Ondan çox musiqi alətində ifa edən sənətkar: "Zeynəb Xanlarova mənim ifamla yaşayırdı" - FOTO

Ondan çox musiqi alətində ifa edən sənətkar: "Zeynəb Xanlarova mənim ifamla yaşayırdı" - FOTO
07:17 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Tanınmış musiqiçi Məhərrəm Nəcəfzadənin Milli.Az-a müsahibəsi.

- Məhərrəm müəllim, bu gün 50 yaşınıza qədəm qoydunuz. 50 ildə yaşananları necə xarakterizə edərdiniz?

- 50 yaş, 50 il ömür və ya əsrin yarısı. Bu illərə nəzər saldıqda ilk olaraq sənə həyat bəxş edən Allaha, ata-anaya minnətdar olursan. Ailənin sonbeşiyi olduğumdan daim ata-ana, bacı-qardaş nəzarətində olmuşam. Bütün yaradıcılıq illərimə nəzər saldıqda ilk dəfə televiziya ekranında olan çıxışım unudulmaz, şirin xatirə kimi yaddaşıma həkk olunub. Beləliklə böyük səhnənin şirinliyini dadıb, musiqi sahəsində ilk addımlarımı atmağa başladım. Bu illər ərzində sənət fəaliyyətim neçə-neçə müsabiqələr, festivallar, sənət yarışları, saysız-hesabsız diplomlarla, fəxri-fərmanlarla qiymətləndirilib. Ən uğurlusu isə Qafqazda keçirilən ümumittifaq müsabiqənin laureatı olmağım idi. Bu mükafat sənət həyatımda böyük dönüş yaratdı.

- Sənətin sehrinə necə düşdünüz?

- Bizim nəsildə musiqi ilə ilk məşğul olan böyük qardaşım, professor Abbasqulu Nəcəfzadə olub. Atamın incəsənətin bütün növlərinə böyük həvəsi var idi. Bu istəklə o öncə qardaşım Abbasqulunu, daha sonra isə Mehdi, İlham və məni musiqi məktəbinə yazdırdı. Mən əvvəl nağara məktəbinə getdim, daha sonra isə tar sinfində oxudum. Çünki cılız uşaq idim, nağaranı daşımaq, onunla hərəkət etmək çox çətin idi mənim üçün. O zaman 9 yaşım var idi. Musiqi məktəbindəki Mustafa müəllimin diqqətini çəkdiyimdən o mənimlə fərdi məşğul olurdu. O, yəqin ki, məndə bu istedadı görmüşdü. Mənimlə muğamın bir neçə şöbəsini 1 dərsə keçirdi. Əslində bizim sənət çox çətin və məsuliyyətlidir.

- Yəqin ki, sizi daha da məsuliyyətli olmağa vadar edən səbəb bir neçə musiqi alətində ifa etməyinizdir.

- Qardaşlarım evdə musiqi alətlərində ifa edərkən istər-istəməz eşidirdim. Sadəcə olaraq utandığımdan onlara demirdim. Onlar evdə olmayanda oturub məşq edirdim. 80-ci illərin əvvəlində Asəf Zeynallı adına musiqi məktəbinə daxil olandan sonra "Dastan" folklor ansamblına dəvət aldım. Ansamblın bədii rəhbəri xalq artisti Baba Mahmudoğlu idi. Orada qardaşlarım da başda olmaqla hamılıqla fəaliyyət göstərdik. Sonra elə oldu ki, Abbasqulu və İlham hərbi xidmətə çağırıldılar, ansamblın bütün ağırlığı mənim çiynimə düşdü. Mahnıları lentə yazdırmaq lazım idi, amma əksər alətlər yox idi. Demək olar ki, bir mahnını 5-6 dəfə alətləri dəyişib üstünə ifa etdim. Qulaq asanda 7-8 musiqi alətinin səsi gəlirdi. Bu cür vəziyyətdən çıxdıq. Daha sonra "Dastan" folklor ansamblı ilə yanaşı, "İrs" folklor ansamblına da dəvət aldım. Bu ansamblda ifa etdiyim nəfəs alətlərinin səsi bir çox filmlərdə eşidilir. 90-cı illərdə xalq artisti Rafiq Babayevlə də iş birliyimiz olub.

- Qardaşlarınız da o vaxt çox tanınırdılar. Aranızda qısqanclıq halları baş verirdi?

- Xeyr, xoşbəxtlikdən, bizim ailədə bu cür qısqanclıq olmayıb. Mən onlardan gizlin ifa edirdim. Bu istedadımı biləndə çox sevindilər. Bizim aramızda həmişə mehribanlıq olub. İndi də biz bəzən bir-birimizi el şənliklərində əvəz edirik.

- Bu illər ərzində kimlərlə çalışdınız?

- Alim Qasımov, Baba Mahmudoğlu, Nisə Qasımova, Səxavət Məmmədov, Səyyad Əlizadə, Könül Kərimova, Gülyaz və Gülyanaq Məmmədova və digər sənətkarlarla çalışmışam. Gənc olsam da yanımda həmişə ustad musiqiçilər olublar.

- Kaprizləri olurdumu?

- Bəli, təbii ki, böyük sənətkarların kaprizləri də var idi. Ən çox kapriz edən elə Baba Mahmudoğlu idi. Rəhmətlik məndən nəyi tələb edirdisə, ilk növbədə Rəşid Behbudovun adını hallandırırdı ki, o da belə edib. Digər xanəndələrdən bir o qədər də kapriz görməmişəm.

- Mən inanmıram ki, Könül Kərimova kapriz etməsin...

- Könül xanımla bizim uşaqlığımız, gəncliyimiz bir keçib. Ola bilər ki, o indi kaprizli olub. O, ansambldan çox şey öyrənib. İndi də biz çox yaxın dostuq.

- Sizin kimi sənətkarlar efirlərdə çox az görünürlər. Bu sizin xasiyyətinizdən irəli gəlir, yoxsa?

- Çox təəssüf ki, bugünkü TV-lər daha çox kim qalmaqal edirsə onu verilişlərə dəvət edir. Biz qardaşlar qalmaqaldan çox uzağıq. Heç bir sənət yoldaşımızın arxasınca danışmamışıq, həmçinin də onlar. O vaxt da sənətçilər arasında söz davası olurdu, amma onu öz aralarında həll edirdilər. Bunu efirə çıxarıb, gündəm etmirdilər. Xasiyyətimizi və xarakterimizi bilib qalmaqallı verilişlərə dəvət etmirlər.

- Xaricə qastrol səfərlərinə gedərkən sizin 10-dan çox musiqi alətində ifa etməyinizi necə qəbul ediblər? Yəqin ki, onlara çox maraqlı gəlib..

- Bəli, onlara çox maraqlı gəlib ki, bu qədər alətdə necə ifa edirəm. Bir dəfə "Ozan" estrada qrupu ilə Türkiyəyə qastrol səfərinə getmişdik. Orada bizim qədim alətlərimizi çox maraqla qarşıladılar. Bizim ifalarımızı da lentə almışdılar. 1995-ci ildə Misirdə səfərdə olduq. Oraya böyük bir heyətlə getmişdik. Yüksək səviyyədə konsertlər təşkil olunmuşdu. Konsertdə ərəblər bizim tarın səsini eşidib, ovsunlandılar. Onlar öz musiqi lentlərində ud ifasının yerinə bizim tarın səsini əlavə etdilər. Səhər saat 6-ya kimi səsyazma studiyasında olduq. Yüksək qonorar da vermişdilər.

- Qonorardan söz düşmüşkən. Qazancınız haradan gəlir?

- Mən həm də İbrahim Əbilov adına mədəniyyət mərkəzinin bədii rəhbəriyəm. Belə də ki, bizi xalqımız dolandırır. Bu mədəniyyət ocağında bir çox sənətkarların yubileylərini, xatirə gecələrini keçirmişik. Yaxın gələcəkdə qarşıda daha çox işlər var.

- Əslində sənətə gələrkən bir çox məşhur sənətkarlardan xeyir-dua almısız. Bildiyimə görə, onların içərisində Zeynəb Xanlarova da var. İstərdim ki, onun da sizin haqqınızda dediyi fikirlər ilə tanış olum.

- Evdə valideynlərimdən, sənətdə isə xalq artisti Süleyman Ələsgərovdan, Cabir Novruzdan xeyir-dua almışam. Bir dəfə də SSRİ xalq artisti Fikrət Əmirov zəhmətkeşlərə verdiyimiz konsertdə mənim tar və ney aləti ilə ifamı görüb çox bəyənmişdi. Konsertdən sonra mənə o ki var, xoş sözlər dedi. Zeynəb xanımın da mənim haqda təəssüratı gözəl olub. Təxminən 1996-cı il idi. Zeynəb xanımın 60 illik yubileyi keçirilirdi. Mən də onun ad günündə iştirak edirdim. Səhnəyə çıxarkən onun reaksiyasını gördüm. Məni çox diqqətlə dinləyirdi. Sanki mənim ifam ilə yaşayırdı. Xoş replikalar atırdı. Zeynəb Xanlarova ilə məni onun qudası Arif Ağayev tanış etmişdi. O məclisdə iştirakımı da Arif müəllim təşkil etmişdi. Daha sonralar Zeynəb xanımla mən bir neçə məclisdə bir araya gəldim. Həmişə mənə tərif yağdırıb, hal-əhval tuturdu.

- Ən böyük arzunuz nədir?

- Çox istərdim ki, bizim sənət daha da inkişaf etsin. Qədim musiqi alətlərimiz heç vaxt unudulmasın. Övladlarımın xoşbəxt olmasını arzu edirəm. Qoy həmişə bir valideyn kimi onlara baxanda fəxr hissi keçirim.

Əli Rəhimoğlu

Milli.Az
























Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/493721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR