Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistan Müdafiə Nazirliyi özü özünü ifşa edir

Ermənistan Müdafiə Nazirliyi özü özünü ifşa edir

Date: 30 November 2016 11:42

Ermənistanın "Joğovurd" ("Xalq") gündəlik qəzetinin verdiyi məlumata görə, noyabrın 29-da Ermənistan Müdafiə Nazirliyinin 20 yaşlı hərbi qulluqçusu Narek Asatryan təxris edilməsindən bir gün əvvəl baş nahiyəsindən yaralanması nəticəsində Nazirliyin Mərkəzi Hərbi Hospitalında ölüb.

Milli.Az xəbər verir ki, ArmLur.am xəbər agentliyinin Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyana ünvanladığı suala cavab olaraq ölən hərbi qulluqçunun aprel döyüşlərində yaralandığı bildirilib. Ancaq ölən hərbi qulluqçunun atası Vladimir Asatryan övladının cari il iyulun 17-nə keçən gecə mina partlayışı nəticəsində yaralandığını deyib: "Həmin gün düşmən tərəfi (Azərbaycan Silahlı Qüvvələri nəzərdə tutulur - red.) diversiya həyata keçirib. Oğlum səngərdə olub, orada da mina partlayıb və o, yaralanıb. Oğlum Madagizdə xidmət edirdi, aprel döyüşlərində iştirak edib".

Ölən hərbi qulluqçunun atası V.Asatryanın mətbuata verdiyi açıqlamalardan sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi təmsil etdiyi qurumun rəsmi mövqeyində dəyişiklik edib. O, öz facebook səhifəsindəki açıqlamasında "ölən hərbi qulluqçu aprel döyüşlərində yaralanıb", daha sonra "ancaq o, apreldən sonra yaralanıb" ifadəsini açıqlamalarına əlavə edib. "Nə üçün hərbi qulluqçunun yaralanması haqqında rəsmi məlumat verilməyib?" sualına isə mətbuat katibi belə izah verib: "Mən dəfələrlə demişəm ki, biz bütün yaralılar barədə məlumat verməyə məcbur deyilik". Belə məlum olur ki, A.Ovannisyan həqiqətə uyğun olmayan və yalan məlumat yayıb. 

Xatırladaq ki, "Joğovurd" qəzeti noyabrın 15-də mətbuat konfransı zamanı Ermənistanın müdafiə naziri Vigen Sarqsyana 2-si ağır olmaqla, 6 hərbi qulluqçunun yaralanmasının hansı şəraitdə və harada baş verdiyi barədə sual ünvanlayıb. Lakin müdafiə naziri belə bir hadisənin baş vermədiyini və istənilən halda bu barədə ona məruzə edilmədiyini qeyd edib. Əslində isə həmin gün 2 hərbi qulluqçu ağır bədən xəsarətləri ilə hospitala yerləşdirilib. İrəvandakı hərbi hospitalda Qarabağdan olan Qevorq Seyranoviç Dadasyan və Ermənistanın Kəvər şəhər sakini Roman Araoviç Sukiasyan müalicə olunurlar.

Ermənistanın Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Qevorq Altunyan isə bildirib ki, adları qeyd olunan hərbi qulluqçular müxtəlif vaxtlarda, ayrı-ayrı şəraitdə yaralanıblar. Məlumata görə, Qarabağdan olan Q.Dadasyan bir gözünü itirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin  Silahlı Qüvvələrdə baş verən hadisələr, ölüm halları və əsgərlərin yaralanması haqqında məlumatları güzlətməsi artıq adət halını alır. Həqiqətə uyğun olmayan və yalan məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi erməni xalqını aldadır və özü özünü ifşa edir.

Zabit Əsgərov

Milli.Az


Tags:  Ermənistan Müdafiə Nazirliyi özü özünü ifşa edir

RƏYLƏR


Top news