozitiv baxır.

Biri gələcəyə pantürkist kontekstdən yanaşır, onun üçün Şah İsmayıl birmənalı fiqur deyil. Başqası etnik kimliyini türk saysa da, gələcəyə Azərbaycan milli kimliyi prioritetindən baxır, ona görə mütləq şəkildə Şah İsmayılı türk-azərbaycanlı kimi interpretasiya etməyə çalışır və sairə.

Yaxud biri deyir, Rusiya imperiyası bizi işğal edib, digəri israr edir yox, bizə inkişaf gətirib. Biri deyir, Osmanlı bizi 1918-ci ildə işğal edib, o biri qəti etiraz edir ki, xilas edib.

Biri deyir, ingilislər 1918-də işğalçı qüvvə idi, o biri deyir yox, Cümhuriyyətin möhkəmlənməsinə, parlamentin fəaliyyətinə şərait yaradıb.

Mübahisələr

Məsələ kiminsə özünü düzgün, digərini səhv sayması deyil. Bu normaldır. Məsələ elmiliyin tamamən siyasi görüşlərə və kimliklərə qurban verilməsi səbəbilə qarşı tərəfə dözümsüz, irrasional münasibət bəsləyib, əks mövqeyin düşmənçilik kimi qəbul edilməsidir.

Halbuki elmi, rasional yanaşma, belə banal həqiqətləri məlum edə bilər ki, Rusiya buraları həm işğal edib, amma həm də inkişafa təkan verib; Osmanlı əsgəri bura öz maraqları üçün gəlmişdi, amma həm də biz azərbaycanlıları xilas da edib; Britaniya mandatı işğal demək idi, amma həm də cümhuriyyətə əvəzolunmaz dəstək verib.

Əslində tarixi hadisələrin müxtəlif interpretasiyalarının olması təkcə bizim cəmiyyətə xas olan məsələ deyil. Milli tarixin interpretasiyası ətrafında açıq mübahisələr aşağı-yuxarı bütün totalitar olmayan cəmiyyətlərdə var.

Çünki elmi metodologiyalar mövcud ictimai-fəlsəfi baxışlar kimi fərqlidir. Tarixi hadisələrin izahı isbat olunmuş teorem deyil.

Milli.Az BBC-yə istinadən bildirir ki, onun öyrənilməsi həm yeni faktların üzə çıxarılması, həm bəşəriyyətin ictimai inkişafı, həm də istedadlı alimlərin tədiqatları ilə yeni interpretasiyaların, yeni yanaşmaların təzahür etməsi nəticəsində davam edir.

Lakin tarix ətrafında mübahisələrin mövzu seçimi, tonu, xarakteri cəmiyyətin özünün inkişaf səviyyəsi ilə sıx surətdə bağlıdır.

İnkişaf etmiş ölkələrin akademik dairələrində, aparıcı mətbuat səhifələrində bu mübahisələr bizdəki kimi populist-siyasi xitablar olmur, məhz elmi-siyasi xarakter daşıyır.

Belə cəmiyyətlərdə ola bilər ki, hansısa müəllim tarixin solçu, sinfi mübarizə əsasında interpretasiyasına üstünlük verə bilər. Kimsə tarixi sivilizasiyalar münasibəti, mədəni fərqlər kimi tədris edə bilər. Kimsə orta təbəqənin, bir başqası istismar olunan siniflərin, digəri isə millətlərin, mədəniyyətlərin tarixdə roluna daha çox yer ayıra bilər və sairə.

Amma bu mülahizələrin mütləq elmi-metodoloji əsaslandırması olur və akademik azadlıq bütün bu oturuşmuş elmi nəzəriyyələrə tədris olunmaq imkanı verir. Yəni, həm Bernard Lewisə yer var, həm Edward Saidə.

Universal dəyərlər

Bununla yanaşı, hələ 1950-ci illərdən etibarən inkişaf etmiş cəmiyyətlərdə tarixin tədrisi ilə bağlı aparıcı proses universal dəyərlər üzərində qurulmuş mövzuların tədricən milli tarixin tədrisi ilə paralel aparılması və fərqli olanları incitməyən (political correctness) tarixin öyrədilməsidir.

Bizdə isə universal dəyərlər üzərində qurulmuş tarixin milli tarixlə paralel, kombinasiya edilmiş şəkildə tədrisi hələ çox uzaqda olan perspektivdir.

Biz bu dəyərlərin xeylisini hələ süngü ilə qarşılayırıq. Ölkədə milli quruculuğun 19-cu əsr romantizm dövrü prinsipləri ilə həyata keçirildiyi bir məqamda bu anlaşılandır.

Hərçənd tarixi abidələrə qarşı yumşaq desək, qayğısız yanaşma, bir sıra hallarda onların dağıdılması yetkililərin milli tarixə səmimi bağlılığına ciddi şübhələr yaradır.

Amma məsələnin mahiyyəti odur ki, inkişaf etmiş ölkələrdə milli tarixin özünə də münasibət dəyişmişdir. Bu cəmiyyətlər artıq milli tarixin neqativlərini ört-basdır etmirlər.

İnkişaf etmiş ölkələrdə öz keçmişinə qucaqlayıcı (empathy) yanaşma akademik və rəsmi dairələrdə oturuşmuş prinsipdir.

Hətta məşhur tarixçi Niall Fergusonun "Qərbin tarixdə yüksəlişi həm mənfi, həm müsbət çalarlarla zəngindir" kimi sözləri belə kəskin tənqidlərlə rastlaşır, imperializmə bəraət qazandırmaq cəhdi kimi təqdim edilir.

Yəni, tutaq ki, Britaniya, ABŞ tarixində utanmalı məqamların olduğu nəinki etiraf edilir, quldarlıq, yaxud imperiyanın sümürgəc siyasəti əksəriyyət tərəfindən milli tarixin neqativ, mənfi hissəsi kimi tədris olunur və buna xüsusi diqqət verilir.

Başqa sözlə, milli tarixin özünə baxışı belə universal dəyərlər nöqteyi-nəzərindən formalaşır.

"Milliyyətçi tarix"

Tarix tənqidi düşüncə üzərində qurulanda elm olur. Misal üçün, şəxsiyyətə mütləq pərəstişi qəbul edə bilmir.

Tarixi şəxsiyyətlərin, dövrlərin, hadisələrin neqativləri, poztivləri haqqında susmur, gizlətmir. Əyrini əyri, düzü düz deyir.

Amerikada hətta Washingtona, yaxud Jeffersona pozitiv münasibət bəsləyən tarixçi də onların quldar olduqlarını inkar etmir.

Bizdə isə yuxarıda haqqında danışılan tarixə siyasi-populist yanaşma, elmilikdən imtina məhz rəsmi mövqedən qaynaqlanır. Bu bizdə sanki tədqiqatın və tədrisin metodologiyasına çevrilib.

Bizdəki rəsmi tarix yumşaq desək, sadəcə milli yox, sərt milliyyətçi tarixdir.

Hətta bəzən universal dəyərlərə aid mövzular belə millətçi yanaşmanın xidmətinə gətirilir. Eyni rəsmi tarix tədris olunmalıdır, fərqli, elmi yanaşma faktiki yasaqdır. .

İnkişaf etmiş ölkələrdə tolerantlığn aşılanması tarixin tədrisində vacib prinsip hesab edilərkən, bizim rəsmi tariximizdəki diskursa əsasən ətrafdakıların hamısı pis niyyətli düşmən, özümüz hesab etdiyimiz isə peyğəmbər balasıdır. Biz hər şeyi düz etmişik, onlar hər şeyi səhv.

Belə tarixin qucaqlayıcı olmaması bir yana, həm də professional etikası yoxdur, məqsədli saxtakar, manipulyativdir. Absurd hədlərə də çatır.

Şah Abbasın oğlanlarına münasibəti haqqında hətta interpretasiyasız, sadəcə faktları dilə gətirmək tarixi keçmişə hücum, şahı gözdən salmaq, mütləq pis niyyət, təhlükə kimi qəbul olunur.

Yəni, dözümsüzlük saxtakarlığa, həqiqətlərin gizlədilməsinə belə yol açır. Üstəgəl, nə qədər fantastik görünsə də, hökumət həyatda mövcud reallıqları belə bəzən qurmaq istədikləri tarix hekayəsinə uyğun olaraq dəyişdirməyə çalışır.

Nəticədə bu "sözdə tarix" həm daxilə, həm xaricə münasibətdə dözümsüzlük, etibarsızlıq yaradır. Reallıq budur, multikulturalizm haqqında səs-küyə baxmayın.

Bu ölkənin yüksək təhsil məmuru da, müəllimləri də sosial şəbəkədə açıq-tekstli ksenofobik paylaşmalar edə bilir.

Təəssüf ki, milli tarixi daxildə diskriminativ konsolidasiya və xaricə qarşı konfrontasiya vasitəsi kimi qurmaq yaşadığımız bölgədə tək bizə deyil, əksər qonşulara aid xüsusiyyətdir.

Məşhur tarixçi Eric Hobsbawm-un dediyi kimi bu pis tarix olmaqla yanaşı, həm də təhlükəli tarixdir. Belə tarix kiməsə, nəyəsə ölüm cəzasının kəsilməsi kimi bir şeydir.

Yaxşı milli tarix isə saxtakarlıqdan uzaq olmaqla yanaşı, nisbilik və məhz universal dəyərlər əsasında mənəvi qiymətin verilməsi üzərində qurulan tarixdir, barışa aparandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/494257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR