30 NOYABR

30 NOYABR
09:03 30 Noyabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

1667-ci il. Məşhur irland yazıçısı Conatan Svift anadan olub (1667-1745). Yaradıcılığında yaşadığı dövrün çətinliklərini, insanların istismara məruz qalmasını tənqid edən C.Sviftin 1726-cı ildə yazdığı “Qulliverin səyahəti” kitabı ona dünya şöhrəti qazandırıb.
1786-cı il. Toskana Hersoqluğu ölüm hökmünü ləğv edən ilk müasir dövlət kimi tarixə düşüb. Bu tarix 2002-ci ildən etibarən ölüm hökmünün ləğv edildiyi şəhərlər günü kimi beynəlxalq səviyyədə qeyd olunur. Hazırda bu siyahıya 90 ölkədən 2 mindən artıq şəhər daxil edilib.
1835-ci il. Dünyanın ən məşhur yazıçılarından biri, amerikalı Mark Tven anadan olub (1835-1910). Əsl adı Samuel Lanqhorn Klemens olan yazıçı oxuculara daha çox “Haklberri Finin sərgüzəştləri” və “Tom Soyerin macəraları” romanları ilə tanışdır. Mark Tven bir çox məşhur aforizmlərin müəllifi kimi də tanınır.
1872-ci il. Qlazqo şəhərində Şotlandiya və İngiltərə komandaları arasında dünyada ilk beynəlxalq futbol matçı keçirilib. Dörd minədək azarkeşin izlədiyi oyun 0:0 hesabı ilə başa çatıb.
1874-cü il. Böyük Britaniyanın məşhur dövlət xadimi, ölkənin sabiq Baş naziri, Nobel mükafatı laureatı Uinston Çörçil anadan olub (1874-1965). Marlboro hersoqları nəslindən olan U.Çörçil müxtəlif illərdə bir sıra nazirliklərə rəhbərlik edib. Hərbi nazir vəzifəsində olarkən geniş miqyasda tank istehsalı ilə bağlı proqramı həyata keçirdiyi üçün “Tankların atası” ləqəbini qazanır. İkinci Dünya müharibəsi illərində Böyük Britaniyanın Baş naziri kimi faşizmə qarşı mübarizədə qətiyyətli mövqe tutur. U.Çörçil BMT-nin ideya müəllifi hesab olunur.
1990-cı il. Şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen anadan olub. On üç yaşında qrossmeyster olan M.Karlsen bu baxımdan şahmat tarixində üçüncüdür. 2013-cü ildən dünya çempionu titulunu özündə saxlayan M.Karlsen 2014-cü ilin mayında şahmat tarixində ən yüksək əmsalı (2882) toplayıb.
1998-ci il. ABŞ-ın iki nəhəng şirkəti - “Exxon” və “Mobil” arasında birləşmək haqqında müqavilə imzalanıb. Birləşdikdən sonra ümumi kapitalı 73,7 milyard dollara çatan “ExxonMobil” dünyanın ən böyük şirkətinə çevrilib.

Xəbərin orijinal ünvanı: http://publika.az/news/qirmizi/177893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR