29 noyabr 2016-cı il tarixində İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib.
Milli.Az FHN-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq İsrail Dövlətinin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşüb, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirib, diplom və sertifikatlar təqdim edib.
Həmçinin, yanğınların söndürülməsində göstərdikləri şücaətə görə Azərbaycan FHN-in əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunublar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, noyabrın 25-dən etibarən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib.
Milli.Az