Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ayasofyada artıq azan verilir

Ayasofyada artıq azan verilir

Date: 29 November 2016 21:52

Bir çox türk tarixçi Ayasofyanın yenidən islam kontekstinə qaytarılmasını alqışlayır. Ancaq azlıqlar bunu ölkəboyu radikallaşmanın daha bir əlaməti sayaraq əndişələnirlər.

İstanbulun siması bütün Türkiyəninki kimi sürətlə dəyişir. Müşahidəçilər prezident Recep Tayyip Erdoğan-ın son aylarda apardığı "təmizləmə"ni nasist metodları ilə müqayisə edirlər. Belə ki, ölkədə mötədil və dünyəvi səslər boğulur, hakim AKP siyasi islamı həyatın bir çox aspektlərinə yeritməkdədir.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, bu dəyişiklik və bütün ölkədə nəzərəçarpan ümumi islamçı əhval-ruhiyyə köhnə İstanbulun ürəyini, Ayasofyanın yerləşdiyi populyar turist məhəlləsini də tutmaqdadır.

"MƏNİM KİMİ BİR İMAM"

15 əsr ərzində bu nəhəng bina əvvəlcə xristian kilsəsi, sonra müsəlman məbədi, daha sonra muzey olub. İndi isə Türkiyənin güclü Dini işlər (Diyanet) nazirliyi Ayasofyaya Önder Soy adlı imam təyin edib. 81 ildə ilk dəfə Ayasofyanın yenidən öz imamı var.

Soy tarixi Ayasofyanın yaxınlığında yerləşən keçmiş sultan sarayı "Hünkar Kasri"ndə oturur. Əsasən "müasir imam" adlandırılan Soy həm də kikboksçu və karate ustasıdır. O, artıq gündə beş dəfə Ayasofyanın minarələrində quraşdırılmış səsgücləndiricilərlə azan verir.

"Onlar bu mühüm məkana mənim kimi bir adamı təyin etməli idilər. Çünki bura təkcə islama sitayiş edənlər yox, xristianlar da, hər hansı bir dinə sitayiş etməyənlər də gəlir", - deyə Soy "CNN Türk"ə bildirib.

Amma yaxınlıqda yerləşən, dünyada məşhur Sultanahmet məscidində verilən azanlar Ayasofyadan da uzaqda eşidilir. Ona görə də, Ayasofyaya imam təyinatının, əsasən, siyasi motivli olduğu düşünülür.

DİNDARLAŞMA

Bu tarixi məkan VI əsrdən XV əsrin ortalarına qədər yunan ortodoks patriarxının iqamətgahı olub. 1453 -1935-ci illərdə məscid kimi fəaliyyət göstərən Ayasofya 1935-ci ildə Türkiyə Cümhuriyyətinin banisi, Türkiyədə dünyəvi dövlət quruluşunun alovlu tərəfdarı Mustafa Kemal Atatürkün şəxsi xahişi ilə muzeyə çevrilib. Ancaq, görünür, Atatürkün Türkiyənin gələcəyi ilə bağlı bu istəyi Erdoğan-ın dünyagörüşünə ziddir.

Ənənəvi dünyəvi sayılan türk şəhərləri Erdoğan-ın dövründə get-gedə daha da dindarlaşır. İndi Erdoğan Türkiyə konstitusiyasını dəyişdirməkdən ötrü keçirəcəyi referendumda xalqın dəstəyinə ümid edir. Bu dəyişiklik ona parlament prosesindən keçmədən istədiyi qərarın qəbuluna kart-blanş verəcək.

Erdoğan-ın bir çox tərəfdarları bu məsələdə onu dəstəkləyir və islamın Türkiyənin gündəlik həyatında daha böyük rol oynamasını istəyir. Bəziləri hətta Ayasofyanın yenidən tamamilə məscidə çevrilməsinə çağırırlar.

"MİLYONLARA İMAMLIQ EDƏCƏYİ GÜNÜ GÖZLƏYİRƏM"

Siyasi icmalçı, prezident Erdoğan-ın fanatı Savci Sayan "Twitter" hesabında belə yazıb: "Mən prezidentin Ayasofyada cümə namazında milyonlara imamlıq edəcəyi günü arzulayıram. Və mən bu arzunun gerçəkləşməsi üçün dua edirəm".

Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.

Erdoğan-ın azlıqlarla bağlı siyasəti, xüsusən də iyulun 15-dəki çevriliş cəhdinin ardınca fövqəladə vəziyyət elan edilməsindən sonra, çoxlu tənqidə səbəb olub. Məsələn, Lüksemburqun xarici işlər naziri Erdoğan-ın idarəçiliyini nasistlərə bərabər tutub. Prezidentin özü bu beynəlxalq tənqidi qulaqardına vuraraq deyir ki, Avropanın onu "diktator" adlandırması vecinə deyil.

Hökumətin təzyiqləri ən çox ölkənin kürd azlığına və Fethullah Gülen tərəfdarlarına təsir edib. Xristianlar və yəhudilərin də daxil olduğu digər azlıqlar da Türkiyədəki hazırkı siyasi mühitdən get-gedə daha çox ehtiyatlanırlar.

"QƏSDLİ TƏXRİBAT"

Müşahidəçilər imamın təyin olunduğu tarixin də qəsdən seçilmiş ola biləcəyini deyirlər. Belə ki, həmin bazar günü ortodoks xristianlar Konstantinopol Patriarxı I Bartholomew-nun 25-ci yubileyini qeyd edirdilər. Patriarx vəzifəsi ortodoks kilsəsində ən yüksək vəzifə sayılır.

Avstriyanın Katolik Mətbuat Agentliyi (KAP) bu addımı "qəsdli təxribat" adlandırıb. Bu ilin əvvəlində Bartholomew-nun özü Türkiyədən Ayasofyaya daha çox sayğı göstərməyi xahiş etmişdi. O, prezident Erdoğan-a bu məkanın min ilə yaxın bir dövr ərzində kilsə olduğunu xatırladaraq islam dininə sayğısını bildirmişdi.

Erdoğan-sa belə müraciətləri qulaqardına vuraraq, Diyanet Vakfını Ayasofyaya imam təyinatı münasibətilə təbrik edib.

Ölkənin əksər qəzetləri və başqa media qurumları da bu addımı təkrarlayıb. Ancaq bu, gözlənilən idi. Belə ki, Erdoğan son aylar ərzində müxalif media qurumlarının bağlanması yolunda çox iş görüb.

Milli.Az


Tags:  Ayasofyada azan verilir

RƏYLƏR


Top news